Aristotel nədə səhv edib?

Aristotelin xüsusi təlimi var. Adı da katarsisdir. Primitiv şəkildə desək, məna yükü budur ki, faciə insanları mənən və ruhən təmizləyir. Mən indi burada o boyda Aristotel ilə mübahisə etmək niyyətində deyiləm. Amma mən hər il və demək olar ki, hər ay bizim başımıza gətirilən facilər haqda eşidirəm. Bunun mənasız olduğunu düşünmürəm. Amma ürəyimdə bir narahatlıq var.
1.Aristotelə inansaq, bu faciələr bizi mənən və ruhən təmizləməli, bir milllət kimi birləşdirməli idi. Lakin mən Milli Məclisdən reportaja baxanda özümün və Aristotelin nə qədər sadəlövh olduğumuzu başa düşdüm. Mən ona görə sadəlövh göründüm ki, Aristotelin yazdıqlarına inandım, Aristotel isə məhz ona görə sadəlövh göründü ki, belə əcaib-qəraib, həqiqətdən və reallıqdan uzaq bir təlim yaradıb. Qərəz, Milli Məclisdə çıxışlar yenə “xalq düşmənləri” aşkar etməyə və onları zərərsizləşdirməyə yönəlmişdi. Bəli, görünür, qədim yunan filosofu bir qədər səhv edib, necə deyərlər, metafizikaya çox varıb və reallıqdan uzaqlaşıb.
2.Çox adam ürəyində olsa da milli barışığa ümid edir. Bəs reallıq nə göstərir və nə deyir? Bu hakimiyyət qaldıqca biz milli barışıqdan, milli təsanüdddən və vətəndaş sülhündən uzaq düşürük. Bunlar buna heç cəhd göstərmək də istəmirlər. Bunlar ölkəni tamam müxalifətsiz görmək arzularından azacıq da olsa belə uzaqlaşmayıblar. Nə demək olar? Arzuları ürəklərində qalacaq! Bu ölkə dünyada bir yalqız ada olmayacaq və gec-tez azadlıq küləyi bu ölkənin sahillərini döyəcləyəcək. Mənim buna zərrə qədər şübhəm yoxdur. Aristotel cənablarına gəldikdə isə o, bir az romantik idi, səhvləri də çox olub. Bunlara başqa bir nəzəriyyəni tətbiq etmək lazımdır. Məsələn, “zaman keçdikcə sinfi ziddiyyətlərin kəskinləşməsi” nəzəriyyəsini! Onun müəllifi I.Stalin olub və o adam öz nəzəriyyəsinin məntiqi və praktiki davamı tək kütləvi repressiyalar aparıb. Indi bizim “bolşeviklər” də belə hesab edirlər ki, zaman keçdikcə və onlar daha çox sərvəti və mülkiyyəti mənimsədikcə, onlarla cəmiyyət, eləcə də müxalifət arasında ziddiyyətlər kəskinləşəcək, ona görə rejim sərtləşməli və “vint”lər daim bərkidilməlidir. Bəli, məntiq budur və elə praktika da bunu göstərir – bunların barışıq fikri və vətəndaş sülhünə meyli yoxdur. Bunu elə iqtisadi marginallıq kimi də yozmaq olar, siyasi marginallıq kimi də. Düzdür, bəzən marginallıq yaxşı mənada işlənir, amma mən onun ənənəvi mənasını nəzərdə tuturam – bunlarla cəmiyyət arasında iqtisadi və sosial fərqllər çox artıb, hətta uçurum yaranıb. Bu uçrumun üstündən körpü salmaq cəhdi isə ildən-ilə mənasız görünür.
Bu hissənin sonunda bir detalı da qeyd edim. Bərabərlik anlayışı tək sosial-demokratların uydurması deyil, insanlar bərabərsizliyi qıcıqla qarşılayır və onu sevmirlər. Bəli, bir daha deyirəm ki, insanlar bərabərsizliyi sevmir. Qoy, bu da bir politoloji proqnoz və ya xəbərdarlıq olsun. Hərçənd, mən qətiyyən ümid bəsləmirəm ki, bunlar nə vaxtsa dayanacaq, sərvət toplamağa son deyəcəklər. Yox, bu, olmayacaq, çünki bunlar dialoq və anlaşma axtarmırlar və bu haqda heç düşünmürlər də!
Iran hücumdadır…
Iran bu ölkəyə qarşı öz siyasətini sərtləşdirməkdə davam edir. Bunlar cəhd edirlər ki, bundan yayınsınlar. Amma alınacaqmı? Iranı başa düşmək elə də çətin bir iş deyil, onun itirməyə heç nəyi qalmayıb, ona görə də molla rejimi eyni vaxtda bütün istiqamətlərdə hücuma keçib. Bunlar özləri üçün etibarlı təhlükəsizlik çətiri axtarmaq fikrinə düşəcəklər. Bu bölgədə Iranla Rusiyanı həmişə bir rəqabət ayırıb, onlar həmişə biri-birinin təsirini azaltmağa cəhd ediblər. Amma Irandan qaçıb Rusiyaya sığınmaq da o qədər də təhlükəsiz iş deyil. Deməli, bir yol qalır – Qərbə doğru addımlamaq. Bunun üçünsə şəxsi iddialarının bir hissəsindən imtina etməlidirlər. Amma bunu da bacarmırlar.
Elə bir cəmiyyət kimi bizim də günahımız az deyil. Günahımız zəifliyimizdir, çünki dünyada, demək olar, yaxşı siyasətçi çox azdır, amma yaxşı olmağa məcbur olan siyasətçi nə qədər desən var! Siyasətçiləri yaxşı olmağa vadar və məcbur etməyi bacarmaq lazımdır…