Ekspertlərə görə, Beynəlxalq Bankın səhmlərinin dəyərə minməsindən ötrü gərək bank kredit bazarında ad çıxarsın
Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin bazar dəyəri təkcə may ayında 30% aşağı düşüb. Bu barədə “Report”a səhmlərin alqı-satqısı ilə bağlı vasitəçilik xidməti göstərən “Kapital Menecment” investisiya şirkəti Müşahidə Şurasının üzvü Cəfər Ibrahimli məlumat verib.
Onun sözlərinə görə, hazırda fond bazarında Bankın nominal dəyəri 27 qəpik olan səhmləri 7 qəpiyə (74% ucuz) təklif olunur. Halbuki, 1 ay bundan əvvəl qiymət 10 qəpik olub: “Beynəlxalq Bankın səhmlərinə maraq getdikcə azalır, çünki bank illərdir ki, səhmdarlarına dividend ödəmir. Bankdakı payını satmaq istəyənlərin sayı da sürətlə artır, son nəticədə səhmlər ucuzlaşır. Baxmayaraq ki, bu gün bu səhmlər bazara 7 qəpiyə təklif olunur, onları almaq istəyənlər simvolik məbləğ – 1 qəpik ödəmək istəyirlər”.
C.Ibrahimlinin fikrincə, ABB-nin 2015-ci ili 823,61 mln. manat zərərlə başa vurması onun səhmlərini bir qədər də ucuzlaşdıracaq: “Beynəlxalq Bank sağlamlaşdırılmışdır, rəhbərlik də dəyişib, çoxları gözləyirdi ki, artıq mənfəətlə işləməyə başlayacaq. Ötən il gəlirləri az olmayıb, amma bunun böyük hissəsi ehtiyatların yaradılmasına yönəldilib. Deməli, hələ də onun kredit portfeli problemlidir. Bank bunun səbəbləri ilə bağlı açıqlama da vermir. Bəlkə də zərərlə işləməsinin obyektiv səbəbi olsaydı, səhmdarlar səbr edərdi, amma bu cür qeyri-müəyyənlik son nəticədə səhmlərdən kütləvi imtina ilə nəticələnir”.
ABB səhmdarlarına sonuncu dəfə 2012-ci ildəki fəaliyyətinin yekunlarına əsasən dividend ödəyib. Həmin il hər səhm öz sahibinə nominal dəyərinin 4%-i qədər (təxminən 1 qəpik) gəlir gətirmişdi. Bu isə səhmlərin bazar dəyərini 1,7-1,8 manata qaldırmışdı. Son 3 ildə Bank zərərlə işlədiyini bəyan edib və səhmdarlarına divident ödəməyib.
Xatırladaq ki, ABB-nin nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i dövlətə (Maliyyə Nazirliyi), 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i isə fiziki şəxslərə məxsusdur.
Burada sual yaranır. Necə olur ki, Azərbaycanın maliyyə sektorunda 60 faizdən çox kredit payına sahib olan bank 2012-ci ildən dvidendlərin verilməsini dayandırıb. Necə olur ki, ölkənin digər bankları ili müsbət maliyyə ilə bitirdiyi halda Beynəlxalq Bank bu qədər resursla maliyyə sıxıntıları yaşayırmış. Bu proses hələ birinci devalvasiyaya 3 il qalmış başlayıbmış.
İqtisadçı Nemət Əliyev hesab edir ki, bank sektorunun hazırkı vəziyyəti təsadüfi deyil. Dvidendlərin verilməsindəki problemin çox ciddi olduğunu deyən N.Əliyev bildirdi ki, Azərbaycanda səhm bazarının inkişaf edə bilməməsinin səbəblərindən biri də bu problemin həllini tapa bilməməsidir: “Bu gün ölkənin bank sektorunda fəaliyyət göstərən müəssisələr çox ağır vəziyyətdədir. Bəlkə də onların bu cür vəziyyətdən çıxmasını təmin etmək olardı. Amma bunun üçün gərək ölkənin səhm bazarı normal vəziyyətə gətirilsin. Azərbaycanda səhmdar cəmiyyətlərin sadəcə bir adı var. Həm cəmiyyətləri bir qrup adam yüksək çinli məmurların himayədarlığı ilə ələ keçirib. Azərbaycanda, ümumiyyətlə, səhmlərin qiymətdən düşməsi gözlənilən idi. Çünki Mərkəzi Bankın hökumətlə birgə apardığı siyasətin doğurduğu acı nəticələrdən biri məhz budur. 2015-ci ildə aparılan iki iri devalvasiya bütün müəssisələrin, xüsusilə də problemləri olan qurumların səhmlərinin dəyərini salacaqdı”.
N.Əliyevin sözlərinə görə, BB-nin səhmlərinin dəyərdən düşməsinin bir səbəbi də aktivlərin itirilməsiylə bağlıdır. N.Əliyev bildirdi ki, BB-nin səhmlərinin dəyərə minməsindən ötrü gərək bank kredit bazarında ad çıxarsın, yaxşı gəlir əldə etmə imkanlarına yiyələnsin. BB bütün bu imkanlardan məhrum olub.
Xəyal