Dərs ilinin ömrünü uzatmaq fayda verməz
Son günlərin əsas müzakirə mövzularından biri də dərs ilinin iyunun 15-dək uzadılması məsələsidir. Bu mövzu sosial şəbəkələrdə çox dartışılır və belə bir qərara hamı narazılıq bildirir. Müəllim də, şagird də, valideyn də dərs ilinin ömrünün uzadılmasına qarşıdır. Hətta təkliflər var ki, minlərlə müəllim və şagird petisiya imzalayıb, Təhsil Nazirliyinə etiraz məktubu göndərsin.
Açığı, dərs ilinin uzadılmasına bu qədər etiraz insanda məyusluq yaradır. Düşünürsən ki, 15 gün artıq öyrənmək, 15 gün artıq öyrətmək niyə müəlimi və şagirdi narahat etməlidir. Amma məsələyə Azərbaycan reallığından yanaşanda təslim olursan. Uzun illərdi təhsil sahəsi sürətlə geriyə gedir, rəsmi rəqəmlər kütləvi savadsızlığın hökm sürdüyünü təsdiqləyir, şagirdlər repetitorlardan asılı vəziyyətdədir, müəllimlər ən cüzi maaşla yaşamağa məhkumdular və təbii ki, təhsil sahəsi də korrupsiya bataqlığına çevrilib. Bəh-bəhlə təbliğat aparsalar da yeni nazirin gəlişi də eybəcər mənzərəni dəyişə bilmədi. Eşitdiyimiz budur ki, 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən uzaqlaşıb, sonuncu imtahanda abituriyentlərin 86 faizi “2″ qiymət alıb, xaricdə təhsil proqramı ləğv edilib və s.
Bəli, təhsilimiz yoluxucu xəstəliyə tutulduğu üçün nə müəllim, nə də şagird daha 15 gün bu xəstənin yanında qalmaq istəmir. Nə şagirddə öyrənmək həvəsi, nə müəlimdə öyrətmək üçün stimul var. Indi müəlimlər və şagirdlər üçün 25 mayda “son zəng”in vurulması, bulvarda gəzib-dolaşmaq daha arzuediləndi. Dərs ilinin 15 gün uzadılmasını istirahətlərinin pozulması, əziyyətlərinin artması kimi qiymətləndirirlər. Adamlar məktəbdən o qədər soyuyublar ki, qızmar iyun ayı da bu soyuqluğu isidə bilməz.
Ümumiyyətlə, təhsilin ömrünü 150 il qısaltdıqdan sonra, dərs ilinin ömrünü 15 gün uzatmaq fayda verə bilməz. Indi zəruri olan müəllimin maaşını uzadıb, korrupsiyanı qısaltmaqdı. Indi zəruri olan şagirddən “süpürgə pulu” almaq yox, stimul yaratmaq üçün şagirdə “əlaçı pulu” verməkdi. Dərs ilinin ömrünü uzatmaq yox, real vəziyyətdən dərs çıxartmaq lazımdır.
İlham