Vəfa Quluzadə: «Indiki halda onun Suriyaya rəhbərlik etməsi mümkün olan məsələ deyil»
«Rusiya şifahi köməkdən başqa Əsəd üçün heç nə edə bilməyəcək»
Suriyada hökm sürən böhran getdikcə dərinləşir. Artıq beynəlxalq ictimaiyyətin də Bəşər Əsəd rejiminə qarşı sanksiyaları sərtləşir. Məlum olduğu kimi, fevralın 24-də Tunisdə “Suriyanın dostları” qrupunun ilk toplantısı keçirilib. Konfransda Suriyaya humanitar yardımların çatdırılması üçün ərəb ölkələrindən ibarət sülhməramlı qüvvələrin göndərilməsini təklif edilib.
Həmçinin Suriyadakı vəziyyətin dəhşətli hal aldığı vurğulanaraq, humanitar yardımların xalqa çatdırılması üçün Suriya rejiminə və beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Sənəddə Bəşər Əsədə bağlı qüvvələrin dinc vətəndaşların yaşadığı bölgələrdə qarşıdurmaları dayandırması üçün 48 saat vaxt qoyulub və bundan sonra həmin bölgələrə humanitar yardımlar göndərilməsi nəzərdə tutulub. Bundan başqa, müxaliflərin yaratdığı Suriya Milli Şurasının “Suriya xalqının legitim təmsilçisi” olaraq tanınmasına da qərar verilib. Konfransda iştirak edən ABŞ dövlət katibi Hillari Klinton Suriya ordusunun əsgərlərini itaətsizliyə çağırıb və Əsədin etdiklərinin əvəzini çox ağır ödəyəcəyini deyib. ABŞ prezidenti Barak Obama isə Suriyada əhaliyə edilən zülmün onları dəhşətə gətirdiyini və Əsədin hakimiyyətdən getməsinin mütləq olduğunu bildirib.
Bütün bunlar Bəşər Əsəd rejiminin artıq dalana dirəndiyini göstərir. Belə bir şəraitdə Suriyanı nə gözləyir və Əsədə dəstək verən Iranla Rusiya proseslərə müdaxilə edə biləcəkmi?
Politoloq Vəfa Quluzadə Bəşər Əsədə ünvanlanan ultimatumun vaxtı başa çatandan sonra daha sərt tədbirlərin həyata keçiriləcəyini deyir. Müxalifətin silahlandırılmasına qədər tədbirlər görülə bilər.
Ekspertin fikrincə, məsələnin həllinə Bəşər Əsədin inadkarlığı maneələr yaradır: “Əgər Əsəd ağıllı adam olsaydı, çoxdan çıxıb gedərdi. Bütün dünya onu tanımayacaq, heç kim onunla işləməyəcək. Bu halda onun Suriyaya rəhbərlik etməsi mümkün olan məsələ deyil. Ancaq 48 saatın içində onun getməsinə də ümid etmirəm”.
Ekspert Rusiyanın proseslərə mane ola bilməyəcəyini də qeyd etdi. Çünki buna heç bir imkanı yoxdur. Buna qədər Suriyaya silah göndərən Rusiya artıq şifahi köməkdən başqa heç nə edə bilməyəcək. Rusiya seçkilərə görə Yaxın Şərqdə mövqelərini qurban verdi.
Fizzə