Kanalizasiyaya diqqət et, Ziya müəllim!

Çox və bacarıqsız formada kosmetikadan yararlanan xanımlar var. Azca ağlamsındılarmı və ya ufaq çiskinə düşdülərmi, dərhal gözəllik uçur, yerində xərabət peyda olur. Bakının qardan sonrakı halı o cür bəzənən qızlara çox oxşardır. Açıq-aşkar küçələrlə kanalizasiya suları çay kimi axır; bir-iki il əvvəl çəkilmiş yollar darmadağın olub. O yolların çatında Ziya Məmmədovun avtobusları da gizlənə bilər. Yollarda ən ucqar kəndlərdəki qədər zığ-palçıq qalaqlanıb.
Nəqliyyat Nazirliyi büdcədən ən çox pul çırpışdıran qurumdur. Illərdir yol çəkirlər, hələ də bu işi öyrənə bilmirlər. O gün qar əriyirdi, Parlament prospekti boyunca bu su şırhaşır axırdı. Mən xatırladım: bu yolun açılışında şəxsən padşah Ilham müəllim özü heç iki il deyil ki, iştirak edib. Bəs bu nə keyfiyyətsizlikdir?!
Ay qardaş, Qəzzafinin aqibətinə baxın, ibrət alın da. Yox, arzulamıram ki, sizi də onun gününə qoysunlar. Sadəcə, Səddam Hüseyn və Qəzzafi nümunələri göstərir ki, diktatorların sonuncu sığınacaq yeri kanalizasiyadır. Ona görə də Allah eşqinə, bu kanalizasiya sisteminə ciddi fikir verin. Kanalizasiyaları Avropa standartlarına uyğun düzəldin, lazımdırsa, Tağı Əhmədova deyin, ora “may-fay” çəksin, işıqlandırmasını çağdaş şirkətlərin hesabına yaradın. Belə etsəniz, həm xalq sizdən razı qalar, həm də son anlarınızı komfort içində keçirərsiniz.
Ifşadan yorulduq, onlar ifşa olunmaqdan yox…
“Azadlıq”ın dünənki sayında tanınmış jurnalistlərin – Şahvələd Çobanoğlunun və Elnur Astanbəylinin köşə yazıları eyni mövzuya həsr olunmuşdu. Onlar nazirliklərin kargüzarlıq xərcləri adı altında büdcəni necə yeyib dağıtdıqlarını ifşa etmişdilər (yazarlarımıza sanballı araşdırması ilə material verən jurnalist Nüşabə xanıma buna görə xüsusi təşəkkür düşür). Gerçəkdən də, dəhşətli rəqəmlər idi. Səhiyyə Nazirliyində kağıza xərclənən pullar az qala, bir ildə gənclərin evsizlik probleminin həlli üçün ayrılan məbləğə çatır. Yazılar əlahəzrət Ilham müəllimin idarəetməsinin tam ifşası sayılmalıdır. Ancaq bu ifşalarla bağlı qəlbimi bürüyən dərin bir hiss məni narahat edir. Biz yazarlara tez-tez irad tutulur ki, rejimin yırtıcı mahiyyətini faktla-sübutla göstərən məqalələri az yazırıq. Bəlkə də azdır, razıyam, lakin Ilham Əliyev hakimiyyətinin çiçək olduğuna hələ də inananlar varsa, vay bizim halımıza.
Ilham Əliyev üsul-idarəsinin talançı olduğunu, yalan və talan üzərində qurulduğunu sübut eləmək qədər bu dünyada yorucu bir iş varmı?
Sübut bir dəfə olar, iki dəfə olar, iyirmi dəfə olar, daha qiymətli ömrümüzün 17 ilini buna xərcləməyə dəyərmi?
Oğurluq yolu ilə hakimiyyəti tutan adamlar necə doğruçu ola bilər?
Əliyevçi rejimi ifşa etməyə, onun yaramazlığını sübut etməyə o qədər aludə olmuşuq ki, sanki öz içimizdə “bəlkə düzəliblər, yırtıcılıqda daha humanistləşiblər” kimi şübhə qalıb.
Açıq deyim, keçən illərlə müqayisədə hakimiyyəti ifşa etmək üçün həvəs və şövqüm xeyli dərəcədə azalıb. Səbəbini də göstərdim; məni artıq Əliyev hakimiyyətini ifşadan daha çox onları necə dəyişmək düşündürür. Dərhal etiraf etməliyəm ki, dəyişikliyin yollarını məndən soruşub-eləməyin, hələ ki, təsirli bir cavab tapmamışam.
Siyavuş Novruzovdan bir rica
AXCP sədri Əli Kərimlinin ötən həftə partiyaya yeni üzvlər qəbul etməsi və onlarla tədbir keçirməsi yenə də hakimiyyəti əsəbiləşdirib. Onları qınamaq olmur; 6 ildir AXCP-ni qərargahsız qoyublar, partiya sədrinə pasport verməyərək faktiki onu ev dustağı saxlayırlar, onlarla cəbhəçini həbsə atırlar, ancaq yenə də repressiya fayda vermir; köhnə hərəkatçılar, gənclər AXCP-ni seçərək dəyişiklik üçün çalışırlar.
Yaxşı, görürsünüz ki, qaba yollarla bu partiyanı susdura bilmirsiniz, o zaman nə olar, dar ağlınızı bir az işlədin. Sıralarınıza 500 min adam yığmısınız, bir nəfər sanballı insan yoxdurmu, qəzetinizə çıxarıb AXCP-ni tənqid etdirəsiniz?
Siyavuş müəllim, Mübariz müəllim, dünən saytlarınıza baxanda çox güldüm. Azərbaycanda partiyanı atasından mülk kimi irsən alan iki adam var: biri qibleyi-aləmdir, o biri də adını bura yazıb könül bulandırmaq istəmədiyim bir gənc. O gəncə niyə sitəm edirsiniz? O zavallı mən tanıyandan bəri sabunlu ifadələrlə eybəcər siyasətinizi nə qədər öyür, öyür, heç yorulmur. Nə olar, bir az lütfkarlıq edin, heç olmasa, ona bulvar idarəsində “Mikki Maus” paltarı geyinib dolanmağa şərait yaradın. Mən əminəm ki, həmin kuklada o gənc özünə qayıdacaq. Çox rahat olacaq və ən önəmlisi, balalarımız ona baxıb xeyli şənlənəcək.