Məmurlar sahibkarların əmlakını qəsb edib

Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov məhkəmədə son çıxışını edib

Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını Xətai Rayon Məhkəməsində təsisçiləri olduğu “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının qanunsuz yolla və zorakılıqla əllərindən alınması ilə bağlı Mahir Ağayevə və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddiaları üzrə proses davam edib.
Hakim Ilqar Qaralovun sədrliyi ilə keçirilən dünənki prosesdə Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov  Aslan Ismayılov son məhkəmə çıxışını edib.
Vəkil “Birlik” MMC-nin təsisçiləri Zülfüqarlı qardaşlarının  sahibkarlıq fəaliyyətindən danışaraq bildirib ki, onlar öz ailə bizneslərini 1993-cü ilə qədər Rusiyada qurmuş, mərhum  Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə Azərbaycana dönərək əllərində olan vəsaiti sərmayə kimi istehsal sahələrinə qoyublar: “2002-ci ilin aprel ayında iş adamları ilə görüşü zamanı keçmiş prezident Heydər Əliyev tərəfindən ”Bakı Elektroştamp” zavodunun özəlləşdirilməsi məsələsi Dövlət Əmlak Komitəsinə tapşırılmış, Nurəddin və Loğman Zülfüqarlılar açıq tenderdə iştirak edərək tenderin qalibi olublar. Çökmüş iqtisadiyyatı olan hər iki zavodun işçilərə, dövlətə və müəssisələrə olan borclarını ödəyib, müəssisələrə iri məbləğdə sərmayə qoyublar. Zavodların çökmüş vəziyyətdə olmasına baxmayaraq, zavodlar Dövlət Əmlak Komitəsindən yüksək qiymətə alınıb. Qoyulmuş tələbləri yerinə yetirib, ailə olaraq gecə-gündüz çalışıb, gərgin əmək və sərmayə sayəsində 2005-ci ildən zavodlar gəlirlə işləməyə başlayıb. Lakin bütün işlər nizama gəldikdən sonra  ailənin qara günləri başlanıb”.
Aslan Ismayılov deyib ki, 2005-ci ilin dekabr ayında N.Zülfüqarlı Dövlət Əmlak Komitəsinə çağırılıb və ondan sözügedən hər iki zavodun könüllü olaraq təhvil verilməsi tələb edilib: “Vəzifəli şəxslər tələblərini bununla əsaslandırıblar ki, bu biznesə yüksək vəzifəli dövlət məmuru sahib olmaq istəyindədir. Xoşluqla verilmədiyi halda, zor gücü ilə alınacağı bildirilib. Nurəddin Zülfüqarlı zavodlara 10.000.000 ABŞ dolları məbləğində sərmayə qoyduğunu bildirdikdə, onlar Zülfüqarlı qardaşlarını azadlıqdan məhrum olunacaqları ilə hədələmiş və həqiqətən də bu baş verib. Hüquq-mühafizə orqanlarının qurduğu plan əsasında Əliyeva Afət Isi qızı adlı şəxs ortaya çıxır və bu şəxsin əsassız, böhtan xarakterli ərizəsi əsasında 10 dekabr 2005-ci il tarixdə Nurəddin və Loğman Zülfüqarlı qardaşları haqqında Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən Cinayət Məcəlləsinin 182.2.1 və 182.3.2-ci maddələri ilə cinayət işi başlanıb. “11 dekabr 2005-ci ildə isə Zülfüqarlı qardaşları təqsirləndirilən şəxs kimi cəlb olunub və barələrində əsassız olaraq həbs qətimkan tədbiri seçilib. Sifariş əsasında başlanmış cinayət işi üzrə araşdırma ilk gündən qeyri-qanuni aparılıb”.
Vəkil əlavə edib ki, Zülfüqarlı qardaşları qanunsuz olaraq  4 ay həbsdə saxlanılıb. Və azadlığın əvəzində “Bakı Poladtökmə” ASC-nin və “Bakıelektroştamp” ASC-nin 80 faizini itirməli olublar: “1 saylı Istintaq Təcridxanasında Nürəddin Zülfüqarlıdan, Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda Zülfüqar Hüseynov, Loğman Zülfüqarlı və Baxış Zülfüqarlıdan Etibarnamələr alınıb, ”Birlik” Kiçik Müəssisəsinin Təsisçilərinin Ümumi Yığıncağı keçirilib və “Bakı Poladtökmə” ASC-nin səhmlərinin satılması qərara alınıb”.  
Vəkil çıxışının sonunda səhmlərin alqı-satqısı əqdindən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsini, əmlakından məhrum olması və əldən çıxmış fayda nəticəsində “Birlik” MMC-yə dəymiş maddi ziyanın əvəzi kimi 1 000 000 manat məbləğində pul vəsaitinin müştərək qaydada bütün cavabdehlərdən tutulması barədə qətnamənin qəbul edilməsini xahiş edib.
Daha sonra məhkəmədə Gəray Məmmədov və Mahir Ağayevin vəkili Ceyhun Əliyev çıxış etdi. O, iddia ərizəsinin əsassız olduğunu deyərək, iddianın təmin edilməməsini istədi. Dövlət qurumlarını təmsil edən nümayəndələr də iddianın təmin edilməməsini hakimdən xahiş etdilər. Hakim qərar qəbul etmək üçün müşavirə otağına yollandı. Qərar fevralın 27-də, saat 10.00-da açıqlanacaq.