Qurum Xocalı ilə bağlı tədbirlər keçirəcək
Dünən Ictimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı olub. Şura üzvü Mehriban Vəzirin sədrliyi ilə keçən toplantıda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı müzakirələr aparılıb və bəyanat qəbul edilib. Həmçinin Xocalı faciəsi ilə bağlı fevralın 25-də saat 12-də Müsavat Partiyasının qərargahında tədbirin keçirilməsinə, fevralın 26-da saat 12-də isə Xocalı abidəsinin ziyarət edilməsinə qərar verilib.
Iclasda Ictimai Palatının regional təşkilatları ilə bağlı vəziyyət, eləcə də bu qurumların təzyiqlərə məruz qalması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin Ictimai Palatanın 2012-ci il üçün fəaliyyət proqramının icrasına yönəlik məsələlər müzakirə olunub, analitik mərkəzin, mitinq komitəsinin yaradılmasına qərar verilib.
M.Vəzir bildirib ki, Ictimai Palata martın 4-də gənclərin keçirəcəyi aksiyaya da dəstək verəcək.
Iclasda Ictimai Palatanın aprelin 8-də mitinq keçirməsi və aksiyaya hazırlıq məsələləri, demokratik qüvvələrin birliyi, eyni zamanda Ziyalılar Forumu ilə əməkdaşlıq məsələləri də müzakirəyə çıxarılıb.
Koordinasiya Şurası vicdan məhbusları ilə bağlı yaranmış vəziyyəti də müzakirəyə çıxarıb. 2 aprel məhbusu Elnur Isrəfilovla bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, dayısı Məmməd Ibrahim iki gündür onunla görüşə bilmir. Şura üzvləri bu vəziyyətin müəyyən şübhələrə yol açdığını bildirərək E.Isrəfilovun sağlıq durumundan da narahat olduqlarını bəyan ediblər.


