Ötən il Bakıda yol təmirinə 100 milyon ayrılıb

İqtisadçılar isə bu vəsitin heç dörddə birinin xərclənmədiyini deyirlər

2011-ci ildə Bakı Şəhər Icra Hakimiyyəti 221 milyon 117 min manatlıq tender keçirib. Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş bu məlumata görə, şəhər rəhbərliyi ötən il paytaxtda yeni fəvvarələrin inşasına 20 milyon 5 min 690 manat, tarixi əhəmiyyətli binaların və adi binaların dam örtüklərinin, fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılmasına 88 milyon 710 min 370 manat xərcləyib.
Bakı Şəhər Icra Hakimiyyətinin inzibati binasının təmiri ilə bağlı elan olunmuş tenderdə “Abad” ITTFŞ qalib seçilib və bu işlərə 1 milyon manat ayrılıb. Bakı və onun qəsəbə, kənd yolların əsaslı təmiri, yolların asfalt örtüyünün təmir və yenidənqurmasına ümumilikdə 101 milyon 312 min 343 manatlıq tender keçirilib. Mənzil fondunun əsaslı təmir və yenidənqurmasına 1 milyon 778 min 366 manat, Bakının küçə və prospektlərinin abadlaşdırılmasına 21 milyon 424 min 157 manat verilib. Bakıdakı gül və gül məhsullarına 20 min, əkin materiallarına 4 milyon 245 min 254 manat, ağac-bəzək bitkilərinə 142 min 550 manat sərf olunub. 340 min manata isə gübrə alınıb (“Azadlıq” radiosu).
Bu rəqəmlər arasında ən diqqətçəkəni yol təmirinə xərclənən vəsaitdir. Xəbərdən də göründüyü kimi, ötən il Bakı və onun qəsəbə, kənd yolların əsaslı təmiri, yolların asfalt örtüyünün təmir və yenidənqurmasına 102 milyon manata yaxın vəsait sərf olunub. Təkcə bir faktı – yol salınması və təmiri işləri ilə yalnız Bakı meriyasının məşğul olmadığını nəzərə alsaq, qurumun payına düşən bu məbləğin nə dərəcədə fantastik olduğunu anlaya bilərik. Çünki nə Bakının özündə, nə də qəsəbə və kəndlərində 102 milyona adekvat yollar görmək mümkün deyil.
Elə iqtisadçılar da bu rəqəmin şişirdildiyini deyirlər. Onların sözlərinə görə, sözügedən məqsəd üçün nəinki 102 milyon, heç bu rəqəmin dörddə biri qədər vəsait xərclənməyib: “Yollara bağlı işləri təkcə Bakı Şəhər Icra Hakimiyyəti görmür. Bu işi əsasən Nəqliyyat Nazirliyinin və ”Azəryolservis” həyata keçirir. Deməli, yerdə bir neçə küçənin təmir işləri qalır ki, buna da 100 milyondan artıq vəsaitin sərf olunması qətiyyən real deyil. Tək Bakıda yox, onun kəndlərində də hansı işlərin görüldüyü də hamıya bəllidir. Burada böyük işlərdən söhbət gedə bilməz. Görülən işlər yarımçıq və keyfiyyətsiz olub. Sözsüz ki, ortada olan məbləğ çox böyükdür. Ən bahalı qiymətlərlə belə o pula yüz kilometrdən çox yol çəkmək olar. Meriyanın təmir etdiyi, yamadığı yollara isə nəinki bunun yarısı, heç dörrdə-biri qədər vəsait sərf olunmayıb”.