Xədicə Ismayıl OCCRP-yə müsahibəsində nələrdən danışıb?
Il yarımlıq həbsdən sonra bugünlərdə azadlığa buraxılan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə müsahibə verib. Eyni zamanda, bu təşkilatla da əməkdaşlıq edən jurnalist həbsxanada keçirdiyi 537 gün ərzində baş verənlərdən, Azərbaycanda hazırkı ictimai-siyasi durumdan danışıb.
Jurnalist bildirib ki, həbsxanada müəyyən problemlər olsa da, heç vaxt şəraitdən şikayətlənməyib: “Qərar vermişim ki, heç vaxt saxlanma şəraitindən şikayətlənməyəcəm, adamlar da həbsdən qorxmasınlar. Çünki hökumətin də istədiyi budur ki, jurnalistlər, fəallar, siyasətçilər həbsdən qorxsunlar və tənqidlərdən çəkinsinlər. Orada qorxulu heç nə yoxdur. Özünüz də görürsünüz ki, mən enerji doluyam”.
Həbsdən buraxılmasından danışan jurnalist qeyd edib ki, ölkədən çıxışı məhdudlaşdırılıb, hər ay polis idarəsinə gedib, heç bir cinayət törətmədiyi barədə izahat verməlidir: “Qərarda göstərilib ki, mən dövlət vəzifəsi tuta bilmərəm, halbuki, mənim heç belə vəzifəm yox idi. Qoy dövlət vəzifələrini özləri tutsunlar. Mən öz işimi görəcəm. Ilk növbədə işimi Avropa Məhkəməsinə çıxaracam. Çünki qərarla razı deyiləm və tam bəraət almaqda israrlıyam. Ali Məhkəmə daha iki ittihamı üzərimdən götürdü, amma ikisi – qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları qalıb. Onlar da saxtadır, yalandır. Hələ də məhkəmə qərarını ala bilməmişəm ki, görüm, prokurorluğun gəldiyi nəticələrin hansı hissələrində yalanlar tapıblar”.
Həbsxanada ünsiyyət imkanlarının məhdudlaşdırıldığını deyən jurnalistin sözlərinə görə, onunla eyni vaxtda həbsdə olan Leyla Yunusu görməsinə Kürdəxanıdakı istintaq təcridxanasında qadağa qoyulmuşdu.
Xədicə Ismayıl həbsdən buraxılan gün biri blogger, digəri fotoreportyor olmaqla, daha iki gəncin həbs olunması barədə suala belə cavab verib: “Bu, Azərbaycanda türmələrin siyasi məhbuslarla dolub-boşalmasıdır. Birini buraxıb, əvəzində ikisini tuturlar”.
Xədicə Ismayıl qeyd edib ki, dərhal araşdırmalarını davam etdirməyə başlayacaq: “Azadlıq” radiosuna və OCCRP-yə qayıdıb, araşdırmalarımı davam etdirməyimə şadam. Mənim boru kəmərilə bağlı başa çatdırılmamış araşdırmalarım var. Mən bütün məlumatları bərpa edib, yenidən işləməyə başlayacam. Həmçinin “Panama sənədləri”ni əldə etməyə çalışacağam”.
Jurnalist həbsxanada “Panama sənədləri” haqda necə xəbər tutmasından da danışıb: “Hökumət qəzetləri Panama sənədləri haqda material dərc eləmişdilər, amma onların yazdıqlarında Azərbaycan məmurlarından yox, başqa ölkələrin vəzifəli şəxslərinin əməllərindən bəhs olunurdu. Amma mən ”Azadlıq” qəzetinə də abunə olmuşdum. “Azadlıq” Azərbaycanda yeganə tənqidçi qəzetdir. Beləliklə, mən OCCRP və digər təşkilatların araşdırmalarını oradan oxuyurdum”.
Xədicə Ismayıl həbsdəki digər jurnalistlər, o cümlədən “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi barədə sualı da cavablandırıb: “Seymur yaxşı həmkardır, çox cəsarətli jurnalistdir. O, siyasi vəziyyət barədə analitik yazıları ilə məşhurdur. Onun aparıcılıq etdiyi, peyk vasitəsilə yayımlanan ”Azərbaycan saatı” televiziya proqramı xüsusən bölgələrdə, kəndlərdə çox populyardır. Təəssüf ki, Ali Məhkəmə Seymur barədə eyni qərarı vermədi.
Biz daha çox işləyib, nəhayət, hökumətə başa çalmalıyıq ki, Seymur kimi jurnalistləri həbsxanaya salmaq çıxış yolu deyil. Bunun üçün həm də daha çox beynəlxalq təzyiqə ehtiyac var. Həbsdəki bütün jurnalistlər əhəmiyyətlidir, adamlar xüsusən Seymuru daha çox oxuyurlar, bəyənirlər”.
Siyasət şöbəsi