Nə sahibkarımız var, nə sahibimiz…

saadet-cahangir-koseSəadət Cahangir

Dünyanın hər cikini-bikini araşdıran institutlar var. Onlar bizim mühit şərtlərində heç bir anlam daşımayan məsələlərə belə xüsusi tədqiqatlar həsr edirlər. Yaxın günlərdə belə tədqiqatlardan birini Isveçrənin Beynəlxalq Menecment Institutu aparıb. Institut dünyanın rəqabətədavamlı iqtisadiyyatlarını araşdıraraq, onların siyahısını yayıb. 60 ölkənin yer aldığı sırada Azərbaycanın adı yoxdur. Şübhəsiz, burda bizi təəccübləndirəcək bir şey də olmamalıdır. Məsələ hər kəsə aydındır çünki. Siyahının lap başında Hon-konq    dayanır. O, uzun illər birinciliyi əldən verməyən Amerikanı ikinci sıraya sıxışdıraraq, onun yerini alıb. Ilk “onluğa” Isveçrə (3-cü) Sinqapur (4-cü), Isveç (5-ci), Danimarka (6-cı), Irlandiya (7-ci), Hollandiya (8-ci), Norveç (9-cu) və Kanada (10-cu) düşüb. Qardaş Türkiyə də rəqabətədavamlılığa görə 38-ci pillədə dayanır.

Hər bir ölkənin iqtisadiyyatında rəqabət mühitini əsasən azad sahibkarlıq müəyyən edir. Nüfuzlu “Forbes” jurnalının siyahısına da hər il kimlərin başçılıq etdiyini görürsünüz;  “Micosoft”un xeyriyyəçi rəhbəri Bill Qeyts(72 milyard dollar), internet nəhəngi “Google” şirkətinin rəhbərləri Peydca və Brina (24,9 və 24,4 milyard dollar), “Facebook”un təsisçisi Mark Zukerberq (19 milyard)… Bu adamlar və bu milyardlar nə göydən düşməyib, nə də yerdən çıxmayıb. Onu ölkələrin azad sahibkarlığa yaratdığı imkanlar meydana gətirib. Onu inhisarsız, rüşvətsiz, əngəlsiz, istismarsız iqtisadi mühit doğurub. Ona rəqabətli iqtisadi inkişafın möcüzələr yaradacağına inanan ağıllı hökumətlər yol açıb. Bu böyük nailiyyətlər uğurlu iş adamlarını “dünyanın vətəndaşı” hesab edən cəmiyyətlər sayəsində qazanılıb. Gücünü, enerjisini, beynini başqalarına deyil, öz ölkəsinə xərcləsin deyə, həmin vətəndaşların nazını çəkən cəmiyyətlər sayəsində. O mühitlər ki, qanunun diktə etdiyi bir prinsip var: kim daha ağıllı və bacarıqlıdırsa, həmin şəxs qazanacaq. Rəqabət və qanunauyğunluq belə tələb edir. Buna nail olmaq üçün də hər imkan var qarşınızda. Sadəcə, sizə imkanları reallaşdırmaq və uğura çevirmək qalır…

Indi biz belə məsələlərə alışıq deyilik deyə, nağıl danışdığımı  düşünənlər də ola bilər. Doğrudan da, monopoliyanın cənginə aldığı, bütün azad sahibkarların əzilib sıradan çıxarıldığı bir ölkədə nə rəqabət, nə biznes, nə davamlılıq? Bu qanunsuzluğa, özbaşınalığa, rüşvət və istismara sahibkarmı dayanar? Axı son illər o sahibkarlarla bağlı baş verən hər şey gözümüzün qarşısında olub. Həbs olunanları, özəl müəssisələri, mülkiyyətləri, əmlakları əlindən alınanları, müflisləşdirilib ölkədən didərgin salınanları unutmamışıq ki. Ölkədə azacıq sahibkarlıq uğuru olanların necə tora salınıb sıradan çıxarıldığı, olan-qalanının necə ələ keçirildiyi gözlərimiz qarşısında baş verib axı. Bizdə qanunlar başqadır, bəli. Onunla ancaq 23 illik hakimiyyətdə özünə məhdud səlahiyyət qazanmış qrup məşğul ola bilər. Milyardları qazanmaq, şərtləri diktə etmək imkanı da onlara aiddir. O çərçivədən kənara yol yoxdur. Burda rəqabət, filan söhbətlərinə gözucu belə baxılmaz. Hər şey bir mərkəzdən idarə olunur, ölkənin bütün imkanları o əllərdədir. Kimi tərəfdaş seçəcəklərinə, kimə meydan açacaqlarına da onlar qərar verirlər. Meydan açacaqları adamlar da öz maraqlarına xidmət etməlidir, təbii. Məsələn, bu çeşidə Böyük Britaniya, Amerika, Fransa və bənzər ölkələrin böyük adamları aid edilə bilər. Necə ki, onların adları daim bu qara biznes ortaqlığında hallanır. Prinsiplər dəyişməzdir, biz sizə qazanmaq imkanı yaradırıq, siz bizə lobbiçilik imkanı. Xülasə, halımız belədir. Nə azadlığımız var, nə sahibkarlığımız, nə sahibimiz. Haram ölkənin xirtdəyinə qədər çıxıb…