Elçibəy hakimiyyətilə Əliyevlər rejiminin fərqi

«Elçibəy hakimiyyəti xalqa ona xidmət edəcək obyekt kimi baxmırdı, əksinə, özünü xalqa xidmət edəcək səviyyədə görürdü»

Gənclər 1992-93-cü illərdə baş verənləri müzakirəyə çıxardılar

AXCP Gənclər Komitəsinin dünən VHP-nin qərərgahında keçirdiyi tədbir 1992-93-cü illərdə Elçibəy hakimiyyətinin gördüyü işlərə həsr olunmuşdu. AXCP Ali Məclisinin sədri Həsən Kərimov və partiyanın Rəyasət Heyətinin üzvü Rövşən Quliyev də tədbirə qatılaraq, iştirakçı gənclərin suallarını cavablandırıblar.
Tədbirdə ilk çıxışçısı olan AXCP Gənclər Komitəsinin koordinatoru Bəyim Həsənli əvvəlcə məhz bu mövzunu müzakirəyə çıxarmalarının səbəbini açıqladı: “Məqsədimiz odur ki, hakimiyyətin və ona yaxın olan bir sıra qüvvələrin həmin illərdəki hakimiyyəti yersiz ittihamlarla top atəşinə tutmasının qarşılığını verək. Düşündük ki, 1992-93-cü illər çox da uzaqda deyil və həmin dövrdə məsul vəzifələrdə yer tutmuş insanlarla bu mövzunu müzakirə edə bilərik”.

Elçibəyin prezident olmaq fikri yox idi…

Bundan sonra mövzu ətrafında həmin dövrdə Səbail rayonunun icra başçısı olmuş Həsən Kərimov çıxış edərək bildirdi ki, o zaman AXC hərəkat olaraq, Dağlıq Qarabağın müdafiəsini öz üzərinə götürmüşdü. Onun sözlərinə görə, 1991-ci ilin 18 oktyabrında Müstəqillik Aktı qəbul olunsa da, həmin dövrdə Azərbaycanın Milli Ordusu yox idi: “1992-ci ildə belə bir vəziyyətdə AXC hakimiyyətə gəlməyə məhkum idi. Indi tez-tez deyirlər ki, o vaxt AXC hakimiyyətə gəlmək uğrunda mübarizə aparırdı. Əbülfəz bəyin də həmin dövrdə çoxsaylı müsahibələri var, mən də o zaman AXC Ali Məclisinin üzvü olaraq bilirdim ki, Əbülfəz bəyin prezident olmaq fikri yox idi”.
Həsən Kərimovun sözlərinə görə, Elçibəy həmin dövrdə həm iqtidarın, həm də müxalifətin qəbul etdiyi bir adamın prezident olmasını istəyirdi. Hətta bu məqsədlə, cəmiyyətin qəbul etdiyi bitərəf ziyalıların namizədliyinin irəli sürülməsi üçün işlər görülüb, amma heç kim yaxın durmayıb. Ona görə də AXC Ali Məclisi məcbur qalaraq, Əbülfəz Elçibəyin prezidentliyə namizədliyini irəli sürmək qərarına gəlib.


Müstəqillik tariximizdə ilk və yeganə azad, ədalətli seçki

1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərinin Azərbaycanın müstəqilliyi dövründə baş tutmuş ilk və yeganə azad, ədalətli, demokratik seçki olduğunu vurğulayan Həsən Kərimov qeyd edib ki, o zaman Azərbaycanda akkreditə olunmuş əcnəbi jurnalistlər, beynəlxalq təşkilatlar da daxil olmaqla bütün yerli və beynəlxalq ictimaiyyət Elçibəyi demokratik yolla hakimiyyətə gəlmiş prezidentlər sırasında ən öndə olanlardan biri kimi qəbul edirdilər. Bütün dünya onu Azərbaycan xalqını və bütün Türk dünyasını sevən biri kimi tanıyırdı.

“Vətəndaşlar əziyyət çəkməsin deyə, özümüz onların ayağına gedirdik”

Həsən Kərimov çıxışında həmin dövrdə görülən işlərə də toxunub:
“Biz Azərbaycan xalqının hakimiyyətə inamını geri qaytarmağa çalışırdıq. Ona görə də deviz seçmişdik ki, xalq dövlətə yox, dövlət xalqa xidmət etməlidir. Idarəçiliyin yeni bir nümunəsini yaratmağa çalışırdıq. Rövşən Quliyevlə aparatda bir yerdə işləyirdik. Vətəndaşların əziyyət çəkib icra hakimiyyətlərinə gəlməməsi üçün biz vətəndaşların ayağına gedirdik. Mənzil istismar sahələrində hər həftə qəbullar təşkil edirdik.
Hakimiyyət iki cəbhədə mübarizə aparırdı – həm Qarabağda səfərbərliyi həll etmək, döyüşçülərin maddi rifahını yaxşılaşdırmaq, həm də onların arxada qalan ailə üzvlərini diqqət mərkəzində saxlamağa çalışırdı. Məhz Səbail rayonu ərazisində bu məsələ xüsusi diqqətdə idi”.

O zaman adamlar vəzifəyə bacarığına, qabiliyyətinə görə təyin olunurdu…

AXCP Rəyasət Heyətinin üzvü Rövşən Quliyev də çıxışında o dövrə ekskurs edib. Bildirib ki, o ərəfələrdə keçmiş sovetlər birliyi artıq özü-özünü dağıdan bir sistem halına gəlmişdi. Ona görə də bütün ölkələrdə bu dəyişiklik dalğasında durğunluqdan çıxmaq üçün hərəkatlar yarandı. Azərbaycanda da Xalq Cəbhəsi meydana gəldi və bütün vicdanlı, məsuliyyətli insanlar hərəkata qoşuldular.
Rövşən Quliyev onu da qeyd edib ki, Azərbaycanda ilk dəfə idi ki, insanlar vəzifələrə bacarığına, qabiliyyətinə, xalqa xidmətinə görə təyin olunurdu: “Baxın, görün indi hansı üsullarla adamları vəzifələrə təyin edirlər? Məhz 1992-93-cü illərdə Azərbaycan xalqı ilk dəfə demokratiyanı daddı…
Bizdən əvvəlki hakimiyyət o zaman kömək üçün bizə müraciət etmişdi. Ordu yaratmaqda çətinlik çəkirdilər. O vaxt Iqtisad Universitetində dayaq dəstəmiz var idi. Hakmiyyət bizə müraciət edəndə dayaq dəstəsindən 500 nəfərdən 450 nəfəri könüllü olaraq orduya yazıldı”.

“Biz sahibkara potunsial yağmalama obyekti kimi baxmırdıq”

Rövşən Quliyev həmin dövrün iqtisadi tərəflərindən də danışıb: “Bizim sahibkarlara münasibətimiz indiki hakimiyyətin münasibətindən kifayət qədər fərqli idi. Biz sahibkarlara potensial yağmalama obyekti kimi yox, vətəndaşımıza iş, ölkə iqtisadiyyatına xeyir, dövlətə gəlir verən bir mənbə kimi baxırdıq. Sahibkar öz məhsulunu sata bilməyəndə onlara hər cür kömək göstərilirdi”.
Rövşən Quliyev Elçibəy hakimiyyətilə Əliyevlər hakimiyyəti arasındakı başqa fərqlərdən də danışdı: “Biz xalqa bizə xidmət edəcək obyekt kimi baxmırdıq, əksinə, özümüzü xalqa xidmət edəcək insanlar səviyyəsində görürdük. Bu gün də bu missiya Cəbhənin üzərində qalır”.
Tədbir qeyd etdiyimiz kimi, 1992-93-cü illərdə hakimiyyət təmsilçisi olmuş insanlarla gənclər arasında sual-cavab formasında davam edib. Diskussiya zaman bir çox suallar səsləndirildi və Həsən Kərimov, Rövşən Quliyev onları cavablandırıb.

O zaman müəllim icra başçısından çox maaş alırdı

Məsələn, tədbir iştirakçılarından birinin sualı belə olub: “Deyirlər ki, 1992-93-cü illərdə demokratiyanı camaata lazım olduğundan çox verdiniz. Ona görə də hakimiyyətiniz çox sürmədi. Həqiqətən belə idi?”
Sualı Həsən Kərimov cavablandırıb: “Düzdür, biz demokratiyanı xalqa artıq dozada verdik. Sanki birdən-birə ciyərə artıq dozada oksigen verirsən. Müharibə, mitinqlər və s. belə hallarda xalqa o qədər demokratiya vermək olmazdı. Hətta demokratiyanı biz o qədər çox vermişdik ki, Heydər Əliyevin 8 qəzeti çıxırdı. Hansı partiya sədri istəyirdisə, Azərbaycan televiziyasına çıxıb başlayırdı bizi tənqid etməyə, hətta söyməyə. Xalqı Belə-belə bizə qarşı doldurdular”.
Başqa bir sual isə bundan ibarət olub: “Icra başçısı olduğunuz müddətdə nə qədər maaş alırdınız?”
Həsən Kərimov: “Indiki pulla təxminən 450 manat. Bu da ehtiyaclarımızı ödəyirdi. Amma bir şey var ki, müəllimlərin maaşı bizim maaşımızdan çox idi”.