Hacıbala Abutalıbov milyonları necə xərcləyir?

Rövşən Ağayevin fikrincə, ayrılan vəsaitlərin səmərəli xərclənməməsi paytaxtı bərbad vəziyyətə qoyub

Büdcədən ayrılan vəsaitlərin xərclənməsi – daha doğrusu silinməsi elə templə və reallıqdan uzaq rəqəmlərlə aparılır ki, rəqəmlərə ötəri nəzər salma korrupsiya faktlarını dərhal üzə çıxarır. 2011-ci ildə Bakı Şəhər Icra Hakimiyyəti 221 milyon 117 min manatlıq tender keçirib. Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş bu məlumata görə, şəhər rəhbərliyi ötən il paytaxtda yeni fəvvarələrin inşasına 20 milyon 5 min 690 manat, tarixi əhəmiyyətli binaların və adi binaların dam örtüklərinin, fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılmasına 88 milyon 710 min 370 manat xərcləyib.
Bakı Şəhər Icra Hakimiyyətinin inzibati binasının təmiri ilə bağlı elan olunmuş tenderdə “Abad” ITTFŞ qalib seçilib və bu işlərə 1 milyon manat ayrılıb. Bakı və onun qəsəbə, kənd yolların əsaslı təmiri, yolların asfalt örtüyünün təmir və yenidənqurmasına ümumilikdə 101 milyon 312 min 343 manatlıq tender keçirilib. Mənzil fondunun əsaslı təmir və yenidənqurmasına 1 milyon 778 min 366 manat, Bakının küçə və prospektlərinin abadlaşdırılmasına 21 milyon 424 min 157 manat verilib. Bakıdakı gül və gül məhsullarına 20 min, əkin materiallarına 4 milyon 245 min 254 manat, ağac-bəzək bitkilərinə 142 min 550 manat sərf olunub. 340 min manata isə gübrə alınıb (“Azadlıq” radiosu).
Bəs vəsaitin təyinatı üzrə xərcləndiyini söyləmək olarmı?
Iqtisadçı Rövşən Ağayev bildirdi ki, 2012-ci ildə hökumət yenidən şəhərin abadlaşdırılmasına 327 milyon manat ayırıb. Büdcədən şəhərin ifrastrukturunun bərpası üçün ayrılan vəsaitə gəlincə, R.Ağayev bildirdi ki, görünən dağa bələdçi lazım deyil. R.Ağayevin sözlərinə görə, son qardan sonra Bakının bütün yolları bərbad vəziyyətə düşüb: “Bu onu göstərir ki, çəkilən yollar olduqca keyfiyyətsizdir. Amma bu yolların çəkilişinə məsuliyyət daşıyan şəxslər deyir ki, qardan sonra yolların bu cür vəziyyətə düşməsi tam normaldır. O zaman onların məntiqindən belə çıxır ki, soyuq ölkələrdə ildə bir dəfə yollar yenidən çəkilir. Əsl səbəb budur ki, əgər ayrılan vəsait səmərəli xərclənsəydi yollar bu cür vəziyyətə düşməzdi”.
Digər tərəfdən, şəhərdə binaların fasadlarının təmirinə xərclənən vəsaitin də yanlış istiqamətə yönəldiyini deyən R.Ağayev bildirdi ki, bu təmir zamanı nə şəhərin baş planı, nə də zövq nəzərə alınır. Bakı şəhərində söküntünün və tikintinin uzun müddətdir baş plan üzrə aparılmadığını deyən R.Ağayev vurğuladı ki, bu istiqamətə ayrılan vəsaitlər əsas təyinatından yayındırılmasına və kimlərinsə cibinə axıdılmasına hesablanır: “Bir müddət əvvəl Bakıya gətirilən bahalı dekorativ kolların zaman keçdikdn sonra sıradan çıxması məlum oldu. Eyni zamanda o da araşdırılmalıdır ki, kifayət qədər böyük məbləğə Bakıya gətirilən dekorativ güllərin alınması, fontanların tikilməsi zəruridir. Və ya bu fontaların daha ucuz qiymətli alternativləri varmı. Bütün bunlar ciddi araşdırılmalıdır. Eyni zamanda ona da aydınlıq gətirilməlidir ki, nəyə görə hər il kifayət qədər böyük vəsait Bakı Şəhər Icra Hakimiyyətinin rəhbərinin sərəncamına verilir. Bu vəsaiti daha geniş və şəffaf tərkibə təqdim etmək, ondan istifadəyə nəzarət etmək mümkün deyilmi?”.
Hikmət