Zümrüd Yağmur “Ölkə adı: 22”nin şifrəsini açdı

zumrud-yagmur-yeniYazıçı Zümrüd Yağmur bu yaxınlarda “Ölkə adı: 22” adlı yeni romanını oxuculara təqdim etdi. Korrespondent.az saytı yeni kitabı və yaradıcılığı ilə bağlı yazıçıdan müsahibə alıb. Müsahibəni təqdim edirik.

– Yeni kitabınız çıxdı. Xeyirli olsun…

– Sağ olun…

– Nə yaxşı bacardınız? İndi həyatınızın çətin dönəmindəsiniz. Fuad bəy (Zümrüd Yağmur AXCP sədrinin müavini, hazırda həbsdə olan Fuad Qəhrəmanlının həyat yoldaşıdır-red.) həbsdədir, onu nəzərdə tuturuq.

– Həyat heç vaxt asan olmur. İndiki dönəmdə əvvəlkindən daha çətin ola bilər. Amma bu baş verənlər gözləmədiklərimiz deyildi. Təbii ki, olanlar bu iki cümlədə ifadə olunduğu qədər asan və qısa deyil, amma həyat yaşaması çətin olanda yaşaya bilməkdir və bunu bacara bilmək üçün məncə hər şeyə sahibəm.

– Əsər haqqında gedən xəbərlərdə oxudum ki, Azərbaycan ədəbiyyatında ilk anti-utopik romandır. Yəni?..

– Məsələn, Ourelin “1984”-ü antiutopik əsərdir. Utopiya gözəl bir cəmiyyətin xəyali təsviridir. Antiutopiya da bunun əksidir. “Ölkə adı: 22” də siyasi əsərdir. Romanda bir cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin ən amansız şəkildə rejim və ona boyun əyənlər tərəfindən məhv edilməsini ağır dillə təsvir etməyə çalışmışam. Hər bir obraz əslində, simvollaşdırılıb. Diktator obrazı, ruhani lider, bu rejimə müxalif olanlar, heç nəyə qarışmayıb ancaq öz həyatını yaşamaq istəyənlər, ya da yaxşı yemək üçün mübarizə aparanlar, məmurlarla arasını yaxşı tutub bununla mövqe qazananlar… Bir sözlə, bir toplumun  az qala bütün üzvlərini rejim və onun zülmünə biganəlik birləşdirərək eyniləşdirib. Romanda süjet sərtdir, hətta qəbuledilməzdir. Bir tərəfdə diktator, digər yanda ac insanların öz yaxınları olan gözəl qadınları yaxşı yemək əldə etmək üçün “satması”… Bu belə simvolikdir.

– Bir az açsaq?

– Bilirsiniz ki, Şərq toplumlarında qadın qorunan tərəfdir, hərçənd ki, bu çox zaman zahiri xarakter daşıyır. “Ölkə adı: 22”dəsə qadınlar belə adi yaxşı yemək əldə etməyin qurbanlarıdır. Ən yuxarı dəyər, bizim cəmiyyətdə hər zaman kişilərin öyündüyü namus və ləyaqət anlayışı belə ayaq altına atılıb.

– Sizcə, bir toplumun bütün dəyərləri itirməsi yuxarıdan, yəni iqtidardan gələn səbəblərdən kənarda da ola bilər, yoxsa, siz bütün qüsurların idarəetmədə olduğunu düşünürsünüz?

– Mənəvi naqisliklərin səbəbi ya çox yoxsulluq, ya da çox toxluqdur… Ikinci səbəb isə standartların aşağı olmasıdır. Azərbaycanda yoxsula da zəngin qədər güvənmək olmur. Zəngin haramla, yoxsul  qarınla insanlığını, dəyərlərini itirib. İkinci, standartlarımız çox aşağıdır. Zənginin dərdi o deyil ki,  hansısa mədəni projeyə dəstək olsun. Əlindəki sərvəti necə dəyərləndirir, dünya səyahətinə çıxır, muzeylərimi gəzir.  Avropaya gedəndə ən yaxşı oteldə qalmağı xəyal edir, muzeyləri deyil, daha çox brend dükanları gəzməyi düşünür.  Zənginin dərdi heç səyahət də deyil. Yoxsulun halısa bəlllidir.  Adətən insanlar tox olduqca onların mədəni səviyyəsi, düşüncə tərzi də dəyişir. Daha mədəni və kültürlü olmağa çan atırlar. Azərbaycandasa bunu müşahidə etmirik. Fərq ancaq zahiri yaşantıdadır, vəssalam. Eyni yobazlıq və qabalıq. Villada yaşayanla daxmada yaşayanın fərqi yalnış zahiri yaşantısındadır. Düşüncə və ya yanaşmalarında heç bir fərq yoxdur. Digər yandan iqtidarları da bir kənara qoymaq olmaz. Amma gəlin etiraf edək, siyasi rejimlər də birdən-birə dönüb əjdaha və ya ilan olmur. Biz onu öz biganəliyimizdə bəsləyib böyüdürük.  Əvvəl kiçik zərbələr başlayır,  toplumdan reaksiya gəlməyincə, dünənin balaca ilanı bu gün səni hər an sıxıb məhv edə biləcək anakondaya çevrilir. Diktatura rejimlərini xalqların biganəliyi bəsləyir.

– Hər zaman ağır mövzuları seçirsiz. Cəmiyyətin bu əsərlərə reaksiyası necədir – ağır həyat yaşayanlar ağır roman oxumağı sevir?

– Cəmiyyəti bir yana qoyaq, heç medianın münasibəti qənaətbəxş deyil. Baxın, mən yeni əsər yazdım, bəlli oldu ki, roman siyasidir, ilk antiutopik romandır. Nə baş verdi? Bir necə sayta məlumat göndərildi, dərc etdilər, vəssalam.. Olay bitdi. Bir saytda işləyən, ona rəhbərlik edən heç düşündümü ki,  axı bir cəsarət nümunəsi var ortada, rejimin içində və indiki sərt dönəmdə belə bir əsər yaranıb, onunla bağlı bir təhlil, ədəbi tənqid hazırlansın… Ortada fakt var – rejimin qılıncının ən iti vaxtında ölkdə siyasi bir əsər çap olunub… Son Nobel mükafatçı Svetlana Aleksiyeviçin əsərləri məgər çoxmu böyük cəsarətə sahib idi?! O Nobel aldı, boy-boy yazılar yazıldı saytlarda… Bəs görəsən, öz yazarlarımızın cəsarətli əsərlərinə niyə belə laqeyidik?!  Görmək istəmirik, sonra da deyirik ki, bizdə yaxşı və ya cəsarətli əsər yoxdur.

– Bəlkə bu görməzdəngəlmə olayının adını dəqiq qoyaq?

– Deyək ki, paxıllıq edirlər? inanın, bu, çox kiçik yanaşma olardı və mən bunu özümə rəva görmürəm.  Daha böyük və kompleks yanaşma lazımdır. Aydındır ki, ədəbiyyat saytları məmurların vəsaiti ilə idarə olunur,  bunu anladım, yaxşı bəs “Azadlıq” radiosunin Oxu zalı niyə etmir bunu? Niyə heç maraqlanmadı ki, məsələn, bu əsərin adı niyə “Ölkə adı: 22” dir?

– Elə onu soruşacaqdıq, niyə “Ölkə adı: 22”?

– 1993 rəqəmindəki ədədləri üst-üstə gəlib hesablayın, 22 rəqəmi alınır. 1993-cü il yaxın tariximizdir və hər kəs yəqin söhbətin nədən getdiyini anlayar.

 – Yaxşı, bu ədəbi saytlar sizcə, sizi niyə “görmür”?

– Bu camiədə dostun yoxdursa, demək ki, səni kimsə dahi “elan” etməyəcək. Biz özümüzdə olana sahib çıxmırıq. Sahibləndiklərimiz də çox zaman bunu haqq etmir.  Məsələn, hərdən düşünürəm ki, nə yaxşı Xədicə İsmayıla xarici dövlətlər sahib çıxıb?! Dünənə qədər Xədicə kim idi, tamam cəsarətli bir jurnalist, istedadlı araşdırmaçı.  Bundan o tərəfi görmürdük, görmək istəmirdik bəlkə də…  Elə ki, həbs olundu, xarici mətbuat yazdı, birdən-birə biz də Xədicıni gördük. Baxıb gördük ki, sən demə, bizdə də belə bir cəsarətli qadın varmış. Bu gün neçə siyasi məhbus var, hansına ki, xarici mediyada yer verilir, daxildə də daha çox onlara yer ayrılır, onlardan bəhs edilir. Digərləri yenə də unudulub, amma sabah onları da xaricdən biri qalxıb lütf edib yada salsa, deyəcəyik ki, aman Tanrım, sən demə, bizdə də cəsarətli bir siyasətçi varmış… Niyə axı bizim üçün vitrini elə xaricdə kimlərsə qurmalıdır?  Bu təkçə ədəbiyyatda, ya da siyasətdə deyil… musiqidə də belədir. Alim Qasımovu götürək. O, yeni başlayanda və muğamda öz tərzini yaradanda hamı onu az qala lənətləyirdi. Amma elə ki, səsi xaricdən gəldi, onu görməyə başladıq. Demək, biz özümüzdə olanları görmək istəmirik. Mütləq bizə kimsə özümüzü göstərməlidir. Niyə bu dəyəri başqaları olmadan özümüzə verə bimirik? İçimizdəki hansı yaramzlıqdır buna əngəl olaq?

– Düşünürsünüzmü ki, “ Ölkə adı: 22” öz dəyərini alıb oxucusunu tapacaq?

– Yox…

– Bəs onda niyə çap etdirdiniz?  Əgər toplum dəyərini verməyəcəksə, niyə özünüzü  bu təhlükəyə atırsınız? Dəyərmi?

– Ümumiyyətlə, Azərbaycan oxucusu ciddi mövzuları oxumağa maraqlı deyil. Oxuyanlar da xarici ədəbiyyata üz tutur. Amma inanın ki, az sayda olsa da bizdə də dəyərli əsərlər yaranır. O oxunan xarici əsərlərdən heç də zəif olmayan əsərlər var. Hələ “Ölkə adı:22” ni bir kənara qoyaq.  Məsələn, mən Azərbaycan oxucusundan bundan əvvəlki əsərim – “Yağış qadın” a münasibətindən sonra ümidlərimi daha çox kəsdim. Xocalı faciəsindən bəhs edən, müharibə psixologiyasını kifayət qədər açmış, sakit və qara-qışqırıqdan uzaq, bir gündə 3 zamanı birləşdirib bütünlükdə Qarabaq ağrısından söz açan əsər diqqətdən kənarda qaldı. Əsəri Türkiyədən bir dosta göndərmişdim. Uzun müddət burda yaşayıb. Oxudu və bilirsinizmi mənə nə dedi? Niyə Azərbaycanda bu əsəri film kimi dəyələndirmirlər? Bir də mənə bir filmin linkini göndərmişdi.  Müharibədə əsr düşmüş bir qadının taleyini əks etdirən “Sofinin seçimi” filmi idi. Baxdım və adama haqq verdim. Dediklərinizə gəlincə, haqlısınız bəlkə… Amma toplumla ayaqlaşmaq  istəmirəm. Ona uyğunlaşsaydım, bu gün mən heç o yazdığım siyasi köşələri belə yazmazdım. Cəmiyyət özünü yuxuluğa vurmağı seçib, amma mənim seçimim bu deyil. Bir də onu bu halına buraxmaq nə qədər doğru olardı?

– Kitabçılar deyir ki, Azərbaycanda  az-cox yaxşı oxunan yüngül eşq romanları və dedektivdir. 

– Bilirəm…

– Bunu bildiyiniz halda niyə oxucunun tələbatına uymursunuz, məsələn, eşq romanları yazmırsınız? Bir dəfə də daha fərqli, siyasi olmayan mövzuda sınayın özünüzü.

– İstəsəydim eşq romanları yazardım və bu məndə alınardı. Amma bu işin asanıdır. Bu gün cəmiyyət nə qədər buna göz yumub həqiqəti  özündən uzaq tutmağ çalışsa da xəstədir. O özünü eşq və ya yüngül əsərlərlə ovudub sakitləşdirə, aldada bilər. Ya da düşünə bilər ki, özünü bu yanaşma, hər şeydən kənar tutma ilə qoruya bilər, heç nəyə qarışmadan  həyatını, sevgisini yaşaya bilər. Yeri gəlmişkən, “Ölkə adı: 22” əsərində də belə ümumiləşdirilmiş obraz var. Amma bu belə xilas etməyəcək, siyasi durumu bir yana qoyaq, bu qədər iqtisadi problemlərin olduğu bir ölkədə  kimsə deyə bilməz ki, öz sevgimlə samanlığı seyran edəcəyəm.  Olmayacaq,  o samanlar, necə deyərlər maddi problemlərin üzündən tez bir zamanda tikana çevrilib hər şeyi məhv edəcək.

– Axı cəmiyyət də ayılmaq və ya nəsə etmək istəmir…

– Razıyam, bu günlə baxsaq Azərbaycanda sanki bütün deyilənlərə və yazılanlara rəğmən belə bir mənzərə var. O Sabirin məşhur şeirini bir az dəyişib qısa ifadə etmək olar. “Eyləməyin dəngəsər, ayılmıram əl çəkin”. Amma bu cəmiyyətimizn ağılsızlığı və yararasızlığı deyil. Seçimidir. Yanlış seçimi… Məsələn, bir fərdi alaq, 40 yaşında biri yanlış edə bilirmi? Edər, amma bunu bilməzlikdən edərmi? Yox… Edirsə, demək bu, onun seçimidir.  Toplum da belədir. Biz fərdi bədbəxtliklər çox görürük, yanlışlar olur, həyatının bir dönəmində yıxılır, vaxtında dəyərləndirmə edib ətrafdan deyilənləri dinləmir və sonra qalxa bilmir. Toplum da belədir, yanlışlarını dəyərləndirə bilməsə,  məhvə məhkumdur. Faciə yıxılmaq da deyil, zatən bu insan təbiətindədr. Biz ayaq tutana qədər nə qədər yıxılıb dururuq. Yıxılmasaq, qalxmağı da öyrənə bilmərik. Faciə ondadır ki, Azərbaycan xalqı yıxıldığı yerdən qalxmaq istəmir. Bu təkçə indi yaşadıqlarımızla da bağlı deyil. Tarixin heç bir dönəmində biz buna maraqlı olmamışıq. Keçən əsrin 80-ci illərindəki xalq ayaqlanması da yarımçıq qaldı, qalxdıq, amma ayaq tutub yeriməyə imkan verilmədi. Xalq da tez pəs etdi. Ümid edək ki, oyanacağıq.