Ukraynadan “Eurovision”a gələcək müğənniyə etiraz (VİDEO)

Ölkənin millətçi partiyası Qaytananın mahnısını bəyənmir; müğənni özünü təhqir olunmuş sayır

Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsində Ukraynanı təmsil edəcək Afrikamənşəli Qaytananın təhqir olunması ətrafındakı qalmaqal böyüyür. Qaytananın atası konqolu, anası ukraynalıdır.
Qalmaqal fevralın 22-də başlayıb. Azadlıq Partiyasının sözçüsü Yuri Sirotyuk deyib ki, 32 yaşlı Qaytananın Ukraynanı «Eurovision» mahnı müsabiqəsində təmsil etməyə haqqı çatmır. Onun fikrincə, «bu qız Ukraynanın ruhunu təmsil etmir».

Ukraynada çoxları müğənni haqqında səslənən fikriləri yersiz sayırlar. Qaytana Bakıda «Be My Guest» («Qonağım ol») mahnısını ifa edəcək. Tərəfdarları deyir ki, bu mahnı Ukraynanın qonaqpərvər və dost ölkə kimi təbliğinə kömək edəcək.

Azadlıq Partiyasının sözçüsü Sirotyuk isə bildirib ki, o, Qaytana ilə bağlı heç bir fikir söyləməyib: «Mən sadəcə milli seçim prosesi ilə bağlı narahatlığımı ifadə etmişəm. Demişəm ki, Ruslana əla idi. Çünki o, milli mahnı oxumuşdu».
Ruslana 8 il əvvəl «Eurovision»un qalibi olub.
Ukraynanın bir çox məşhur adamları, o cümlədən Ruslana və boksçu Vitali Kliçko Qaytananı dəstəkləyiblər. Onu «Eurovision» üçün ən yaxşı namizəd adlandırıblar.
Qaytana isə Azadlıq Partiyasından səslənən fikirlərə görə özünü təhqir olunmuş sayır. «Bu cür fikrilər Ukraynanın imicinə xələl gətirir. Əlimizdən gələni edirik ki, Ukrayna Avropa ailəsinin üzvü olsun və heç kim ölkəmizə gəlməkdən qorxmasın» – deyə o, mətbuat konfransında bildirib (“Azadlıq” radiosu).