İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini İsmayıl Kövsəri “Fars” agentliyinə açıqlamasında Azərbaycan Respublikasını iranlı gənc nüvə alimi Mustafa Əhmədi Rövşənin terrorunda günahlandırıb.
Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini, 32 yaşlı Mustafa Əhmədi Rövşən yanvarın 11-də Tehranda öldürülüb.
İsmayıl Kövsərinin açıqlaması Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin “Sepah”ın rəhbərliyi altında Bakıda xarici vətəndaşların terroruna hazırlaşan silahlı dəstə üzvlərini zərərsizləşdirməsi haqqında yaydığı məlumatdan bir gün sonraya təsadüf edib.
“Media forum” saytının məlumatına görə, Bakıda “Sepah”a bağlı silahlı dəstənin zərərsizləşdirilməsi barədə yayılan məlumatı yalan adlandıran İsmayıl Kövsəri deyib ki, Azərbaycan rəsmiləri İrana qarşı bu ittihamı irəli sürməklə qabaqdan gəlmişlik etməyə çalışırlar: “Mövcud olan bir sıra sənədlər göstərir ki, Azərbaycan Respublikası “Mossad” və Federal Təhqiqatlar Bürosuna yardım göstərməklə gənc nüvə alimi Mustafa Əhmədi Rövşənin terrorunda iştirak edib. Azərbaycan rəsmiləri casusluq təşkilatlarına yardım göstərdiklərinin altından qaça bilmədiklərinə görə bildirirlər ki, İrana bağlı terrorçu dəstə üzvlərini tutmuşuq”.


