Ərdoğan İstanbuldakı Xocalı konfransına müraciət göndərib
Bu gün İstanbul şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfransda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına müraciəti oxunub.
“Xocalıda günahsız insanların öldürülməsi həqiqətən də böyük bir faciədir. Bu, bütün Türk dünyasının ortaq dərdidir”, – müraciətdə deyilir.
Ərdoğan ümidvar olduğunu bildirib ki, tarixdə bir daha belə soyqırım təkrarlanmayacaq.
“Azərbaycan xalqına başsağlığı verirəm. Faciədə ölənlərə Allahdan rəhmət diləyirəm”, – müraciətdə qeyd olunur.
Qeyd edək ki, konfransda Türkiyənin ictimai xadimləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, eyni zamanda, İstanbulda təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan Milli Məclisinin deputatları iştirak edib.


