Azərbaycan hakimiyyəti terrorla mübarizədən sui-istifadə edir

abs-depart

ABŞ Dövlət Departamenti: «Son iki ildə Azərbaycanda 100-dək fəal, jurnalist və blogger siyasi motivlərlə həbs olunub»

ABŞ Dövlət Departamenti “Terrorçuluqla Mübarizə: 2015″ hesabatını açıqlayıb. ”Azadlıq” radiosunun məlumatına görə, hesabatda bildirilir ki, 2015-ci ildə dünyada terror hücumlarının sayı bir il əvvəllə müqayisədə 13 faiz azalıb.

Terror hücumlarından ölənlərin sayı isə 14 faiz düşüb ki, bu da Iraq, Pakistan və Nigeriyada daha az hücumların törədilməsi ilə bağlıdır. Bu, 2012-ci ildən bəri dünyada terror hücumlarının sayında ilk azalmadır. Ancaq Əfqanıstan, Banqladeş, Misir, Suriya və Türkiyə kimi ölkələrdə terror hücumları və ölü sayı ötən il yüksəlib.

Dövlət Departamenti Iranı terrorçuluğa sponsorluq edən ölkə adlandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Birləşmiş Ştatlarla güclü antiterror əməkdaşlığı edib, Qafqazdan insan, pul və material daşımağa çalışan terrorçu təşkilatlara qarşı fəal dirəniş göstərib. Azərbaycanın terrorçuluqda şübhəli bilinən şəxsləri təqib etdiyi, böyük miqdarda qanunsuz silah-sursatı müsadirə etdiyi, xaricdəki münaqişələrdən Azərbaycana dönən əcnəbi döyüşçüləri həbsə atdığı vurğulanır.

IŞID”lə mübarizədə qətiyyət

Azərbaycan ”Islam Dövləti” (IŞID) silahlı qruplaşmasıyla mübarizədə güclü qətiyyət sərgiləyib, informasiyanı paylaşıb, Iraq və Suriyaya əcnəbi döyüşçü axınının, terrorçu qruplaşmaların qanunsuz maliyyələşməsinin önlənməsi yönündə işləyib. Qafqaz Müsəlmanları Idarəsi və Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin rəhbərləri IŞID vəƏl-Qaidə” ideologiyasına qarşı ictimai tədbirlər görüb. Xarici Işlər Nazirliyi dekabrın ortalarında elan edib ki, Azərbaycan Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi Terrora qarşı Islam Koalisiyasına qoşulmağı nəzərdən keçirir”, – deyə hesabatda bildirilir.

Sənəddə o da qeyd olunur ki, dekabrın ortalarında Milli Təhlükəsizlik Nazirliyi iki quruma parçalanıb – Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti. Ilin sonunadək bu iki yeni xidmətin antiterror fəaliyyətinin necə olacağı, onların uyğun işinin necə inteqrasiya olunacağı bəlli deyildi. Hazırda Daxili Işlər Nazirliyi terrorçuluqla mübarizədə vacib öhdəliklər daşıyır. Spesifik antiterror hərəkətlərini nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi həyata keçirir. Baş Prokurorluq terrorçuluqla bağlı fərdlərin təqibinə, terror cinayətlərinin təhqiqinə məsuliyyət daşıyır.

Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti terrorçuluq fəaliyyətinin aşkarlanması və qarşısının alınmasını səmərəli həyata keçirib, ölkəyə qayıdan əcnəbi döyüşçüləri təqib edib. Ölkəyə giriş zamanı səyahətçilərin yoxlanmasında terrorçu və cinayətkarlar barədə xəbərdarlıq siyahılarından, bioqrafik/biometrik informasiyadan yararlanıb. Digər ölkələrlə informasiya mübadiləsi aparılıb.

Əsl niyyət bəlli deyil

Daha sonra sənəddə ölkə qanunvericiliyinə edilən uyğun dəyişikliklərdən, ötən ilin dekabrında qəbul olunmuş dini ekstremizmlə mübarizə qanunundan söz açılır: “Il ərzində ölkədə terror hücumlarının önlənməsi barədə məlumatlar yayılıb. Ancaq aydın deyil ki, bu tədbirlər real terror hədələrinə yönəlib, yoxsa qeyri-zorakı, müstəqil dini fəaliyyəti məhdudlaşdırmaq məqsədi güdüb. Məsələn, noyabrda Baş Prokurorluq bəyanat yayıb ki, keçmiş siyasi məhbus və dini fəal Taleh Bağırov (Bağırzadə) tərəfdarları ilə birlikdə hökuməti devirmək planı hazırlayıb. Hökumət onun Bakının Nardaran kəndində sursat və partlayıcı gizlətdiyini iddia edib. Hüquq-mühafizə orqanları ölkə boyunca xüsusi əməliyyat həyata keçirib, onlarla adamı həbs edib, silah-sursat tapdığını bildirib. Nardaran əməliyyatında zorakı dini ekstremizmdə şübhəli bilinən beş nəfər və iki polis həlak olub. Cinayət işi açılıb. Bəzi demokratiya və insan haqları fəalları bu ittihamların saxta olduğuna inanır”.

ABŞ Dövlət Departamenti daha sonra Azərbaycanın çirkli pulların yuyulmasına qarşı gördüyü tədbirlərdən söz açır. O da vurğulanır ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları Idarəsi ilə birlikdə zorakılığa çağırışın önlənməsi məqsədilə bəzi məscidlərdə moizələrə nəzarət tədbirləri görüb. Ölkə ATƏT-in, Islam Əməkdaşlığı Təşkilatının, digər regional qurumların fəal üzvüdür, eləcə də NATO ilə antiterror sahəsində işini davam etdirir.

Repressiyalar

Hesabatda ABŞ-ın Beynəlxalq Yayım Şurasının (BBG) xarici müsəlman izləyicilərə hədəflənən proqramlarından da söz açılır. “Amerikanın Səsi” radiostansiyasının Azərbaycan xidmətinin gündəlik televiziya və veb proqramlar hazırladığı qeyd olunur: “2014-cü ilin dekabrında Azərbaycan hakimiyyətinin Azad Avropa/Azadlıq Radiolarının Bakı bürosunda reyd keçirməsi, 2015-ci ilin mayında isə büronun rəsmən bağlanmasına baxmayaraq, Azərbaycan xidməti ölkədə yetərincə işıqlandırılmayan hadisələrə ətraflı yer verib. Xidmətin ”Korrupsiometr” veb portalında ən son qanunlar, qaydalar yerləşdirilib, vəkillər izləyicilərin suallarını cavablandırır”.

Birləşmiş Ştatlar Azərbaycanın terrorçuluq, narkotik maddələrlə mübarizə, eləcə də enerci sahəsində əməkdaşlığını daim müsbət qiymətləndirib. Bəzi yerli müşahidəçilər isə Azərbaycan hökumətinin bu sahələrdə əməkdaşlığı önə çəkməklə insan haqları pozuntularını pərdələdiyini bildirir. Son iki ildə ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər güclənib, 100-dək siyasi və ictimai fəal, jurnalist və bloggerin məhz siyasi motivlərlə həbsə atıldığı bildirilir. Amma bu ilin əvvəlində hakimiyyətin mövqeyində bir yumşalma sezilir, bir sıra tanınmış siyasi məhbuslar azadlığa buraxılıb.