Milli Şuranın üzvü Bakı aeroportunda saxlanıldı

yalcin-qehramanogluCəmil Həsənli: “Yalçın bəyin həbsi onun Milli Şuranın üzvü olması ilə bağlıdır”

Əli Kərimli: “Hər zaman arxasında gizləndiyiniz milli mənəvi dəyərləriniz budurmu?”

Ukraynada Azərbaycan diasporunun nümayəndəsi, Milli Şuranın üzvü Yalçın Qəhrəmanoğlu Bakı aeroportunda həbs edilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatda deyilir ki, Yalçın Qəhrəmanoğlunun anası vəfat edib və o da Bakıya anasının dəfn mərasimində iştirak etmək üçün gəlib. Lakin ona dəfnə qatılmağa imkan verməyiblər və aeroportdaca saxlayaraq aparıblar. Bir qədər sonra isə onun sərbəst buraxıldığı barədə məlumat yayılıb.

Yalçın Qəhrəmanoğlunun həbsinə Milli Şura sədri Cəmil Həsənli feysbuk səhifəsində münasibət bildirib.

“Baş verən hadisə heç milli-mənəvi, əxlaqi dəyərlərə uyğun deyildir. Yalçın Qəhrəmanoğlu Ukraynadakı Azərbaycan diasporunun ən nüfuzlu nümayəndəsidir. Yaşadığı respublikanın ictimai və mədəni həyatında, xüsusilə Krım tatarlarının haqqının və hüququnun müdafiə edilməsində aktiv iştirak edir. Şübhəsiz ki, Yalçın bəyin həbsi onun Milli Şuranın üzvü olması ilə bağlıdır və hüquq mühafizə orqanlarının, Azərbaycan hakimiyyətinin Milli Şura üzvlərini təqib etməsi yeni hadisə deyildir. Lakin ən əziz adamını itirmiş bir adamı Milli Şura üzvü olduğuna görə saxta ittihamlarla həbs edib anasının dəfninə buraxmamaq hüquqa zidd olduğu kimi, mənəvi dəyərlərə də ziddir”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP lideri Əli Kərimli də feysbuk səhifəsində bu hadisəni xəbər verib və pisləyib.

“Milli Şuranın üzvü, Ukraynadakı Azərbaycan diasporunun liderlərindən biri Yalçın Qəhrəmanoğlu anasının dəfnində iştirak etmək üçün Bakıya gəlib. Onu Bakıya enən kimi həbs ediblər, anasının dəfninə qatılmağa imkan verməyiblər. Yalçın bəy cinayətkar deyil, ictimai-siyasi xadimdir. Tutaq ki, hüquq mühafizə orqanlarının Yalçın bəyə sualları var idi, lap nəyə görəsə onu həbs etmək istəyirdilər. Yalçın bəyi nəzarətə götürüb, anasının yas mərasimini başa vurduqdan sonra saxlamaq olmazdımı? Hər zaman arxasında gizləndiyiniz milli mənəvi dəyərləriniz budurmu? Hər belə anti-insani hərəkətin xalqı bir az da hiddətləndirdiyinin fərqində deyilsiniz? Allah Yalçın bəyin anasına rəhmət eləsin. Yalçın bəyin özünə isə azadlıq tələb edirik!”, – deyə o yazıb.