Nüfuzlu reytinq agentlikləri Azərbaycana «2» yazırsa…
“Pensiyalar 10 faiz artırılıb, bütün sosial layihələr icra edilir. Neft qiymətlərinin düşməsi bir növ sınaq oldu. Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq”. Bunu 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında iştirak edən ölkə başçısı Ilham Əliyev deyib.
Biz milli valyutanın 100 faiz ucuzlaşması, qiymətlərin 30-40 faiz bahalaşmasından sonra 10 faiz maaş artımının vətəndaşa qarşı təhqir olduğunu əvvəlki yazılarımızda qeyd etmişik. Hökumətin həyata keçirdiyi mənasız layihələr haqqında da zaman-zaman şərhlər vermişik. Ona görə də bu “arqument”lərin üzərində dayanmaq fikrimiz yoxdur. Bu yazımızda Ilham Əliyevin “Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq” fikrinə münasibət bildirəcəyik.
Bildiyiniz kimi, bugünlərdə Isveçrənin Beynəlxalq Menecment Institutu rəqabətədavamlı iqtisadiyyatı olan ölkələrin adını açıqladı və 60-dan artıq ölkənin arasında Azərbaycanın adı olmadı. Hətta bəyənmədiyimiz Qazaxıstan rəqabətədavamlı iqtisadiyyatlar arasında 47-cü pillədə qərarlaşmışdı.
Ümumiyyətlə, dünyanın bir neçə mühüm reytinq agentlikləri var ki, onların hesabatlarında Azərbaycanın iqtisadi göstəriciləri mənfi göstərilir. Məsələn, “Moody’s”, “Fitch”, “Standard-Poors” agentlikləri dünyanın ən nüfuzlu və ən çox etibar edilən reytinq agentlikləridir. Bu agentliklər Azərbaycanda bank sektorundan tutmuş, iqtisadiyyatın şaxələnməsinə qədər bütün göstəriciləri qeyri-qənaətbəxş qiymətləndirib.
Bundan əlavə, Dünya Bankı, BVF və digər nüfuzlu maliyyə qurumları Azərbaycan hökumətinə istənilən qədər kredit vermirlər. Onlar Azərbaycan hökuməti qarşısında bir çox tələblər qoyublar və bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə istənilən əməkdaşlığa razılıq verməyəcəklər. Məsələn, Azərbaycan hökuməti bir neçə milyard borc üçün dəridən-qabıqdan çıxdı, amma Dünya Bankı yalnız 500 milyon borc verməyə razı oldu.
Eyni zamanda yerli iş adamları sürətlə ölkəni tərk edir, son bir ildə azərbaycanlı iş adamları Gürcüstana 540 milyon dollar sərmayə yatırıb, son 2 ildə azərbaycanlılar Türkiyədə 507 şirkət açıb. Yəni yerli iş adamları da ölkədə binzes mühitinin olmadığını, perspektivsizliyi, təminatısızlığı dərk edərək ölkədən çıxıblar.
Ümumiyyətlə, Azərbaycan korrupsiyanın miqyasına görə dünyada ön sıralarda dayanırsa, vəzifəli şəxslərin adı çirkli pulların yuyulmasında hallanırsa, iqtisadiyyat məmurların monopoliyasındadırsa, hüquq sistemi oyuncağa çevrilibsə, Azərbaycan “qeyri-azad ölkələr” sırasına düşübsə, belə bir ölkənin yaxşı reputasiya qazanmaq şansı yoxdur.
Indi bütün iqtisadi əməkdaşlıqlar siyasi əməkdaşlıqdan asılıdır. Heç bir maliyyə qurumu, heç bir nüfuzlu şirkət demokratiyanın olmadığı ölkəyə sərmayə yatırmaq istəmir. Çünki, anti-demokratik rejimlərlə əməkdaşlığın sığortası yoxdur, belə rejimlərlə yüksək səviyyəli biznes əlaqələri riskli sayılır. Eyni zamanda avtoritar rejimlərlə əməkdaşlıq həmin beynəlxalq qurumların öz nüfuzuna xələl gətirir.
Hakimiyyət beynəlxalq investorları inandırmaq, yaxşı reputasiya qazanmaq üçün ilk növbədə demokratik imic formalaşdırmalıdır. Siyasi məhbuslarla, korrupsiyanı çiçəkləndirməklə, inhisarçılığı qüvvədə saxlamaqla, qanunları kağız parçasına çevirməklə, ofşorları zəbt etməklə dünyanın sevimlisi olmaq mümkün deyil.
Ona görə də Ilham Əliyevin söylədikləri reallığı əks etdirmir və əsassız optimizmdir. Hökumətin ölkə daxilində reputasiyası necədirsə, ölkə xaricində də elədir.
Samir