Seymur Həziyev polisə təklif verib

“Hüquq mühafizə orqanları mənə qarşı cinayətin üstünü açmaq istəmir. Mən bu məsələdə polisə əməkdaşlıq təklif etsəm də, buna maraq göstərmirlər”. Jurnalist, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev “Media forum” saytına açıqlamasında belə deyib.

Jurnalist bildirib ki, onu oğurlayıb döyən şəxslərdən birinin üzünü tam yadında saxlayıb: “Digərlərini isə təsvir edə bilərəm. Ona görə də polisə təklif etmişəm ki, birlikdə cinayətkarların fotorobortunu hazırlayaq. Bu işdə polisə kömək edə bilərəm. Amma polis buna maraq göstərmir. Bu da onu deməyə əsas verir ki, mənə qarşı cinayətin arxasında hakimiyyət dayanır”.

Seymur Həziyevi 2011-ci il martın 26-da qara maskalı 6 nəfər naməlum adam oğurlayaraq döyüb. Onlar jurnalisti gecə vaxtı evinə gedərkən yaşadığı Ceyranbatan qəsəbəsində döyə-döyə mikroavtobusa mindiriblər. Avtomobildə Seymur Həziyevin başına maska keçirib yenə döyüblər. Təxminən 20-25 dəqiqə yol qət edərək onu bir evə gətiriblər. Naməlum şəxslər jurnalisti palçıqda sürüyüblər, videoya çəkiblər, sonra gətirib bir yerdə küçədə tullayıblar. Jurnalisti döyənlər ona “ağıllı olmağı, camaat necə yaşayırsa, elə yaşamağı” məsləhət görüblər.

Bu hadisədən sonra da Seymur Həziyevlə bağlı narahatlıq doğuran məlumatlar yayılıb, jurnalist izləndiyi barədə açıqlamalar verib. 2012-ci ilin fevralında Seymur Həziyev bir daha izləndiyini bəyan edib. O deyib ki, bir neçə gündür naməlum şəxslər onu izləyir, təqibçilər hətta onun arxasınca “Azadlıq”ın redaksiyasına qədər gəliblər. Jurnalist məsələ ilə bağlı bir dəfə Daxili İşlər Nazirliyində olub, iki dəfə Abşeron polisində ifadə verib.