“Səhər”in həbs edilən əməkdaşı Əli Həsənova cavab verdi

Vəkil Anar Qasımlı fevralın 24-də Bakı İstintaq Təcridxanasında saxlanan məhbus jurnalist, İranın “Səhər” telekanalının Bakı nümayəndəliyinin müxbiri Anar Bayramlı ilə görüşüb.

Anar Qasımlının “Media forum” saytına verdiyi məlumata görə, Anar Bayramlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun onun barəsində dediklərinə aydınlıq gətirib.

Əli Həsənov jurnalistlərə açıqlamasında İran televiziyasının Azərbaycanda rəsmi akkreditasiyadan keçmiş jurnalisti, müxbiri, yaxud əməkdaşının olmadığını deyib. Şöbə müdiri qeyd edib ki, İran televiziyasının Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş nümayəndəsinin adı bəllidir: “Onunla bağlı Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarda qeydlər var. Amma mətbuatda adı İran televiziyasının müxbiri kimi çəkilən adda əməkdaş yoxdur”.

Anar Qasımlı hüquqlarını müadfiə etdiyi şəxsin deyilənləri təkzib etdiyini vurğulayıb: “Anar deyir ki, o, “Səhər” telekanalının Bakı nümayəndəliyinin müxbiridir. Deyir ki, əgər mənim İran televiziyasının müxbiri olaraq Azərbaycanda akkreditasiyam yox idisə, İran prezidentinin Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə rəsmi görüşü necə müşayiət edirdim? İran prezidentinin burada keçirdiyi bütün görüşlərdə jurnalist kimi iştirak edib. İrandan Azərbaycana rəsmi qaydada gələn bütün nazirlərin, rəsmilərin ikitərəfli, çoxtərəfli görüşlərinə qatılıb.

Anar sual edir ki, əgər qeydiyyatı yoxdursa, rəsmi səviyyədə təşkil olunan bu görüşlərdə necə iştirak edib? İran müdafiə nazirinin Azərbaycanın müdafiə sənayesi naziri ilə sonuncu görüşü misal çəkib. O, bütün rəsmi görüşlərdən reportajlar hazırladığını, həmin süjetlərin “Səhər” kanalında nümayiş olunduğunu deyib”.

Anar Bayramlı 1980-cı ildə Bakıda anadan olub. Subaydır. 1997-ci ildə Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. Oranı bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. Lakin təhsilini yarımçıq saxlayıb. 1999-2000-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra 2008-ci ilədək fərdi əməklə məşğul olub. 2008-ci ildən “Səhər” telekanalının Bakı nümayəndəliyində müxbir kimi çalışır.

Fevralın 17-də barəsində həbs qətimkan tədbiri seçilən Anar Bayramlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur. Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.