Kəbirə Məmmədova haqda ilginc məlumat yayılıb
“Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova haqqında ilginc məlumat yayılıb. Məlumatda xanım biznesmenin külli miqdarda pulunun oğurlandığı iddia edilir.
“Qaynar.info”nun “Unikal”a istinadla yaydığı məlumata görə, hadisənin ötən ayın ikinci ongünlüyündə baş verdiyi iddia edilir: “Yanvarın 10-15 aralığında “Binə” Ticarət Mərkəzinin sahibinin evindən üst-üstə 1 milyon yarım dollar oğurlanıb. Olay Kəbirə Məmmədovanın Mərdəkandakı mülkündə yaşanıb. Naməlum şəxs, yaxud şəxslər oradan 1 milyon 300 min dollar və 150 min avro məbləğində nəğd pulu götürüb aradan çıxıb”, – deyə məlumatda bildirilir.
İddialara görə, Kəbirə Məmmədova hadisənin gizli saxlanılmasında maraqlı olub, amma bununla belə, əl altından pulu oğurlayan, yaxud oğurlayanların axtarışına baş vurub: “”Binə” Ticarət Mərkəzinin sahibinin olayda əli olduğundan şübhə duyduğu bildirilən bir şəxs də var. O vaxtilə xanım biznesmenin yanında çalışıb. Həmin şəxsin qadın olduğu da gələn məlumatlar arasındadır”.
Məlumatda deyilənləri K.Məmmədova ilə dəqiqləşdirmək cəhdinin nəticəsiz qaldığı da bildirilir.


