Putinə sui-qəsd olacaqmış

Rusiyanın baş naziri və prezidentliyə namizəd Vladimir Putinə sui-qəsd planının üstü açılıb. Rusiya KİV-in yaydığı məlumatlara görə, planının izinə Ukrayna xüsusi xidmət orqanları düşüb.
Onlar yanvarın əvvəllərində Odessada yaşayış evlərindən birində partlayış baş verdikdən sonra sui-qəsdi hazırlayanların izinə düşüb. Həmin evdə partlayıcı qurğu hissələri, Vladimir Putinin avtomobil karvanının hərəkətini və cangüdənlərini əks etdirən videoyazılar aşkar edilib.
Bundan dərhal sonra Ukrayna xüsusi xidmət orqanları rusiyalı həmkarlarını bu barədə məlumatlandırıb.
Sui-qəsdi hazırlayan dəstə Odessa şəhərində saxlanılıb. Onlar beynəlxalq axtarışda olub. Əldə edilmiş sübutlara və saxlanılanların ifadələrinə görə, Moskvada partlayışlara bir neçə həftə qalıbmış. Terror aktlarının Rusiyadakı prezident seçkilərindən dərhal sonra həyata keçirilməsi planlaşdırılırmış.
Saxlanılan şəxslər Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə vasitəsilə Ukraynaya gəldiklərini və Şimali Qafqaz döyüşçülərinin lideri Doku Umarovun göstərişlərinə əsasən hərəkət etdiklərini etiraf ediblər. Hazırda Ukrayna və Rusiya xüsusi xidmət orqanları araşdırmalara davam edir.