«Sərhədsiz Reportyorlar» Əliyevə qarşı səhifə yaratdı

«Bakı üçün ulduz: mətbuat azadlığı!» internet-səhifədə Azərbaycan hakimiyyəti sərt tənqid olunur

Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” insan haqları və söz azadlığını müdafiə təşkilatının Almaniya bürosu Azərbaycanla bağlı səhifə yaradıb. “Bakı üçün ulduz: mətbuat azadlığı!” adlı səhifədə ölkəmizin “Eurovision” yarışmasına ev sahibliyinə hazırlığıyla yanaşı, Azərbaycanda insan haqları və söz azadlığının kobud şəkildə pozulduğu da qeyd olunub. Həmçinin yarışmanın keçiriləcəyi Kristal Zalın tikintisi zamanı inşaat işlərinin yerləşdiyi ərazidə yaşayan insanların zorla evlərindən köçürülməsi də orada öz əksini tapıb.
Yaradılan səhifədə Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Cənubi Qafqaz ölkələrində çalışan jurnalistlərin düşmənlərindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, ötən ilin mart-aprel aylarında Bakının müxtəlif yerlərində keçirilən dinc etiraz aksiyaları zorakı üsullarla dağıdılıb, onlarla müxalifət fəalı həbs olunub. Bundan başqa, tənqidçi jurnalist və blogerlər siyasi motivlərlə həbs olunub.
Bundan başqa, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da həbsinə toxunulub, onun siyasi hakimiyyəti tənqid etdiyi vurğulanıb.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 2005-ci ildə qətlə yetirilməsi də yeni yaradılan səhifədə xatırlanıb. Əlavə olunub ki, tənqidçi yazar Rafiq Tağı da ötən il naməlum şəxslər tərəfindən qətlə yetirilib. Bu qətl hadisələrindən heç birinin üstü açılmayıb.