Dillər Universitetində YAP biabırçılığı FOTO

azdi

700 min üzvü olan partiya iclaslara necə adam toplayır?

Hakim Yeni Azərbaycan Partiyası biabırçılıq seriyasını davam etdirməkdədir. Artıq 2 gündür sosial şəbəkələr YAP-ın növbəti “analoqsuz”luğunu müzakirə edir. Belə ki, Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin 14 tələbəsi YAP-ın iclasında iştirak etmədiklərinə görə töhmət alıblar.

Həm də bu töhmət fakültənin dekanının möhür və imzası ilə təsdiqlənib. Bəli, 700 min üzvü olduğunu iddia edən partiyanın iclasına 20-30 nəfəri məcburi şəkildə toplayırlar. Təkcə bu fakt sübut edir ki, YAP-ın sıraları məcburiyyət, şantaj vasitəsilə genişlənir. Əminliklə demək olar ki, bu 14 tələbə növbəti iclasa da getməslər universitetdən qovula bilərlər. 21-ci əsrdə bizi idarə edənlərin təfəkkürünün cahillik dövrünün standartlarına uyğun olduğu aydın görünür.

Xalqın 97 faizi hökuməti dəstəkləyir”, “Gənclər YAP-ı seçir” təbliğatı aparanlar, minnətlə, xahişlə, məcburiyyətlə iclaslarına adam yığırlar. Eynən seçkidə olduğu kimi, eynən YAP-ın mitinqlərində olduğu kimi, eynən YAP rəhbərliyinin regionlardakı görüşlərində olduğu kimi. Əlbəttə, səmimiyyət, sevgi, rəğbət yoxdursa, adamları yalnız qorxuyla, şantajla ətrafına yığa bilərsən.

Müxalifətin mitinqlərində adamların az toplaşdığı hissələrdən fotolar çəkib “xalq müxalifəti dəstəkləmir” təbliğatı aparanlar, iclaslarına 10 nəfər yığa bilmədiklərini rəsmən etiraf edirlər.

Ümumiyyətlə, Universitetin dekanı hansı əsasla, hansı qanuna istinad edərək tələbləri YAP-ın iclasına göndərir? Universitet təhsil müəssisəsidir, yoxsa YAP-ın qərargahı? Axı, bu tələbələr YAP-ın iclasında nə öyrənə, nə eşidə bilərlər? Yaltaqlanmağı, rüşvət almağın yollarını, günahsız insanları şərləməyi? YAP-ın Yasamal şöbsənin sədri Tağı Əhmədov deyir ki, Akif Çovdarova 3 milyon rüşvət vermişəm, YAP-ın başqa bir üzvü mandat alveriylə gündəmə gəlir, YAP-ın vəzifə tutmuş bütün üzvləri neqativ əməlləriylə məhşurlaşıb və bu faktları sadalamaqla qurtarmaz. YAP hansı müsbət nümunəni yaradıb ki, tələbələr bu partiyanın iclasında iştirak etmək üçün can atsınlar? Adamlardan üzvlük haqqı almaq, adamları yüksək təhsil haqları ilə yükləmək azmış kimi, indi töhmət verirlər.

Əslində, ən böyük töhməti həmin dekana, Təhsil Nazirliyinə və bu ənənəni yaratmış YAP-a vermək lazımdır.

Istənilən halda bu töhmət əmri YAP-ın ifşasıdır və hakim partiyanın mahiyyətini ortaya çıxarır. Təxminən “məni sevməyənlər töhmət alacaq” mesajı verirlər. Birdə ki, YAP-ın iclaslarında səslənən fikirləri tələbələr AzTv-dən 23 ildir eşidirlər. Adamlar eyni yalanlardan beziblər.

Təkcə bu 14 tələbəyə verilən töhmətə görə hakimiyyətə şiddətli töhmət düşür. Heç kimə sirr deyil ki, iclaslara adam göndərmək özfəaliyyət deyil, yuxarının tələbidir.

Görəsən, həmin iclasda neçə nəfər iştirak edib? Bəlkə də iclas həmin 14 nəfərin üzərində qurulacaqmış və onlar da iclası boykot edib. Yoxsa, 700 min üzvü olan partiya 14 nəfərin yoxluğunu hiss etməzdi.

Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin evinin qarşısına getməyən tələbələrə də töhmət vermişdilər. Hökumət indi də iyrənc ssenarilərə tələbələri ortaq edir. Köhnə kadrların hamısı cəmiyyətdə nifrətlə qarşılandığı üçün, yeni aktyorlar axtarırlar. Amma göründüyü kimi heç kim belə ssenaridə rol almaq istəmir.

Akif