Razindəki meşəni kim hasarlatdırıb?

Bir vaxtlar möhtəşəm və bənzəri olmayan meşə məqsədyönlü şəkildə məhv edilir

Qaraçuxur qəsəbəsində şam ağacları qırılır. Bu barədə məlumatı “Azadlıq”a qəsəbə sakini Rəbiyyə Cəfərqızı verib. Onun sözlərinə görə, sözügedən meşəni 60-70 il əvvəl məktəblilər salıb: “Meşə indi göz görə-görə məhv edilir. Bir neçə il öncə meşəni hasarladılar. Dedilər ki, Cəlal Əliyevin obyektidir. Daha doğrusu, mənim şikayətim əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bura baxış keçirdilər. Yaşıllaşdırma idarəsinin Vaqif adlı işçisi təsdiqlədi ki, bağ Heydər Əliyev fonduna məxsusdur”.
Şikayətçi bu meşəni Mehriban Əliyevanın zəbt etməsinə inanmır. O, israrla bildirir ki, fondun rəhbəri Bakıda möhtəşəm və bənzəri olmayan bir meşənin məqsədyönlü şəkildə qurudulmasına və zəbt edilməsinə razı olmaz: “Mən nəvəmə meşə göstərmək istədim. Ancaq biz orada meşə yox, zibilxana gördük. Meşənin ortasında ağaclar qırılaraq üst-üstə qalaqlanıb. Yaxınlıqda tikilmiş villadan bilərəkdən bağa kanalizasiya suyu axıdılır. Buranı yandırmaq istəyirlər. Hər il ağacəkmə kampaniyası nədənsə bu meşədən yan keçir. Illərdir bura diqqətdən uzaqda qalıb. Bir sözlə, bilərəkdən bu əsrarəngiz meşəni məhv edirlər”.
Rəbiyyə Cəfərqızı problemlə bağlı Prezident Administrasiyasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, qəsəbədən deputat seçilən Fazil Mustafaya müraciətlər edib. Ancaq onun şikayətləri qulaqardına vurulub: “Indi meşədə qoyun, keçi saxlayırlar. Vaxtilə bura artezian quyuları vasitəsilə suvarılırdı. Insanlar bağda istirahət edirdi və bura Gülüstan adlanırdı. Yaxşı olardı ki, meşə əvvəlki vəziyyətinə qayıtsın”.

Ramin DEKO