“Bu mənim yox, hakimiyyətin mövqeyidir”

Eynulla Fətullayev: «Məsələni birmənalı şəkildə elə qoyurlar ki, əfvə düşmək istəyən, prezidentə müraciət etməlidir»

Hüquq müdafiəçisi Eynulla Fətullayev “kim əfv üçün müraciət edəcəksə, azadlığa buraxıla bilər” açıqlaması cəmiyyətdə  polemikaya səbəb olduğundan, məsələyə aydınlıq gətirməyə çalışdıq. Çünki bugünə qədər siyasi məhbuslar və vicdan məhbusları arasında əfv ərizəsi yazmadan da azadlığa buraxılanlar olub. Belə bir təcrübədən Qənimət Zahiddən tutmuş, Cabbar Savalanlıya qədər bir neçə məhbus keçib. Elə Eynulla Fətullayevin özü də genişmiqyasılı beynəlxalq kampaniya sayəsində azadlığa çıxmışdı. Bu səbəbdən hüquq müdafiəçisinə müraciət edib əfvlə bağlı fikirlərinə diqiqlik gətirmək istədik.
E.Fətullayevin sözlərindən belə məlum oldu ki, onun bu məsələ ilə bağlı mövqeyi “kim əfv yazacaqsa, o da buraxılacaq” kontekstində deyil. E.Fətullayev məlum açıqlaması ilə sadəcə hakimiyyətin məsələyə yanaşmasını çatdırmağa çalışıb: “Bu mənim fikrim, mövqeyim deyil. Mən hakimiyyətin məsələyə yanaşmasını və siyasi reallığı konstatasiya etmişəm. Aldığım məlumatlar, apardığım müşahidələr göstərir ki, Azərbaycan hakimiyyəti vicdan məhbuslarının azadlığa çıxmasının yolunu bunda görür. Birmənalı şəkildə məsələni elə qoyurlar ki, əfvə düşmək istəyən məhkum prezidentə müraciət etməlidir”.
Lakin E.Fətullayev hesab edir ki, vicdan məhbuslarının azadlığa çıxmaq üçün yolu ancaq bundan ibarət deyil. Məhbuslar Avropa Məhkəməsinə qədər gedib hüquqlarını bərpa edə bilərlər: “Əfv etmək prezidentin müstəsna səlahiyyətidir. Prezident öz səlahiyyətlərindən istifadə edib istədiyi məhkumu müraciətsiz də əfv edə bilər. Yəni, ortada siyasi iradə olmalıdır. Üstəlik Cəzaların Icrası Məcəlləsində, Cinayət Məcəlləsində məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi nəzərdə tutulub. Mən vicdan məhbuslarına da demişəm ki, cəzanın üçdə-birini, üçdə-ikisini çəkənlər cəzadan vaxtından əvvəl azad olunmaq hüququna malikdirlər. Və bu hüquqlarından istifadə edə bilərlər. Eyni zamanda məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilərlər ki, bu da faktiki olaraq azadlığa çıxmaqdır. Yaxud cəzanı şərti cəza ilə əvəzləmək mümkündür. Bütün bu vasitələrdən istifadə etmək olar. Eyni zamanda Avropa Məhkəməsinə qədər getmək mümkündür”.