Redaktorlardan “Yeni Azərbaycan”a tutarlı cavab

Rahim Hacıyev: «Görünür, «Press TV»də yayılmış məlumat hakimiyyətə çox ciddi zərbə vurub»

Azər Ayxan: «YAP-ın qəzeti zəif və qeyri-ciddi arqumentlər gətirib»

“Iranda olduğu kimi, Azərbaycanda da iki dövlət arasında əlaqələrin normal səviyyədə olmasından narahat olan və hər vəchlə buna zərbə vurmağa çalışan qüvvələr var. Onlar Irandakı təxribatçı dairələrin yaydığı uydurma xəbərləri dərhal ölkəmizdə ictimailəşdirir, bundan divident qazanmağa çalışırlar. Antimilli və xalqımızın maraqları ilə uzlaşmayan fəaliyyət göstərdiyi heç kəsdə şübhə doğurmayan bəzi müxalifət qəzetlərində, o cümlədən ”Yeni Müsavat” və “Azadlıq” qəzetlərində yer alan son xəbərlər də buna əyani misaldır”. Bu fikirlər “Yeni Azərbaycan” qəzetinin son sayında dərc olunan “Irandakı bəzi dairələrin ”narkotik” oyunu da iflasa məhkumdur” başlıqlı məqalədəndir.
Müəllif yazır ki, bu qəzetlər Irandakı bəzi dairələrin sifarişi ilə dezinformasiyaya yer veriblər: “Iranda fəaliyyət göstərən ”Press TV”yə istinadən guya ölkəmizdə narkotik maddə qaçaqmalçılığına dəstək verildiyi haqda heç bir inandırıcılığı olmayan və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa hesablanan məlumatlara yer veriblər”.


“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev hesab edir ki, “Azadlıq” qəzetində “Press TV”yə istinadən məlumatın dərc olunması tamamilə təbii haldır: “Biz sadəcə olaraq Iran KIV-ində getmiş məlumatı çap etmişik. Buna görə bizi ittiham etmək tamamilə əsassızdır. Qəzetin işi informasiya vermək, oxuculara məlumat çatdırmaqdır. YAP-ın mətbuat orqanının bu məsələ ilə bağlı ciddi narahatçılıq keçirməsinə gəlincə, bu bizdə bəzi suallar yaradır. Nəyə görə onlar belə canfəşanlıq edirlər? Nəyə görə işi informasiya yaymaq olan qəzetlərə qarşı belə kampaniya aparırlar? Görünür, ”Press TV”də yayılmış məlumat hakimiyyət dairələrini çox ciddi narahat edib. Orada yayılan məlumatları zərbə kimi qəbul ediblər. ABŞ Dövlət Departamentinin hesabatlarının birində göstərilmişdi ki,  
Azərbaycandan ildə 11 ton heroin daşınır. Azərbaycan hökuməti həmin hesabatdakı faktları çox əsaslı şəkildə təkzib etməli idi. Faktlarla sübut etməli idi ki, bunlar yalandır. Amma bunun əvəzinə qəzetləri ittiham edirlər. Onlar heç cür başa düşmürlər ki, qəzet materiallarını təkzib etməklə vəziyyəti düzəltmirlər. Azərbaycan haqqında dünyada mövcud olan mənfi mövqeyi bir az da gücləndirirlər”.  
R.Hacıyev “Yeni Azərbaycan”da “Azadlıq” qəzeti ilə bağlı dərc olunan başqa bir məqaləyə də toxunaraq YAP qəzetinin əsassız və absurd ittihamlar səsləndirdiyini bildirib: “Eyni şeylər onlarda da dərc olunub, bizdə də. Sadəcə olaraq istinad ”Azadlıq” qəzeti olub. Biz neyləyə bilərik ki, YAP-ın qəzetini heç kim, hətta ermənilər belə oxumur”.


“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan isə hesab edir ki, “Yeni Azərbaycan”ın yazdıqları qeyri-ciddilikdən başqa bir şey deyil: “Biz həmin məlumatı Azərbaycanın maraqlarına kifayət qədər uyğunlaşdırıb redaksiya şərhi ilə bir yerdə vermişdik. Görünür, hakimiyyətin bizə qarşı qərəzi o qədər böyükdür ki, yazıdakı o məqamları ya görməyib, ya da görməzlikdən gəlib. Ikincisi, hakimiyyətin özünün nəzarətində olan ayrı-ayrı KIV-lərdə Iranın əleyhinə kəskin ifadələrlə zəngin xeyli məqalə çap olunur. Ona görə də ”Azadlıq” və “Yeni Müsavat” qəzetlərini Iranla Azərbaycan arasında soyuqluq yaratmaqda ittiham etmək kifayət qədər qeyri-ciddi cəhdlərdir. Ya “Yeni Azərbaycan” qəzeti hakimiyyətin Iranla bağlı kursunu bilmir, ya da bu, kimlərinsə özfəaliyyətidir. Mən təəssüf edirəm ki, YAP-ın qəzetində bu cür zəif və qeyri-ciddi arqumentlərə söykənən yazı çap olunub. Biz dövlətçiliyə və milli maraqlara kifayət qədər sadiq qalan mətbuat orqanlarıyıq. Hakimiyyətdə olanların böyük əksəriyyəti dövlətçilik deyəndə hakimiyyəti nəzərdə tutur. Amma bizim üçün dövlətçilik sözün klassik mənasında dövlətçilikdir. Hakimiyyətlər gəldi-gedərdir, millət, xalq qalıcıdır. Hakimiyyətdən narazı ola bilərik, amma dövlətimizin əleyhinə bir sətir yazı yazmağa əlimiz gəlməz”.