Tikinti materialları ucuzlaşıb

“Əmlak Bazarı Iştirakçıları” Ictimai Birliyi 2012-ci ilin yanvar ayında Bakının müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti monitorinqi aparıb.
Birlikdən APA-ya verilən məlumata görə, hər yeni ilin başlanğıcında bütün bazar seqmentləri üçün xarakterik olan durğunluq 2012-ci ilin yanvar ayında tikinti materialları bazarında da müşahidə edilib. “Istər alqı-satqı, istərsə də qiymət dinamikası baxımından ilin ilk ayı passivliklə qeydə alınıb. Ümumi dinamika üzrə 38 adda məhsuldan yalnız 10-unda qiymət dəyişməsi baş verib ki, bunun da 9-u azalma ilə müşahidə edilib”, – deyə məlumatda bildirilir.
Birliyin mütəxəssisləri hesab edir ki, əsasən idxal məhsulları üzrə baş verən qiymət azalmasını ötən aylara nisbətən ilin sonuna doğru alıcı kütləsinin nisbi zəifləməsi ilə, başqa sözlə desək, mövsümi amillərlə əlaqələndirmək olar. Alıcı passivliyi isə bazarda tikinti materiallarının bolluğuna səbəb olub ki, bu da qiymətin aşağı düşməsi ilə nəticələnib. Yanvar ayında qiymət artımı müşahidə edilən yeganə tikinti materialı Rusiya və Ukrayna bazarlarından idxal edilən sink təbəqədə (0,5%) baş verib.
Ümumilikdə, 2012-ci ilin yanvar ayında tikinti materiallarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% artıb.