Yalançıyla 43 dəfə görüşməyin mənası nədir?

aliyev-sarkisyanÖlkə başçısı etiraf edir ki…

Ölkə başçısı Ilham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib ki, Ermənistan prezidenti bir cümlədə 4 yalan danışır. “Ermənistan rəhbərliyi çalışır ki, dünyanı aldatsın. Ilk olaraq öz xalqını, daha sonra dünya ictimaiyyətini aldatsın. Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya Ittifaqının zirvə görüşündə ifadə etdi. Onun sözləri təxminən belə idi ki, Azərbaycan apreldə bu əməlləri edib, ”Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu cümlədə o, dörd dəfə yalan danışıb”.

Həqiqətən də Ermənistan hakimiyyəti həmişə öz yalanlarını həqiqət kimi sırımağa, reallıqları gizlətməyə çalışıb və həyasızcasına torpaqlarımıza iddia ediblər. Bir halda ki, Ermənistan rəhbərliyinin yalançı olduğunu Ilham Əliyev də bilir, niyə bu adamalarla uzun illərdi danışıqlar aparır? Sarkisyan bir cümlədə 4 yalan danışırsa, bu adamla 43 dəfə görüşməyin mənası nədir? Belə çıxır ki, Ilham Əliyev aldadıldığını bilir, danışıqların mənasız olduğuna əmindir. Deməli, hökumət bilərəkdən uzun illərdi xalqı aldadır.  Yəni, “sülh danışıqlarının potensialı tükənməyib”, “danışıqlar məntiqi sonluğuna çatır”, “danışıqlarda üstünlük bizim tərəfimizdədir” təbliğatı apararaq xalqa yalan danışıblar.

Bəli, Azərbyacan hakimiyyəti bir cümlədə 4 yalan danışan adamlarla ölkənin ən taleyüklü məsələsini müzakirə edirlər. Ilham Əliyev bu fikirlərlə təsdiqləyir ki, hakimiyyət Qarabağ məsələsinə heç vaxt ciddi yanaşmayıb. Əks halda Sarkisyan kimi qeyri-ciddi adamla saysız-hesabsız görüşlər, müzakirələr baş tutmazdı.

Yeri gəlmişkən, iki ölkə prezidentlərinin növbəti görüşü bu ay baş tutacaq. Yəni, Ilham Əliyev hər cümləsi yalan olan adamla Qarabağ məsələsini növbəti dəfə müzakirə edəcək.  Daah dəqiq desək ölkə başçısı Sarkisyanın yeni yalanlarını eşitmək üçün növbəti görüşə gedəcək.

Biz də uzun illərdi yazırıq ki, sülh danşıqları ilə bağlı optimist fikirlər həqiqəti əks etdirmir, Qarabağ yalanların qurbanına çevrilib və danışıqlarla torpağı işğaldan azad etmək mümkün deyil.

Ölkə başçısına bir daha sual edirik: Hər cümləsi yalan olan adamla daha neçə il danışıq aparmaq istəyirsən?

Akif