Azərbaycanda uşaqpulu vermirlər, uşaqlar pul verir
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Təəssüflər olsun ki, bizim ölkəmizdə “uşaqlar bizim gələcəyimizdir” ifadəsi şablonlaşmış arqumentdən başqa bir şey deyil. Bu ölkədə uşaqların sığortalı gələcəyi yoxdur, bu ölkədə uşaqlar müdafiədən rəsmən məhrum edilib. Analoqsuz hökumətimizin müdrik qərarına əsasən Azərbaycanda hər doğulan uşağa görə 95 manat birdəfəlik müavinət verilir və bununla da dövlətin uşağa qayğısı bitir.
Məlumat üçün bildirək ki, AzTv-nin acından öldürdüyü Ermənistanda birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır.
Digər MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.
Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. Iki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir.
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır. Isveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Israil dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. Isveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır. Hətta ərəb ölkələrində də vəziyyət Azərbaycanla müqayisədə xeyli yaxşıdır. Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.
Bu siyahını uzatmaq da olar, amma bir neçə nümunə real mənzərəni aydın göstərməyə kifayət edir.
Göründüyü kimi Azərbaycanda uşaq dünyaya gələn gündən müdafiəsiz qalır. Amma uşaqlara qarşı ögey münasibət təkcə uşaqpulu məsələsində ifadə olunmur. Bu ölkədə uşaqpulu verməsələr də, uşaqlardan pul alırlar. Uşaq dünyaya 800-1000 manat pul ödədikdən sonra gələ bilir. Sonra pul müqabilində uşaq bağçasına gedir, sonra böyüyüb məktəbə gedir və yenə də pul verməli olur. Gül pulu, təbaşir pulu, süpürgə pulu, müəllim pulu, bayram pulu və s. Daha sonra ali məktəbə qədəm qoyur və yüksək miqdarda təhsil pulu ödəyir. Yəni, bu ölkədə dövlət uşaqlara pul ödəməsə də, uşaqlar dövlətə pul ödəyir. Ən pis tərəfi də budur ki, dövlətə ödənilən pullar büdcəyə deyil, şəxsi ciblərə axır. Deməli, bu ölkədə dünyaya gələn uşaq rejimin eybəcər siyasətinin qurbanına çevrilir. Yüzmilyardlarla neft pulunun axdığı ölkədə uşağa 100 manatlıq qayğı göstərilmir. Hökumət uşaqlara qazanc mənbəyi kimi baxır. Hansıki, Azərbaycanda uşaqlara yuxarıda adını sadaladığımız ölkələrdən daha çox qayğı göstəmək olardı. Amma Azərbyaca uşaqlarının pulu ofşor hesablarda məskunlaşıb. Ən əsası isə Azərbaycanda dünyaya gələn hər uşaq 750 dollar xarici borcla doğulur. Dünyada uşaqların ehtiyacsız böyüməsi üçün yollar axtarırlar, bizdə isə uşaqları daha çox borc bataqlığına salmaq üçün yollar tapırlar.
Bütün bunlara nəzər salanda məlum olur ki, 1 iyun- Uşaqların Müdafisəi Gününün hələ ki, Azərbyacan uşaqlarına aidiyyatı yoxdur. Bizim ölkədə “uşaqların müdafiəsizliyi günü” qeyd olunur.
İlham