Elxan Şahinoğlu: «Türkiyə ilə münasibətlərdə ortada olan suallar bu dəstəyin kifayət qədər olacağına şübhə yeri qoyur»
Azərbaycan-Iran münasibətlərində gərginlik artmaqdadır. Suriya ətrafında vəziyyətin kəskinləşməsi, həmçinin Iran-Israil münasibətləri fonunda Iranla Azərbaycan arasında gərginliyin daha da şiddətlənəcəyini proqnozlaşdırmağa əsas verir. Iranın Azərbaycana ünvanladığı ittihamlar arasında ölkəmizin Israillə münasibətlərinin yaxşı olmasına da eyham vurulur. Hətta bir çox məsələlərdə Azərbaycanın Israilin yanında olduğu açıq şəkildə bildirilir. Amma məsələnin başqa diqqət çəkən tərəfi də var.
Bu münasibətlərin gərginləşəcəyi və daha təhlükəli müstəviyə keçəcəyi təqdirdə Azərbaycan böyük dövlətlə üz-üzə qala bilər. Bu halda ölkəmizin arxalana biləcəyi yeganə dövlət Türkiyədir. Lakin Türkiyənin də Israillə münasibətləri arzuolunan səviyyədə deyil. Bu halda Iranla Israillə dostluqda ittiham edilən Azərbaycan arasında vəziyyət gərginləşsə, ölkəmiz kimə güvənməlidir? Bu məsələdə Türkiyədən lazımi dəstəyi almaq mümkün olacaqmı?
Balanslaşdırılmış xarici siyasətin Azərbaycanın təhlükəsizliyinə yaxşı heç nə vəd etmədiyin deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hamı ilə eyni məsafəni saxlamağın çox çətin olduğunu qeyd etdi. Məhz belə siyasətin nəticəsində bu gün gərginləşən Iran-Azərbaycan münasibətlərində real dəstək almaq mümkün olmur. Ancaq strateji müttəfiqlik yüksək səviyyədə olsa, bu dəstəyi olmaq olar.
Ekspertin fikrincə, indiki şəraitdə də Ankaradan bu istiqamətdə dəstək almaq mümkündür. Əslində yüksək səviyyəli əməkdaşlıq şurası elə məhz bu məsələlərin müzakirəsi üçündür. Amma çox təəssüf ki, hətta Fransa məsələsində bu şura bir araya gəlib Azərbaycan-Türkiyə ortaq siyasətinin nə olacağını masa üzərinə gətirə bilməyib. Çünki rəsmi Bakıda belə istək olmayıb.
Ekspertin sözlərinə görə, Iran məsələsində də Azərbaycan hakimiyyəti bu gərginlikdən təkbaşına çıxa biləcəyini düşünür. Amma Iranın ölkəmizə qarşı yürütdüyü siyasət davam edir və rəsmi Bakı bu istiqamətdə özünə dəstək axtarmalıdır. Bu dəstəyi yalnız Türkiyədən almaq olar. Ancaq Türkiyə ilə münasibətlərdə ortadakı suallar bu dəstəyin yetərli olacağına şübhə yeri qoyur.
Fizzə


