Ekspertə görə, Beynəlxalq Bankın problemli 6 milyard vəsaitinin qaytarılması metodu yanlış seçilib
“Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş daha iki iş adamı azadlığa buraxılıb. Bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən iş adamları Elxan Cavad və Cavid Muxtarov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Bir müddət əvvəl isə “Beynəlxalq Bank işi” ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “Inter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “Izolit” ASC-nin Idarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Amma məsələ burasındadır ki, bankın keçmiş rəhbəri Cahangir Hacıyevə qarşı irəli sürülən ittiham 42 milyonun mənimsənilməsi ilə bağlıdır.
Ötən il elan olundu ki, dövlət büdcəsindən “Aqrarkredit” vasitəsilə Beynəlxaql Banka 3 milyard manat vəsait ayrılacaq. Indi məlum olur ki, 2016-cı il yanvarın 1-nə “Aqrarkredit”ə olan borc 5.6 milyard manata çatır. Aydın məsələdir ki, dövlət büdcəsindən əlavə ödənilən 3 milyard manat yaxın “Aqrarkredit”in vəsaiti deyil.
Maliyyə naziri Samir Şərifov isə etiraf edir ki, indiyə qədər Beynəlxalq Bankın 400 milyon vəsaiti geri qaytarılıb. Bu isə dövlətin milyardlarla vəsaitinin aqibətinin sual altında qaldığını deməyə əsas verir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hökumət özü də etiraf etdi ki, Beynəlxalq Bankda 6 milyard problemli vəsaitdən söhbət gedir. Hökumətin bu problemin həllində yanlış yol tutduğunu deyən N.Əliyev vurğuladı ki, hökumət bankdan kredit götürənlərin əksəriyyətini həbs etdi: “Bu həbslərdə məqsəd həmin şəxslərin əlində olan əmlakı ələ keçirmək idi. Bu qədər vandal metodlardan istifadə etməklə problemi, əlbəttə, həll etmək mümkün deyil. Əgər bu istiqamətdə problem varsa, bunu normal, sivil qaydada həll etmək mümkündür. Sivil formada məhkəmələr təşkil etməklə bunu həll etmək olardı. Amma belə görünür ki, həbs olunanlardan qanunsuz formada vəsaitin alınmasına çalışılırdı. Bu yol da effekt vermədi. Müəyyən bir məbləğ alındı. Amma yerdə qalan iri məbləğ geri dönmədi”.
N.Əliyevin sözlərinə görə, hətta istənilsə belə, BB-nin vəsaitinin geri qaytarılması mümkün deyil. BB işi ilə bağlı kifayət qədər qaranlıq məqamın olduğunu deyən N.Əliyev bildirdi ki, hökumətin yürütdüyü yanlış siyasət digər sahibkarları ölkədən didərgin salıb.
Xəyal