Gültəkin Hacıbəyli: «Ramiz Mehdiyevin məqaləsi hakimiyyət daxilində ciddi fikir ayrılığının olmasını göstərir»
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin 1news.az saytında Qərbi ittiham edən növbəti məqalə ilə çıxış etməsi bir sıra suallar doğurur.
PA rəhbəri məqalədə əsasən Qərbin maliyyə institutlarını hədəf alıb. ABŞ, Avropa sərt tənqid olunur və Azərbaycanın real müttəfiqinin məhz Rusiya olduğuna eyham vurulur: “Anlamaq çətin deyil ki, neoliberal ideologiyalı qloballaşan dünya tədricən qeyri-müəyyənlik vəziyyətinə doğru yuvarlanır. 2008-ci ildə ABŞ-da və Qərbu Avropada başlamış maliyyə-iqtisadi böhranı, Qərbin inkişaf etmiş dövlətlərində işini itirmiş insanların səngiməyən kütləvi etirazları bədbin proqnozlar üçün əsas verir. Bu faktlar onu göstərir ki, neoliberal demokratiyanın zəfər yürüşü ciddi çətinliklər yaşayır, siyasi-demokratik yenidənqurma, sürətini zəiflədərək zorakı xarakter alır (Liviya, Misir, Iraq, Suriya). Nəticədə, Avropa miqrasiya və millətlərarası böhran, multikulturalizmdən imtina təhlükəsi altında qalıb. Dünya ictimaiyyətini gələcəkdə nə gözləyir, heç kəs bilmir…”
Beynəlxalq maliyyə institutları hədəfdə
Ramiz Mehdiyev Beynəlxaq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Dünya Ticarət Təşkilatını (DTT) dövlətlərin düşməni kimi təqdim edir. Onun fikrincə, bu strukturlar “dövlətlərin suverenliklərinin zəifləməsində” heç də az rol oynamırlar.
Ramiz Mehdiyevə görə,ÿDTT və digər beynəlxalq maliyyə qurumları hər vəchlə ölkələrin iqtisadiyyatları üzərində nəzarətlərini gücləndirirlər: “Onların yürütdükləri siyasət nəticəsində milli iqtisadiyyatlar dağılır, inkişaf etmiş dövlətlərin sırasına daxil olmayan ölkələrin əhalisinin sosial vəziyyəti ağırlaşır”.
PA rəhbəri hesab edir ki, qlobal maliyyə axınlarını tənzimləyən struktur olan BVF formal olaraq beynəlxalq təşkilat sayılır, əslində isə, daha çox inkişaf etmiş dünya ölkələrinin maraqlarını qoruyan alətə çevrilib. Onun sözlərinə görə, milli dövlətlərin iqtisadiyyatını dağıdan DTT də oxşar rolu oynayır. Nəticə olaraq, BVF, DB, DTT və digər beynəlxalq maliyyə təşkilatları bir tərəfdən dünya iqtisadiyyatına öz nəzarətlərini gücləndirirlər, digər tərəfdən isə milli iqtisadiyyatları dağıdır və bununla da ölkələrin əhalisinin sosial vəziyyətini pisləşdirirlər.
Bu məqalə təsadüfi deyil
Ramiz Mehdiyevin indiki dövrdə belə bir məqalə ilə çıxış etməsi olduqca maraqlıdır. Məsələ burasındadır ki, maliyyə böhranından çıxmaq üçün Azərbaycan hakimiyyəti məhz Ramiz Mehdiyevin ittiham etdiyi maliyyə institutlarına ümid edir. Təsadüfi deyil ki, bir müddət əvvək BVF və DB-nin nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində ölkə başçısı Ilham Əliyev, maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşlər keçirilmişdi. Qısası, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə bu qurumlarla əməkdaşlığa can atır. Hətta siyası məhbuslardan bəzilərinin azad edilməsini də bu qurumlarla aparılan danışıqlara bağlayanlar var.
Belə bir ərəfədə Ramiz Mehdiyevin adıçəkilən qurumları sərt ittiham edən məqalə ilə çıxış etməsi hakimiyyət daxilində ikitirəliyin yarandığını deməyə əsas verir. Mümkündür ki, hakimiyyət daxilində anti-Qərb mövqeyi tutan qüvvələr bu danışıqları pozmağa çalışacaq.
Azərbaycanın TAP və TANAP-ı reallaşdırmaq üçün vəsait axtardığı bir ərəfədə bu cür məqalənin yazılması nəyə xidmət edə bilər?
Putin və dünya liderləri
Məqalədə əsas məqamlardan biri R.Mehdiyevin gətirdiyi sitatdır. R.Mehdiyev ABŞ köşə yazarı Paul Kreyqdən sitat gətirib. Belə ki, o yazır ki, “Amerikanın indiki liderləri Vladimir Putinin və ya Çin, Boliviya, Venesuela, Argentina, Braziliya və ya Hindistan liderlərinin ”əlinə su tökməyə dəyməz”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, vəziyyət tam çılpaqlığı ilə ortadadır və burada əlavə təhlillərə ehtiyac yoxdur. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycanın Qərbə ən çox ehtiyac duyduğu, iqtisadiyyatın dərin tənəzzül yaşadığı, hətta I.Əliyevin də bu tənəzzülü etiraf etdiyi bir vaxtda bu yazının meydana çıxması təsadüfi deyil: “Bu yazını Ramiz Mehdiyevin elmi yaradıcılığının növbəti bir məhsulu kimi dəyərləndirmək olmaz. Ramiz Mehdiyev sırf kommunist məktəbinin yetişdirməsidir. Partiya məktəbinin yetişdirməsi olaraq o, bu prinsiplərə sadiqdir. Administrasiya rəhbərinin Rusiyaya isti münasibəti sirr deyil. Görünür, o, bu məsələdə Azərbaycanın Qərbə yaxınlaşmasından, hakimiyyətin məcburiyyət qarşısında qalaraq Qərb maliyyə institutları ilə əməkdaşlıq həyata keçirməsi siyasətinə açıq etiraz edir. Bağlı qapı arxasında olan etirazlar nəticə vermədiyi üçün açıq müstəvidə hücuma keçilir. Ancaq onu da qeyd edim ki, bu yanaşma həddindən artıq səhvdir. Putin haqqında səslənən fikirlər artıq elmi tədqiqatın, analitik təhlilin nəticəsi deyil. Bu, aqressiyanın, nifrətin təzüharüdür”.
G.Hacıbəyli bildirdi ki, R.Mehdiyevin məqaləsi çıxdıqdan dərhal sonra Azərbaycan-ABŞ ikitərəfli iqtisadi komissiyasının sədri maliyyə naziri Samir Şərifovun dililə ABŞ-Azərbaycan əlaqələrinin daha yaxşı olması arzusunu ifadə edir. Əməkdaşlığın dərinləşməsinin də ifadə olunması onun sübutudur ki, Ramiz Mehdiyevin, Rusiyapərəstlərin xətti hakimiyyət daxilində ciddi müqavimətlə üzləşib. Siyasi rəhbərlik tərəfindən qəbul olunmur: “Ramiz Mehdiyevin məqaləsi hakimiyyət daxilində ciddi fikir ayrılığının olmasını göstərir. Ramiz Mehdiyevin hakimiyyət daxilində imkanları daha genişdir. Yəni idarəetmə sahəsində onun böyük təmsilçiliyi var. Bu baxımdan düşünürəm ki, hakimiyyət daxilində ciddi proseslərin getdiyindən xəbər verən məsələrdir. Azərbaycan hakimiyyəti istənilən halda Qərblə əməkdaşlıq xəttini seçməlidir. Çünki Azərbaycanın başqa yolu yoxdur. Bu, həm də sağlam məntiqin seçimidir. Əks seçim, Ramiz Mehdiyevin Rusiya seçimi, Azərbaycanı Rusiyanın özü kimi bataqlığa çəkə bilər”.
Xəyal