
Fevralın 26-da Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar dövlət səviyyəsində yürüş təşkil olunub. Rəsmi məlumatlara görə, aksiyaya 60 min nəfər insan qatılıb.
Yürüşdə ölkə başçısı İlham Əliyev başda olmaqla yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, sağ qalmış Xocalı sakinləri iştirak ediblər. Yürüş iştirakçıları fəxri qarovulun düzüldüyü “Ana Harayı” abidəsi önündə baş əyərək əklil qoyublar.
“Azadlıq” meydanından başlanan yürüşün keçdiyi prospekt və küçələrdə 20 il əvvəl baş vermiş hadisələrin əks etdirən fotoşəkillər, qurbanların adları yazılmış transparantlar tutan gənclər düzülüb. Transparant və plakatlarda həm də faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, hadisəyə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar yazılıb.



