Amma Qız qalası da köhnədir…

saadet-cahangir-koseSəadət Cahangir

Biz bu 24 ildə ölkənin sökülməsinə öyrəşmişik. Hər kəs öz səlahiyyəti daxilində necə bacarırsa, eləcə də sökür. Əslində, bütün tikintilər də elə o “sökmə”lər üçündür. Deyirlər, tikintidə yaxşı qazanc var. Bunu da o sahəni monopoliyasında saxlayanlar bilər, əlbət. Biz bu illər ərzində o qədər tarixi binaların sökülüb yerində bayağı, zövqsüz tikililərin dikilməsinə alışmışıq ki, daha məsələlərə reaksiya verəcək gücümüz də qalmayıb. Tikən tikir, sökən sökür. Dəyirman öz işində, çax-çaxı baş ağrıdır, sadəcə. Paytaxtın arxitektura əhəmiyyəti daşıyan o qədər xatirəsi silinib gedib ki, indi yeni bir mərhələnin başlamasında da təəccüblənəcək nəsə görmürəm. Təkcə “Sovetski” məhəlləsində 21 belə obyektin kürünüb tökülməsi ilə bağlı qərar var. Nə deyək, bizi eşidib saya alan yox.   “Hökm onun hökmüdürür, fərman onun fərmanıdır…”  Hələ baş memar da hökumətin planına haqq qazandırmaq üçün durub deyir ki, o binalar köhnə olduğuna görə sökülməlidir. Bir peşəkar memar bunu deyirsə, başqasından nə gözləyəsən daha? Əfəndilər, iş binanın yaşındasa, Bakıda Qız qalasından köhnəsi yoxdur, elə bilirəm. Sürün ekskavatorları Içərişəhərə, onu da uçurun tökün yerə. Yerində illərdir tikdiyiniz ilan-qurbağa şəkilli şüşə binalardan birini dikəldərsiniz, çıxıb gedər…

Xatırlayarsınız, Nazirlər Kabineti bu söküntü işləri ilə bağlı mart ayında bir qərar vermişdi. Həmin qərara əsasən paytaxtın 9 rayonunda 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının sökülməsi nəzərdə tutulur. Texniki istismar müddəti bitmiş yaşayış binalarının sökülməsinə kimsə etiraz etmir. Iş burasındadır ki, bu beşillik planın 5 ilə reallaşması, sadəcə, mümkün deyil. Bunu mən demirəm, məsələyə münasibət bildirən mütəxəssislərin fikri belədir. Tanınmış iqtisadçı Oqtay Haqverdiyev deyir: “Beş il ərzində köhnə binaları sökmək və yerində yeni evlər tikmək mümkün deyil. Bu gün ölkəmizdə bu qədər pul yoxdur. Nazirlər Kabinetinin planlarının gerçəkləşməsi üçün beş yox, heç olmasa 50 il lazımdır”. Bəli, daha belə böyük işlərə pul qalmadığını hamı bilir. Ancaq hökumət də özünü sındırmır. Qərarını verir, planını açıqlayır, müzakirə mövzusu açıb bizi danışdırır. Yəni görüntü belədir ki, ölkədə iş gedir, hər şey yerli-yerində, hər kəs də işinin başındadır. Belə yalanları on illərdir eşidirik, bu da olsun onlardan biri. Məsələ həqiqətən də şəhərin insanlara təhlükə yaradan qəzalı binalarını söküb, yenilərini tikmək idisə, bunu neft pullarının gəlhagəl vaxtında etmək olardı. Yəni paytaxtın başından basan bu yöndəmsiz və bahalı göydələnləri əliyandımda tikib qaldırmağın anlamı nəydi ki? Ya “SOCAR” kimi şirkətlərə böyük milyonlar bahasına 40 mərtəbəli bina tikməyin mənası? Ümumiyyətlə, bu şəhərdə o qədər təyinatsız bahalı obyektlər inşa olunub ki, adamın əli yerdən-göydən üzülür. Ölkə yüz dərdin içində ikən, nədir bu qədər israfçılığın mənası? Anlayana eşq olsun.

Nəysə… Belə görünür ki, hələ paytaxtda uzun zaman sökhasök davam edəcək. Yerini necə, hansı vəsaitlərlə dolduracaqlar, bilmirəm. Amma söküb-tökmə işi dəqiq olaraq gündəmdə qalır. Hələ baş memarın dediyi kimi, arxitektura binalarının da tozu göyə sovrulacaqsa, Bakının işi müsibətdir. Allah axırımızı xeyir eləsin…