Azərbaycan karikaturaları

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

***

Hüququn karikaturası

N!DA-çı Anar Abdullanın vəkili ilə onun oğurlanıb saxlanıldığı 18-ci Polis Bölməsinin növbətçi hissəsindəki polisin dialoqu.

Vəkil: Siz niyə Anarı gizlədirsiniz, axı mən onu burda gördüm.

Polis: Dediyiniz adam burda yoxdur.

Vəkil: Heç olmasa dönər verək, bir şeylər yesin.

Polis: Anar dönər yeyə bilməz, mədəsi ağrıyır. Biz özümüz kaşa alıb vermişik.

Vəkil: Bəs deyirdiniz burda yoxdur?!

(27 may, 2016, vəkil Şəhla Hümbətovanın facebook sosial şəbəkəsində yazdıqlarından)

***

Həyatın karikaturası

“Akif Çovdarov həkim komissiyası tərəfindən müayinə olunub və onun ürəyində ciddi problem aşkarlanıb” (trend.az saytı, 20 may, 2016)

Sensasiyalı xəbərdir. Akif Çovdarovun ürəyi var imiş…

***

Dağların karikaturası

Qoşqar olsun, ya Şahdağ, Kəpəz olsun, ya Murov, Bazardüzü olsun, ya Babadağ, fərq etməz, bu ölkənin dağları 23 ildir Şər rejiminin bizim sinəmizə çəkdiyi dağların yanında çox balacadırlar, çooox…

***

Səhiyyənin karikaturası

Səhiyyə nazirinin qəbul otağına zəng.

– Salam, sizi analoqsuzinkishaf.az saytından narahat edirik. Son vaxtlar mətbuatda Azərbaycan səhiyyəsinin pis vəziyyətdə olması barədə çox yazılır…

– Əlbəttə, bunlar hamısı ağ yalandır.

– Amma biz buna hörmətli nazir Oqtay müəllimin münasibətini öyrənmək istəyirdik.

– Mümkün deyil.

– Niyə?

– Oqtay müəllim hazırda məzuniyyətdədir, Almaniyaya müalicəyə gedib…

(yeni dövrün xalq yaradıcılığı)

***

Elmin karikaturası

– Rafiq müəllim, belə bir fikir var ki, möcüzələr elmin üfüqünü göstərir. Məsələn, Quranda bildirilir ki, cinlər bir göz qırpımında Bilqeyisin taxtını Yəməndən Fələstinə gətirdilər. Yəni materiyanın an içində transferi gerçəkləşir. Sizin fikrinizi bilmək maraqlıdır, elm bu haqda nə deyir?

– Amerikada “Discoveri” adlı veriliş var. Türkiyədə də bunu türk dilində yayımlayırlar. Əfsuslar olsun ki, bizdə belə proqram yoxdur. Həmin proqramda Quranın elmlə əlaqəli surələrindən verilir və dünyanın bugünkü vəziyyəti ilə müqayisə edirlər. Maddənin sürətli transferi artıq elmi cəhətdən sübut olunub. Gələcəkdə daha sürətli, işıq sürətinə yaxın uçuşlar olacaq. Quranda hər bir şey göstərilib. Məsələn, DNK… Indi UZI-də baxıb deyirlər ki, doğulacaq uşaq qız olacaq, yoxsa oğlan. Ancaq Quranda bu, tam açıq şəkildə göstərilib. Bütün dünya iyirmi birinci əsri beyin əsri, linqvistik əsr adlandırır. Biz ən yaxşı halda beynimizin 12%-dən istifadə edə bilirik. Bu da Eynşteyn kimi, Lütfi Zadə kimi insanlarda olur. Digər insanlarda 7-8% həddində olur. Bu günə kimi beyini öyrənə bilmirik. O, Allahın yaratdığıdır. Biz Allahın yaratdıqlarını, qoyduğu qanunları elmə gətirə bilsəydik, elm sıçrayışla inkişaf edərdi… (allah qoymasa texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyevin müsahibəsindən, zaman.az, 17 mart, 2016)