Turizm sektoru 1 mlrd manat qazanıbsa, bu niyə özünü vergidə göstərmir?
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ötən il Azərbaycana gələn turistlərin sayı və turizm sahəsindən əldə edilən gəlirlərlə bağlı rəqəmlər açıqlayıb. Nazirin sözlərinə görə, 2011-ci ildə Azərbaycana 2,2 mln əcnəbi gəlib, 1,8 mln-u turist olub. Bu da 2010-cu ilin göstəricisindən 14% çoxdur. Əcnəbilərin səfəri dövlət büdcəsinə 1 mlrd manat gəlir gətirib. Bu rəqəmlər nə dərəcədə realdır və 1 mlrd manatdan büdcəyə daxl olan vergi yükü nə qədərdir?
“Əldə edilən qazanc yalnız sahibkarlara məxsusdur”

Iqtisadçı-ekspert Rövşən Ağayev 2011-ci ilin nəticələri ilə bağlı statistik məlumatların yalnız hökumət qurumlarının əlində olduğunu və ictimaiyyət üçün açıqlanmadığını deyir. Bu səbəbdən də ölkəyə gələn turistlərin sayı nə dərəcədə artdığını, bundan əldə edilən gəlirin nə qədər olduğunu demək çətindir. Bunu bilmək üçün statistik məlumatların üzə çıxmasına ehtiyac var.
Ekspert turizm sahəsindən əldə edilən vergilər barədə də məlumatların açıqlanmadığını qeyd etdi. Çünki Vergilər Nazirliyinin açıqladığı statistikada da bu rəqəmlər əks olunmayıb. Əgər nazirin dediyi rəqəm doğrudursa, ölkəyə gələn turistlərin sayı, onlardan əldə onun gəlirlər də artırsa, onda bu büdcədə də özünü göstərməlidir. Ancaq istənilən halda turizm sahəsindən büdjəyə daxil olan vergilərin məbləği çox kiçikdir. Çünki ölkədə qeyri-neft sektorunda vergidən yayınma problemləri mövcuddur. Buna heç bir nəzarət mexanizmləri də yoxdur.
R.Ağayevin turizm obyektlərinin, otellərin ayrı-ayrı məmurların nəzarətində olması onu deməyə əsas verir ki, əldə edilən qazanc yalnız sahibkarlara məxsusdur. Eyni zamanda turizm sahəsinin gəliri kimi göstərilən vəsaitlərə Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin digər dövlət qurumlarının xarici qonaqların səfərlərinə ayırdığı vəsait də daxildir: “Hökumət tez-tez tədbirlər, müsiqi yarışmaları təşkil edir və bunun üçün xaricdən qonaqlar dəvət olunur. Mədəniyyət və Turizm Nazirliyinin büdcəsindən ayrı-ayrı turizm obyektlərinə bu tədbirlərin keçirilməsi üçün külli miqdarda pul köçürülür. Bu vəsaitlər də ümumi turizm obyektlərinin gəliri kimi göstərilir. Ona görə də nazirlik əldə edilən gəlirlərin hansı hissəsinin xarici turistlərin səfərlərindən əldə edildiyini açıqlamalıdır”.
“Bu sahədən büdjəyə daxilolmalar yoxdur”
![]()
Iqtisadçı-ekspert Məhəmməd Talıblının sözlərinə görə, əgər turizmdən 1 mlrd manat gəlir əldə edilibsə, bu turizm sektorundan büdcəyə daxil olmalarda da özünü göstərməlidir. Lakin bu sahədən büdcəyə daxilolmalar demək olar ki, yoxdur. Indiki halda büdcə ödənişlərinin artmasında vergilər deyil, Neft Fondundan transfertlər böyük rol oynayır. Turizm isə qeyri-neft sektoru olduğu üçün onun büdcəyə daxil olmalardakı əhəmiyyətli payından danışmaq olmaz. Bu səbəbdən də nazirin dedikləri ciddi bəyanat kimi qəbul edilə bilməz. Bu əslində onun göstərir ki, istər turizm, istərsə də kənd təsərrüfatında inkişaf, dinamika haqqında deyilən sözlər reallığı əks etdirmir. Bu ilk növbədə özünü büdcədə göstərməlidir. Biz isə bunu görmürük.
Fizzə


