Xocalı qətliamından danışan AXCP sədri Azərbaycandakı avtoritar rejimin fəsadlarından da bəhs etdi
Xocalı soyqırımı ilə bağlı ötən gün Türkiyənin “Kanal B” telekanalı AXCP sədri Əli Kərimlidən açıqlama alıb. Televiziyanın soyqırıma həsr etdiyi verilişə telefonla qatılan Əli Kərimli Xocalı soyqırımının başvermə səbəblərini və faciənin mahiyyətini izah edib.
Xocalı soyqırımında ermənilərin bütün türk millətini hədəflədiyini deyən AXCP lideri Türkiyədə bu gün münasibətilə görülən işləri, keçirilən aksiyaları təqdir edib, təşəkkürlərini çatdırıb. Əli Kərimli bildirib ki, Azərbaycan və Türkiyənin acıları və şirinləri eynidir, buna görə də Xocalı faciəsinə Türkiyənin bu cür yanaşması təbiidir.
Əli Kərimli “Kanal B”də Fransada bu yaxınlarda qəbul olunmuş məlum “erməni qanunu”na da münasibətini açıqlayıb. O deyib ki, avtoritar Əliyev hakimiyyətindən fərqli olaraq, Azərbaycan xalqının həmin qanuna münasibəti çox sərtdir. Sadəcə, ölkədəki rejim o narazılığı ifadə etməyə imkan verməyib. Buna görə də qardaş ölkənin ictimaiyyəti ancaq ayrı-ayrı ziyalıların, cəsarətli insanların və müxalifətin timsalında Türkiyəyə olan dəstəyi əsas götürməlidir.
İnformasiya şöbəsi