Vəli Ələsgərov kimi gizli dinləyib?

veli-elesgerov1Keçmiş nazirə qarşı qanunsuz dinləmə ittihamı irəli sürülüb; Prokuror Naxçıvan MTN-in rəhbərini şəxsən döyübmüş

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barədə başlanmış cinayət işinin istintaqı sona çatıb. Bu barədə “Azadlıq”a keçmiş nazirin vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, Vəli Ələsgərovla görüşə icazə verilmir: “Vəli Ələsgərov hazırda müdafiəsiz vəziyyətdədir.

Mənə və digər vəkil Tofiq Allahverdiyevə Vəli Əsgərovla görüşməyə imkan vermirlər. Ona görə də müdafiə taktikasını qura bilmirik. Sonuncu dəfə Vəli Ələsgərovla mayın 24-də görüşmüşəm. Lakin onunla təklikdə görüşümüzə imkan verilmədi. Mən Vəli Əsgərova təqdim olunanda ona yeni məzmunda ittihamlar verildi. Ilk əvvəl Vəli Əsgərova qarşı Cinayət Məcəlləsinin  179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Həmin gün isə yeni maddələr də əlavə olundu. 308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova telefon danışıqlarını qanunsuz dinləmə – 302.2 maddəsi ilə də ittiham elan olundu”.

Vüqar Xasayev deyib ki, qanunsuz dinləmə ittihamı Naxçıvanın Ali Məclis sədri Vasif Talıbov və ailəsi ilə bağlı deyil.

Vəkilin sözlərinə görə, bu ittiham məmur olmayan bir şəxslə bağlıdır. “Istintaq sirri olduğundan adını açıqlaya bilmərəm”, – deyə vəkil bildirib.

Vüqar Xasayev bildirib ki, yeni ittiham elan olunduqdan sonra Vəli Ələsgərova hüquq və vəzifələri yenidən izah olunmalı, istintaq qrupuna etirazının olub-olmaması xəbər alınmalıdır: “Bu, qanunun tələbidir. Vəli Ələsgərov ondan bu haqda soruşulanda bildirdi ki, 2016-cı il aprelin 7-də, həbs olunan günün səhəri onu Naxçıvan Prokurorluğuna gətiriblər. Orada müstəntiq Elşad Ibrahimovun kabinetində Naxçıvan prokuroru Səbuhi Şahverdiyev onu şəxsən döyüb, təhqir edib. Buna görə də Vəli Ələsgərov Naxçıvan prokuroru və onun tabeçiliyindəki istintaq qrupunun bütün üzvlərinə etiraz etdi. Bu məsələ protokola salındı və qeyd olundu ki, Vəli Ələsgərov onu şəxsən döyüb təhqir edən şəxsin rəhbərliyi altında obyektiv istintaq aparılmasına inanmır, şübhə ilə yanaşır. Bundan sonra Vəli Ələsgərov etiraz təmin olunana qədər Naxçıvan Prokurorluğunun müstəntiqlərinə ifadə verməkdən imtina etdi. Protokolu biz vəkillər də imzaladıq”.

Vəkilin sözlərinə görə, keçmiş nazirin etirazı təmin edilməyib: “Həmin gün günortadan sonra saat 3-də bizə Naxçıvan Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəis heyəti tərəfindən görüşə imkan verilmədi. Saat yarım bizi gözlətdilər, dedilər ki, müstəntiqlər müəssisəyə gəlirlər. Gözlədik, gəldilər və məlum oldu ki, bizim etirazımızı faksla Baş Prokurorluğa göndəriblər. Dedilər ki, etiraza baş prokurorun müavini Rüstəm Usubov baxıb və təmin etməyib. Əgər cinayət işinin materialları Naxçıvan Prokurorluğundadırsa, Rüstəm Usubov Bakıda oturub həmin materiallara necə baxa bilərdi? Biz dedik ki, Vəli Ələsgərov ifadə vermək istəyir. Istintaq qrupunun rəhbəri Elşad Ibrahimov dedi ki, Vəli Ələsgərovdan ifadə almayacaqlar və istintaqı tamamlayırlar. Buna etiraz etsək də, istintaqın tamamlanmasını elan etdilər. Axşam saat 5-də bizə 3 cild cinayət işinin materiallarını verdilər. Tələb etdik ki, həmin cildlərdəki vərəqlərin surətini bizə versinlər. Dedilər ki, səhər həmin vərəqlərin surətini bizə verəcəklər. Protokol tərtib etdik ki, həmin vərəqlərin surətini bizə veriləndən 48 saat sonra iş üzrə vəsatətlərimizi təqdim edəcəyik”.

Cinayət işinin materiallarındakı sənədlərin surətləri də vəkillərə təqdim olunmayıb. Vüqar Xasayevin sözlərinə görə, Elşad Ibrahimov ona SMS yazıb ki, guya sənədlərin surəti təqdim olunub: “Mən isə ona yazdım ki, əgər 600-dən çox səhifədən ibarət sənədlərin surətini bizə versəydiz, bu haqda protokol tərtib etməliydiz. Bizə müdafiə hüququnu gerçəkləşdirmək üçün sənədlərin surətini verin. Cavab yazmadı. Mayın 31-də dedilər ki, Naxçıvan Prokurorluğuna gəlib ittiham aktının surətini ala bilərik. Ora gedib Vəli Ələsgərovla görüşmək istədik. Bizi gecəyarısına qədər gözlətdilər, sonda da görüş vermədilər”.