“Silk Way Travel” AZAL-ı Dubaya həsrət qoydu

Ailəyə məxsus şirkət başqa aviareysləri də ələ keçirməyə çalışır

Azərbaycanda ən populyar hava reyslərindən olan Bakı-Dubay-Bakı reysləri AZAL-ın əlindən alınır. Bu reysləri indi “Silk Way Business Aviation” “Silk Way Travel” həyata keçirəcək.
Bir qədər əvvəl “Azərbaycan Hava Yolları” QSC Bakı-Dubay-Bakı istiqamətində aviabiletlərin qiymətlərində güzəşt tətbiq etsə də, bunun xeyri olmayıb. Şirkətin saytında bildirilir ki, bu istiqamətdə aviabiletləri 240 manatdan başlayır.
“Silk Way Travel” isə qiymətləri bir qədər də ucuz edib. Indi 219 manata sərnişin ikibaşlı reys edə bilər. Yayılan məlumata görə, Dubay istiqamətində güzəştlər bundan sonra da nəzərdə tutulur. Xüsusi ilə bayramqabağı qiymətlərin 180 manata salınacağı da gözlənilir.
2009-cu ildən Bakı-Dubay-Bakı marşrutu ilə “Fly Dubai” (bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı, cümə və şənbə) şirkəti də uçuş həyata keçirirdi.  “Silk Way Travel” isə reysləri gündəlik edəcək.
Maraqlıdır, ölkənin inhisarçı dövlət şirkəti AZAL ola-ala Bakıya təyyarə ilə gələnləri hava limanındakı posterlərdə “SW” şirkətinin reklamları qarşılayır. Ilk baxışda bu adi reklamdır, məsələnin dərinliyinə gedəndə isə məlum olur ki, bu reklamın altında çoxlu qaranlıq məsələlər, dövlət əmlakının məmurlar tərəfindən qanunsuz mənimsənilməsi barədə şübhələrə yol açan məqamlar var.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiya prospektində “Silkwaybank”ın 3 təsisçi tərəfindən yaradıldığı göstərilir.
Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkəti.
Bankın digər 2 sahibinin adları isə belədir: Əliyeva Arzu Ilham qızı və Həmzəyeva Zərifə Kamil qızı.
Bunlar prezident Ilham Əliyevin qızı və AZAL-ın rəhbəri Cahangir Əsgərovun həyat yoldaşıdır.
AZAL-ın Dubay reysindən məhrum edilməsi isə onu göstərir ki,  “Silk Way Airlines” tədricən daşıma, xüsusən də sərnişindaşıma sahəsini ələ keçirmək istəyir. Onun üçün onların parkında yetərincə təyyarə də var. Bir məqamı da qeyd edək ki, adıgedən şirkətin 49 faiz səhmləri Əliyevanın nəzarətindədir.
“Silk Way Business Aviation”in təyyarə parkında Gulfstream-550 və Gulfstream-450 (Uzaq məsafəyə uçan, böyük ölçülü ən yaxşı reaktiv biznes-sinif təyyarəsi), Gulfstream-200 təyyarələri var.
Gulfstream-650 alınacağı isə 2015-ci ildə gözlənilir.
Bu, böyük ölçülü, yüksək sürətli reaktiv biznes-sinif təyyarəsi, biznes aviasiyanın əsl qızıl standartı olacaq, dayanmadan dünyanın istənilən nöqtəsinə uça biləcək.
Şirkətin parkında Boeing – 727,  ATR – 42 – 500 təyyarələri də var. Şirkət yaxın gələcəkdə daha üç təyyarə (iki “G 250” və bir ”G 650” hava gəmisi) almağı nəzərdə tutub.

Mürsəl