Məhəmməd Məcidliyə növbəti təxribat ola bilər

AXCP fəalına yaxınları və vəkili ilə görüşməyə imkan vermirlər

16 saylı kalonda hökm sürən acınacaqlı vəziyyət mətbuat səhifələrinə çıxandan sonra bu barədə məlumat verən vicdan məhbuslarının işi çətinə düşdü. Mediaya elə ilk müraciətdən sonra AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli kalon daxilində təxribatla üz-üzə qaldı. Bundan sonra vicdan məhbusları mətbuata ikinci dəfə müraciət edərək həm bu, həm də həbsxana rəhbərliyinin onları kalondakı məhbuslarla üz-üzə qoyduğu barədə məlumat verdilər.
Bu müraciət yayılandan bəri M.Məcidliyə nə yaxınları, nə də vəkili ilə görüşməyə imkan verirlər. Indi yaxınları M.Məcidlinin növbəti təxribatla üzləşəcəyindən ehtiyat edirlər. Vəkili Fəxrəddin Mehdiyev də müdafiə etdiyi vicdan məhbusunun təhlükədə ola biləcəyini istisna etmir: “Məhəmməd Məcidli ilə görüşmək üçün fevralın 22-də müraciət etmişdim. Lakin müraciətə heç bir cavab vermədilər. Məsələ ilə maraqlanmaq üçün idarəyə gedəndə isə bildirdilər ki, Məhəmməd Məcidlinin qanuni vəkili olduğumu rəsmən təsdiq edən məktubu hələ cəzaçəkmə müəssisəsinə göndərməyiblər. Ona görə də yubanma var. Bu mənə və müdafiə etdiyim şəxsə qarşı qanunsuzluqdur. Vəkili olaraq mənə maneəsiz görüş imkanı yaradılmalıdır. Son olaylardan sonra Məhəmməd Məcidliyə təxribat da ola bilər. Bu barədə dəqiq məlumatım olmasa da, bunu istisna etmirəm”.