“Yeni Azərbaycan” Merkel hökumətini faşizmi yaşatmaqda suçladı
Almanlar yəhudi qırğını ilə şantaj olundu
Almaniya hakimiyyəti Əli Kərimliyə dəstək verməkdə də günahlandırıldı
Azərbaycan hakimiyyətinin Almaniyaya hücumları davam edir. Rəsmi dövlət qəzeti “Bakinski Raboçi” qəzetindən sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” Almaniyanı topa tutub. Qəzetin 22 fevral sayında “Otto Fon Bismarkdan başlayan alman “qara kassa”ları Və ya Əli Kərimlinin Almaniya səfiri ilə məxfi görüşlərinin sirri açılır” başlıqlı məqalədə son vaxtlar Almaniya mediasının Azərbaycan hakimiyyətini davamlı tənqid etməsinə cavab olaraq bu ölkənin ünvanına ağır ittihamlar səsləndirilib.
***
“Yeni Azərbaycan” iddia edir ki, Azərbaycan hakimiyyətini tənqid atəşinə tutan Almaniya KİV-i (“der Şpigel” qəzeti və ARD ictimai telekanalı) bu ölkənin anti-Azərbaycan dairələrinin nəzarətindədir, onların hazırladığı materiallar isə qeyri-obyektiv və qərəzlidir. Qəzet tənqidlərin motivini belə əsaslandırır:
Almaniya “NABUCCO”nu “proval” etməkdə suçlanır

“Azərbaycana münasibətdə qərəzli mövqe tutan və Almaniyanın mətbuat sektoruna faktiki nəzarət edən, bu dövlətin siyasətinə ciddi təsir imkanlarına malik olan sosial-demokratlar (ASDP) və “yaşıllar” “NABUCCO” ilə bağlı iflaslarını ölkəmizin ayağına yazmağa cəhd göstərirlər. Bu məsələdə isə həm “Eurovision-2012” amilindən, həm də Qərbin standart təzyiqetmə vasitələrindən – demokratiyadan, insan hüquqlarından və s. istifadə edirlər…
İlk növbədə, qeyd etmək lazımdır ki, avropalılar “NABUCCO”nu Rusiyadan enerji asılılığını azaldacaq xilaskar layihə kimi başa düşürdülər. Çünki Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyanın zəngin qaz ehtiyatlarını Avropa dövlətlərinə çatdırmalı olan bu layihə çərçivəsində ilkin mərhələdə 30 milyard kubmetr həcmində qaz nəql edilməliydi. Lakin əsas məsələ layihənin maliyyə tərəfilə bağlı olduğundan 10 il ərzində “NABUCCO”nun reallaşdırılması üçün hər hansı əməli addım atılmadı və razılaşmalar elə kağız üzərində qaldı…”.
Qəzet daha sonra bir müddət əvvəl “Bakinski raboçi”də Almaniya əleyhinə dərc edilmiş məqalədə bu mövzuda “geniş bəhs olunduğunu” xatırladaraq bölməyə yekun vurub: “Görünən odur ki, elə ilk olaraq almanlar özləri “NABUCCO” layihəsinin kağız üzərində qalması üçün addım atıblar. Almaniyanın bir sıra mətbuat orqanları da yazırlar ki, Almaniyanı Avropanın tənəsindən qurtarmaq üçün etdiyi cəhdlərinin əsasında da məhz bu amil durur. Ona görə də, “der Şpigel” qəzeti və ARD ictimai telekanalı Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyirlər”.
Məqalənin davamında daha ağır ittihamlar gəlir:
Rasizm ittihamı
“Qeyd etdiyimiz kimi, Almaniyanın adıçəkilən media vasitələri məlum məqsədlərinə çatmaq üçün “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsini fürsət bilərək, Azərbaycana demokratiya, insan hüquqları və digər faktorlar vasitəsilə təzyiq etməyə, iftira atmağa cəhd göstərirlər. Müxtəlif kanallardan istifadə etməklə Azərbaycanın demokratik dövlət kimi imicinə zərbə vurmağa çalışan Almaniya yaxşı olardı ki, öz daxili problemlərinə diqqət ayırsın. Çünki Almaniyada ksenofobiya, nasizm meyilləri getdikcə güclənir, miqrantlara qarşı radikal addımlar atılır. Bu yaxınlarda Almaniyada türklərin qəddarcasına qətlə yetirilməsi, eləcə də, türklərin yaşadığı binaların yandırılması deyilənləri açıq şəkildə sübut edir. Nitsşe və Şopenhauerin ideya müəllifi olduğu və Hitlerin real siyasətə çevirdiyi rasizm 6 milyondan artıq yəhudinin qətlə yetirilməsinə gətirib çıxarmışdı. Dünyada ən irimiqyaslı insan qırğınını həyata keçirmiş bir dövlətdə bu gün də rasizmin yaşaması və vaxtaşırı olaraq, öz təzahürlərini nümayiş etdirməsi indiki alman hakimiyyətini düşündürməlidir. Bu mənada başqalarının daxili işlərinə qarışmaq, demokratiya və insan hüquqlarından öz məqsədləri naminə təzyiq vasitəsi kimi istifadə etmək, Almaniyanın nüfuzuna ancaq xələl gətirəcək”.
Korrupsiya suçlamaları

“Almaniyanın problemi təkcə rasizmlə və böhranla bitmir. Bu dövlətin siyasi, iqtisadi institutları ilə yanaşı, eyni zamanda, vətəndaşları bəşəriyyətin “xərçəng xəstəliyi”ndən – korrupsiyadan əziyyət çəkir. Ümumi mənada desək, Almaniya korrupsiya içərisində çabalayır, özü də alman cəmiyyəti bu xəstəliyə “başdan” yoluxub. Heç kəsə sirr deyil ki, Almaniya prezidenti Christian Wulf vəzifəsindən sui-istifadəyə və korrupsiya faktlarına görə istefa verib. Əgər bir ölkənin prezidenti korrupsiya əməli törətməsi faktını etiraf edirsə, dövlət aparatının aşağı təbəqələrdə nələrin baş verdiyini dilə gətirmək belə dəhşətli olar.
Amma təsvir olunan mənzərəyə heç də təəccüblənmək olmaz. Çünki Almaniya BMT-nin korrupsiya ilə mübarizə konvensiyasını ratifikasiya etməmiş nadir ölkələrdəndir. Bu ölkədə tikinti və kommunal sektor ən çox korrupsiyaya məruz qalmış sahələrdir. Dövlət sifarişlərinin və müqavilələrin bağlanması hallarının 50 faizdən çoxunda korrupsiya faktları müşahidə olunur. Lakin onlarla bağlı konkret addımlar atılmır.
Təsadüfi deyil ki, “Amnistey İnternational” təşkilatı dəfələrlə hesabatlarında bu ölkənin hakimiyyətini rüşvət hallarına qarşı mübarizəni gücləndirməyə çağırıb…
Alman siyasətçilərinin korrupsiyalaşmasına dair faktlar da heyrətamizdir. Vaxtilə Helmut Kollun hakimiyyətdən getməsinin əsas səbəbi partiyanın “qara kassası” faktının ictimailəşməsi ilə bağlı olmadımı? Bu yaxınlarda Kölndə zibilin utilləşdirilməsi ilə bağlı zavodun alman siyasətçilərinə xidmət etdiyi faktının müəyyənləşdirilməsi korrupsiyadan xəbər vermirmi?
Faktiki olaraq bütün hallarda siyasətçilər məsuliyyətdən qaçır, bir-birini müdafiə edirlər. Hətta məsələlər məhkəməyə çatdıqda belə əksər hallarda korrupsiyaya dair faktlar qənaətbəxş hesab olunmur…
Almaniya Cinayət Polisi İdarəsinin 2007-ci il üçün açıqlamasına görə, 2006-cı illə müqayisədə ölkədə vəzifəli şəxslərə rüşvət verilməsi halları 38 faiz artaraq 9563 hala çatıb. Qurumun sədri Yorqa Cirke DPA agentliyinə bildirib ki, iqtisadi sahədə korrupsiya hallarına görə Almaniya büdcəsi hər il 6-8 milyard avro itirir…”.
Almaniya hökuməti Əli Kərimliyə dəstək verməkdə ittiham olunur
![]()
Bu ittihamlardan sonra “Yeni Azərbaycan” AXCP sədri Əli Kərimlini də “vurmağı” yaddan çıxarmır və onun, daha açıq mətnlə ifadə etsək, hakimiyyəti dəyişmək üçün Almaniya, eləcə də “başqa Qərb dövlətlərindən” dəstək aldığını təlqin etmək istəyir:
“Almaniya dövləti göstərdiyimiz daxili və xarici problemləri ilə məşğul olmaq əvəzinə həm də başqa dövlətlərin daxilindəki antimilli qüvvələri də maliyyələşdirməklə məşğuldur.
Heç bir hüquqi əsası olmayan, məsələ ilə bağlı qondarma məruzəçinin təyin olunması, həmçinin, Azərbaycan parlamentinin sabiq spikeri, hazırda İnterpol xətti ilə cinayət axtarışında olan Rəsul Quliyevin Almaniyaya səfəri də çox qəribə görünür. R.Quliyev Berlində Almaniya parlamentinin (Bundestaqın) həddən artıq iddialı üzvü, ermənipərəst “yaşıl”, Ermənistana səfər etmiş və ən müxtəlif səbəblərə görə bu ölkəyə valeh olduğunu bildirmiş Viola fon Kramon ilə görüşüb. Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda fon Kramon Bundestaqın Azərbaycana münasibətdə mənfi əhval-ruhiyyəli müxtəlif üzvləri ilə R.Quliyevin görüşlərinin təşkil edilməsi ilə fəal məşğul olur.
Digər tərəfdən, əldə etdiyimiz məlumatlara görə, Almaniyanın müəyyən dairələrinin Azərbaycana qarşı fəaliyyətində bu ölkənin Azərbaycandakı səfirliyinin də rolu az deyil. Bu isə anti-Azərbaycan kampaniyasına Almaniyanın hakimiyyət dairələri tərəfindən dəstək verildiyi anlamına gəlir.
Ötən ilin yayında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellə AXCP sədri Əli Kərimlinin məxfi görüşündə Azərbaycanda daxili siyasi mübarizədə Əli Kərimlinin fəaliyyət istiqamətləri, ona yaxın QHT-lərin Almaniya fondları tərəfindən maliyyələşdirilməsi və s. məsələlər müzakirə edilib. Həmçinin, Almaniya mətbuatında Azərbaycanla bağlı veriləcək tənqidi materialların Ə.Kərimlinin nəzarətində olan qəzet tərəfindən tirajlanması barədə razılıq əldə olunub. Bundan başqa, ötən ilin əvvəlində Əli Kərimlinin səfir Herbert Kvell və Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi müvəkkili Patrisiya Florla müəmmalı görüşündə də oxşar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son zamanlar Əli Kərimliyə yaxın QHT-lərin qrant mənbələrini araşdırsaq, bu mənbələr içərisində Almaniya fondlarının böyük üstünlük təşkil edəcəyi şübhə doğurmur. Buna görə də, onun nəzarətində olan “Azadlıq” qəzeti bu gün Almaniyanın Azərbaycanı tənqid edən dairələrinin və KİV-lərinin Azərbaycandakı ruporuna çevrilib.
Ümumiyyətlə, həmişə Azərbaycanla isti münasibətlərə malik Almaniyanın və bu ölkənin mətbuatının mövqeyi çoxsaylı suallara səbəb olub. Görünən odur ki, son zamanlar Azərbaycanla bağlı bəzi iqtisadi maraqları təmin olunmayan Almaniya da bəzi Qərb dairələrinin Azərbaycana qarşı intensivləşən “qara piar” kampaniyasının fəal iştirakçısına çevrilib….”.
***

Bu məqalənin Almaniya xarici işlər nazirinin Azərbaycana gözlənilən səfəri ərəfəsində yazılması diqqət çəkir. Görünür, xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan hakimiyyətinin maraqlarına uyğun olmayan mövzular ətrafında da müzakirələr aparılacaq. Hakimiyyət isə bu məqalə ilə öncədən mövqeyini bəyan edir.
Maraqlı məqamlardan biri də ənənəvi “ermənilərlə işbirliyi” ittihamından Almaniyaya qarşı geniş istifadə olunmamasıdır. Adətən Azərbaycan hakimiyyəti belə məsələlərdə daha çox “erməni kartı”ndan yararlanır. Görünür, bu, Almaniyanın Qarabağ məsələsində Azərbaycana açıq dəstək verməsilə bağlıdır. Yada salaq ki, Bundestaqın işçi qrupu Ermmənistanı işğalçı adlandırıb. Beləliklə də hakimiyyətin əlindən əsas şantaj vasitəsi alınmış olub. Elə bu səbəbdəndir ki, hakimiyyət rasizm məsələsini ortaya atıb, Almaniyanı holokostla şantaj etməyə cəhd göstərib.
Məqalədə alman hökumətinin korrupsiyada ittiham olunması, sabiq prezident Kristian Vulfun istefasının xatırladılmasına gəlincə, hakimiyyət əslində bu yerdə özünə ciddi problem yaradıb. Çünki ötən ilin sentyabrında İlham Əliyevin xanımı Mehriban Əliyeva Almaniyaya səfəri zamanı Kristian Vulfun xanımı Bettina Vulfla görüşüb. O zaman hakimiyyət KİV-ləri bu görüşü təmtəraqlı şəkildə yayımlayıblar. Alman hökumətinin korrupsioner olması, bunun başında Kristian Vulfun dayandığı heç yada düşməyib. Lakin Almaniya Azərbaycanda demokratiya və insan haqlarına diqqəti artıran kimi burada “rasizm meyilləri”, “korrupsiya” faktları üzə çıxıb.
Azad



