Ölkənin yeni rəhbəri and içdi; Saleh geri döndü
Yəmənin yeni seçilmiş rəhbəri, keçmiş vitse-prezident Mənsur Hadi fevralın 25-də parlamentdə deputatlar qaşısında and içib. Beləliklə, Əli Abdullah Salehin 33 illik dəmir yumruqlu iqtidarı rəsmən başa çatmış oldu.
Salehin müavini olmuş və ötən ilin noyabrından onun bütün səlahiyyətlərini icra edən Mənsur Hadi prezident vəzifəsinə önümüzdəki həftənin əvvəlində başlayacaq. Andiçmə mərasimində çıxş edən Mənsur Hadi Yəmən ölkədəki böhrandan faydalanaraq müxtəlif bölgələri nəzarətə götürən “Əl-Qaidə” terror təşkilatına qarşı döyüşəcəyinə söz verib.
Hökumət qüvvələriylə cənublu separatçıların, müxtəlif silahlı qruplar və tayfalar arasındakı qarşıdurmalar səbəbindən öz evlərini tərk etməli olan dinc minlərlə dinc sakinin rahatlıqla evlərinə dönməsi üçün əlindən gələni edəcəyini deyən Hadi “Əl-Qaidə”yə qarşı dini və milli birliyə ehtiyac duyulduğunu söyləyib. Əlavə edək ki, ötən həftə keçirilən seçkilərdə tək namizəd olan Mənsur Hadi 65 faiz seçicinin 99 faiz səsini qazanaraq Yəmənin yeni prezidenti postunu tutub.
Ölkənin 33 il rəhbəri olmuş və 11 ay davam edən xalq etirazları nəticəsində hakimiyyətdən gedən və müalicə üçün ABŞ-a yollanan Əli Abdulla Saleh Yəmənə qayıdıb. “Reuters”in xəbərinə görə, keçmiş ölkə başçısı paytaxt Sənadakı iqamətgahına yerləşib. O, keçmiş müavini və ölkənin yeni prezidenti seçilən Mənsur Hadinin andiçmə mərasiminə qatılmasa da yaxın müttəfiqini təbrik edib. Əlavə edək ki, Saleh ötən ilin iyununda ölkədəki müxalifətlə davam edən silahlı qarşıdurma nəticəsində ağır yaralanmış və müalicə üçün Səudiyyə Ərəbistanına yollanmışdı. Bundan sonra yenidən Yəmənə qayıdan Saleh hakimiyyəti təhvil verərək ABŞ-a getmişdi. O, bundan sonra Yəmən müxalifətinin lideri kimi siyasi fəaliyyətini davam etirəcəyini bildirib.
Yeni prezident Mənsur Hadinin parlamentdəki and mərasimi zamanı ölkənin cənubundakı Əl Mukalla şəhərində olan prezident iqamətgahının girişində partlayıcı yüklənmiş maşın partladılıb. Rəsmilərin açıqlamalarına görə, partlayış nəticəsində ən az 26 nəfər dünyasını dəyişib. Ölənlərin dövlət başçısının mühafizəçiləri olduğu deyilir. Terror aktına görə məsuliyyəti “Əl-Qaidə” terror təşkilatı öz üzərinə götürüb.
İnformasiya şöbəsi


