“Microsoft Word” və Isrəfilov

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun “Yeni Müsavat”a dedikləri Yeni Azərbaycan Tarixi (YAT) üçün əvəzsiz sənəddir. Tarixçilər yaşadıqları zamandan xeyli qabaqkı çağın siyasi-psixoloji rəsmini məhz bu tip sənədlər əsasında yaradırlar. Bir qatilin foto-robot vasitəsilə çizilən rəsmi kimi…
“Elnur Isrəfilov dayısı Məmməd Ibrahimlə görüşdən özü imtina edib. Elnurun həbsdə yatan qardaşı da onunla görüşmək istəməyib. Bu barədə də 5 saylı Xələc cəzaçəkmə müəssisəsinin rəisinə özləri yazılı surətdə müraciət ediblər”.
Buyurun. Sitatdan dərhal bir şey bəlli olur. Artıq iki qardaş dayısı ilə düşmən olub. Ən azı, bundan sonra düşmən olmaq zorundadırlar. Əslində, tam olaraq hələ kimsə bilmir ki, Elnur Isrəfilovla bağlı həqiqət nə yerdədi. O, dövlət başçısına əfv ərizəsi yazıbmı, yazıbsa hansı şəraitdə və hansı şərtlər altında yazıb? Ümumiyyətlə, beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” statusu alan bu gənc hansı cinayətinə görə həbs olunub və bütövlükdə bu gəncin 2 il 6 aylıq azadlığı hansı əsaslarla əlindən alınıb?
Bütün açıqlamalardan qabaq bu suala cavab verilməlidi. Söhbət YAP-ın verəcəyi cavabdan getmir. Onların cavabı hər bir halda məlumdu: ictimai asayişin pozulması, qanunsuz aksiya keçirmək cəhdi, marşrut avtobusların hərəkətinə maneçilik və hansısa dükanın vitrinin qırılması. Bu, cavab deyil. Gücsüzlüyün nişanəsidi. Istənilən bir az babat məhkəmə bunların absurd olduğunu üzə çıxara bilər, təkcə Azərbaycan məhkəmələrindən başqa.
Lakin bunlar bizimçün elə də maraqlı deyil, çünki ədliyyə sistemimizin necə çalışdığını hər kəs bilir. Məni narahat eləyən ətlə dırnaq kimi doğma olan insanların bir-birinə düşmən edilməsidir. Bu, ictimai məsələ olduğundan kimsənin haqqı çatmır ki, mənə, bu məsələdən yazan istənilən adama irad tutsun ki, “başqalarının ailə məsələsindən sizə nə?” Lakin biz kontur sualı bir daha və daha gur səslə verə bilərik: “Nədən bir ailəni bir-birinə vurursunuz? O ananın nələr çəkdiyini bilmirsinizmi? Bu, hansı insanlığa sığır?”
Bir anlıq öz bacım uşaqlarını xəyalıma gətirirəm. Eyni situasiyanı təsəvvür eləyirəm. Qulaqlara qurğuşun! Mehman Sadıqovun açıqlamasının davamındakı cümləni də öz bəd və vahiməli xəyalıma əlavə eləyəndə az qalır havalanam; “Elnur deyib ki, onun həbsində günahkar dayısıdır”. Söhbət oğurluq, quldurluq, zorlama kimi cinayətlərdən getmir. Məsələ vətən məsələsidi, demokratiya, azadlıq, korrupsiyaya son məsələsidi. Bu “suçlar” üstündə azadlıqdan məhrum edilən bacıoğlunun dayısını günahkar çıxarması… faciədi. Allah heç bir dayını belə vəziyyətə salmasın.
E.Isrəfilovun prezidentdən əfv istəməsi və YAP sıralarına qəbul olunması üçün dövlət başçısı Ilham Əliyevə müraciəti yayılıb. Maraqlıdı, vicdan məhbuslarının hamılıqla azad edilməsinin gündəlikdə olduğu bir zamanda bu əfv ərizəsi haradan çıxdı? Axı heç əqidə adamlarını demirəm, adi qüruru olan vətəndaş da suçlu olmaya-olmaya əfv ərizəsi yazmağı özünə sığışdıra bilməz. Belə çıxır ki, bir uşağın ərizəsini almaq üçün tam bir dövlət cəbbəxanası hərəkətə keçib. Görünür, bu hakimiyyətin gümanı bu bir ərizəyə gəlir. Guya dayı-bacıoğlunu düşmən elədiyinə görə mütərəqqi bəşəriyyət Əliyevə “sağ ol” deyəcək və bir də heç bir təşkilat onların avtoritarizmindən, korrupsiyasından danışmayacaq. Bu məqamda məhbəsdə YAP-dan Müsavata keçən Ülvi Quliyevin nə düşündüyü də maraqlıdı. Görəsən, o, Isrəfilovu görsə, nə deyərdi?..
Isrəfilov demişkən, mənə elə gəlir ki, bu soyadın yazılışında nəsə hərf xətası var. Hətta “Microsoft Word” də bu sözün altından qırmızı xətt çəkir…