Avropalı üçün kanalizasiya çayı

“Azadlıq” radiosunun “Eurovision-2012″ musiqi yarışması ilə bağlı hazırladığı araşdırma yazısı adamı dəhşətə salır. Bu ölkədə korrupsiyanın miqyasını təsəvvür eləməkdən ötrü təkcə bu yarışmanın təşkili üçün büdcədən ayrılmış məbləğə fikir vermək yetərlidi – 400 milyon manat!!! Bir km. yol üçün 36,4 milyon! Dünya standartından 30 dəfə baha!!!
Yazının əvvəlində Tərtərin Qaynaq kəndində su çatışmazlığı ilə bağlı dəhşətli vəziyyət real şəkildə təsvir edilir. Sadəcə – dəhşət! Insanlar yağış suyu içirlər. Bir yanda varlı insanların bir neçə günlük əyləncəsi üçün ayrılan nəhəng məbləğ, bir yanda isə Allahın bir ovuc təmiz suyuna həsrət qalmış təşnə uşaqlar, qocalar, xəstələr. Və daha 15 rayonun su problemi. Büdcənin pulları isə “Eurovision” əyləncəsinin daha təmtəraqlı təşkilinə və daha çox korrupsiya əməliyyatlarına yönəldilir.
Rayonlarda, xüsusilə Muğan zonasında əhaliyə suyun hansı şəkildə verildiyini ən azı, bu rayonlara yolu düşənlər yaxşı bilir. Həftədə iki kərə, özü də gömgöy yığıntı, qalıq suları. Filtrdən keçirilməmiş. Sadəcə, dövlət bu bölgənin su təchizatında hansısa gölməçədən, çirki kanallardan suyu çəkib həftədə iki dəfə camaata ötürən su nasosu rolunu oynayır. Əminəm ki, Avropanın bir heyvan vətəndaşına, məsələn, itə bu suyu versən, adamın üzünə tüpürər, tüpürcəyini yalar, ama bu suyu içməz. Indi insanına it yalı yedizdirən, itin içməyəcəyi suyu içirdən bir hakimiyyət Avropaya özünü adam kimi göstərmək istəyir. Bir gülləylə iki quş vurmaq buna deyirlər – sözügedən yazıda iqtisadçı Natiq Cəfərli hökumətin “Eurovision” müsabiqəsindəki görməmişliyinin, büdcə yırtıcılığının səbəblərini belə izah eləyir: “Birincisi, nəzarətsiz, qeyri-şəffaf xərclənən pullar korrupsiya mənbəyinə çevrilir. Ikincisi, hakimiyyət öz düşüncəsinə və dünya görüşünə görə, bu yarışmaya qatılanları, beynəlxalq KIV-i meqalayihələrlə, vizual görüntü ilə heyrətə salmaq istəyir”.
Belədə deyirlər, evində yox urvalıq, könlündən keçir darğalıq. Avropa insanı belə parıltıları ərəb ölkələrində çox görüb – insanları qəbirdə yaşayır, qüllələrinsə başı göyə çatır. Öz insanını adam saymayıb, hər şeyi bir ovuc şərəfsiz korrupsioner və xarici turistlər üçün hesablamaq…
Olmuş bir əhvalatı danışım. Hansısa layihə ilə bağlı rayonumuza bir yapon gəlibmiş. Bolqarçayın üstündəki çayxanada oturub çay içirmişlər. Çaya baxıb təəccüblə deyir: “Niyə bu kanalizasiyanın üstünü örtmürlər? Axı buradan ətrafdakı insanlara, xüsusən uşaqlara mikrob saçılır!” Hadisəni danışan deyir: yaponu müşayiət eləyən bizim vətəndaş isə utandığından ona deyə bilməyib ki, başına dönüm, Tamura-san, bu, kanalizasiya xətti deyil, bizim suyundan içdiyimiz məşhur Bolqarçaydı…
Indi rayonda kimin evinə getsən, qarşına çay gətirəndə mütləq, bəribaşdan deyirlər: “Siz Allah, bağışlayın, suyumuz yaman gündədi, hovuzda durultmaq da xeyir eləmir. O gün gedib qonşu rayondan bir maşın quyu suyu gətizdirdik, o da iki günə göyərir, iy verir”. Halbuki, hamı çalışır ki, çayına kəklikotundan-zaddan qarışdırsın ki, çaya rəğbət eləyə biləsən. Hələ bu suda bişirilən yeməkləri xəyalınıza gətirin…
Təsəvvür eləyin, təpədən dırnağacan bu qədər korrupsiya üfunətinə bulaşmış rəhbərlər hələ özlərini Avropaya mədəni göstərməyə çalışır da. Avropadan korrupsiyaya qarşı mübarizəyə görə aldıqları nəhəng qrantları basıb yemək üçün hansısa müfəttişi, tibb bacısını, müəllimi, həkimi bir ay hərləyib-fırlayıb ilişdirərək həbsə atanların üstdən nə geyinmələrinin heç bir önəmi yoxdu. Müasir rus satiriki Mixail Zadornov demişkən, iyli qoltuğa dezodorant vurandan sonra alınan qoxu daha dəhşətli olur. Hələ indidən avropalıların bu üfunətdən burunlarını tutduğu göz qabağındadı. Əsl iy isə sonra çıxacaq…