Dünya Suriya müxalifətini hakimiyyət kimi tanıdı

Obama Əsədi bitirəcəklərinə söz verdi: Klinton suriyalı əsgərləri itaətsizliyə çağırdı

Avropa Suriya rejiminə yeni zərbə hazırlayır

Suriyada vətəndaş müharibəsi davam edir. Ölkə müxalifəti bəyan edib ki, son iki gündə hökumət qüvvələri 100-dən çox etirazçını qətlə yetirib. “Yerli koordinasiya komitələri” qrupu təkcə srağagün öldürülənlərin sayının 97 nəfər olduğunu açıqlayıb.
Bəşər Əsədin əmrindəki əsgərlər Homs şəhərindən şimalda yerləşən Rastan şəhərinə də hücuma keçməyə çalışıblar. Dövlət televiziyası Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Homs şəhərindən yaralıları evakuasiya etdiyini göstərən kadrlar yayımlayıb. Tibb işçiləri Homsun ən çox artilleriya atəşinə məruz qalmış Baba-Əmr rayonuna daxil olaraq, oradan onlarla yaralını çıxarıblar. Homs şəhər xəstəxanasına yerləşdirilən yaralılar arasında əcnəbi jurnalistlərın olmadığı deyilir.

Bu arada, “Suriyanın dostları” qrupunun Tunisdə keçirilən toplantısına qatılan 69 dövlət Bəşər Əsəd əleyhdarlarının yaratdığı “Suriya Milli Şurası”nı ölkədə demokratik və dinc dəyişikliklər tələb edən Suriya xalqının legitim hakimiyyəti və nümayəndəsi kimi qəbul etmək qərarı verib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu konfransdan sonra verdiyi açıqlamasında bildirib ki, Suriyada zorakılığa son qoymaq məqsədilə hər cür ehtimalı götür-qoy etmək lazımdır. Onun sözlərinə görə, Suriyaya hər hansı müdaxilə Türkiyənin beynəlxalq təhlükəsizliyi maraqları çərçivəsində həyata keçiriləcək.
ABŞ prezidenti Barak Obamanın Danimarkanın baş naziri Helle Torninq Şmitin ilə görüşü zamanı Suriya mövzusunda müzakirələr aparılıb. Obama bildirib ki, Bəşər Əsədin hakimiyyətdən getməsi qaçılmazdır. Ağ ev rəhbərinin sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq bunun baş verməsi üçün vaxtın yetişdiyini anlayır: “Suriyada əhaliyə edilən zülm, Homs şəhərindən yayımlanan görüntülər bizi dəhşətə gətirir. Düşünürəm ki, artıq beynəlxalq cəmiyyətin həmrəylik nümayiş etdirərək bir araya gəlib, Bəşər Əsədə hakimiyyəti tərk etməsi üçün aydın ismarıc göndərməyinin vaxtıdır. Ölkələrin bir araya gəlməsi məni cürətləndirir. Biz Suriya rejiminə qarşı təzyiqləri artırmaqda davam edəcəyik və orada törədilən qətliamın qarşısını almaq üçün hər cür vasitədən istifadə edəcəyik. Baş verən hadisələrə seyrçi qalmaq olmaz”.
ABŞ dövlət katibi Hillari Klinton Bəşər Əsədin əmrində vuruşan suriyalı əsgərləri itaətsizliyə çağırıb. Onun sözlərinə görə, Suriya ordusunun əsgərləri komandirlərinin əmrlərini yerinə yetirməməli və müxalifətə qarşı güc tətbiq etməməlidir: “Hərbçilərin öz qardaş və bacılarını öldürməsi onların mundir şərəfini kölgə altına alır. Qətlləri davam etdirməkdən imtina əsgərləri təkcə suriyalıların deyil, dünyanın istənilən yerindəki düşüncəli insanların gözündə qəhrəmana çevirəcək”.
Klinton Bəşər Əsədi və ona tabe olan təhlükəsizlik qüvvələrini öz ölkələrində humanitar fəlakət yaratmaqda da günahlandırıb. Dövlət katibi “Suriyanın dostları” qrupunun toplantısında Rusiya və Çini “Ərəb baharı”nın qarşısını almaqda ittiham edib. Deyib ki, buna görə də dünya ictimaiyyəti bu ölkələrin Suriyadakı vəziyyətlə bağlı fikirlərini dəyişməsinə kömək etməlidir. Onun sözlərinə görə, Moskva və Pekin başa düşməlidir ki, onlar təkcə Suriya xalqının istəklərinə mane olmurlar, həm də bütövlükdə “Ərəb baharı”na qarşı çıxırlar.
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton bəyan edib ki, təşkilata üzv ölkələr Suriya rejiminə yönəlik sanksiyaları artıracaq. Bu məqsədlə fevralın 27-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Fransanın xarici işlər naziri Alen Jüpe yeni sanksiyalar çərçivəsində Suriya Mərkəzi Bankının aktivlərinin dondurulacağını açıqlayıb. Həmçinin yeni sanksiyalar arasında Suriyaya fosfat, qızıl, digər qiymətli metalların, o cümlədən almazın ixracı və oradan idxalı qadağan ediləcək.
Rusiyanın rəsmi “ITAR-TASS” agentliyinə danışan kəşfiyyat rəsmisi suriyalı müxaliflərə ən çox silah daşınmasının qonşu ölkələrdən həyata keçirildiyini söyləyib. Rusiyalı rəsmi Bəşər Əsəd əleyhdarlarına çoxlu sayda müxtəlif silah-susrsatın Livan, Iraq və Türkiyə ərazisindən daşındığını bildirib. Kəşfiyyatçı, suriyalı müxaliflərin məqsədinin Bəşər Əsədi silah yoluyla devirmək olduğunu da əlavə edib.

Turan