Üç böyük bəlamız

Azərbaycanın üç böyük bəlası var. Birincisi, NEFT, ikincisi, Yeni Azərbaycan Partiyası (YAP), üçüncüsü də neft gəlirlərinin bir ovuc zümrənin cibinə getməsi üçün ən optimal yer olan YOLLAR.

Neft və YAP-la işimiz yoxdur, bu dəfə yollarımız barədə yazmaq fikrindəyəm.
Kimsəyə sirr deyil, bu gün Azərbaycanda ağlı yerində olan hər kəs bilir ki, büdcədən milyardlarla manat yolların təmiri adı ilə mənimsənilir. 20 ildir ki, Azərbaycanda yollar çəkilir, sökülür və təzədən təmir olunur. Bakıda yolların başına elə oyunlar açılır ki, adam heyrətə gəlir. Sanki təşkil olunmuş bir dəstə əhalinin gözü qarşısında büdcədən intiqam alır. Son iyirmi gündə kiçik çillənin sərt üzünü bir az da sərləşdirməsinin yollarımızı nə günə qoyduğuna hamı şahidlik edə bilər. Çoxları yolların bir qar yağışından sonra bərbad vəziyyətə düşməsinə görə prezident Ilham Əliyevin fövqəladə toplantı keçirib məsuliyyət daşıyan məmurları cəzalandırmasını gözləyirdi. Nədən ki, yolların buz bağladığı, avtobusların yoxa çıxdığı və adamların təhlükə altında işə getdikləri bir zamanda dövlət başçısının günahkar şəxsləri cəzalandırması tarıma çəkilmiş əsəbləri az da olsa sakitləşdirə bilərdi. Brüsseldən – NATO toplantısından qayıdan günün səhəri Ilham Əliyevin Qusara istirahətə – lentkəsmə mərasimlərinə yollanması, çoxlarını və xüsusən hələ də “prezidentin yol-asfalt maxinasiyalarından xəbəri yoxdur” deyənləri xəyal qırıqlığına məruz qoydu.
Nədən ki, xalqı tayfa telekanallarının prezident Ilham Əliyevin Qusarda Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etməsi, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsməsi, Şahdağ qış-yay turizm kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə muştuluqlama xəbərindən daha çox yolların durumu ilə bağlı görəcəyi tədbirlər ilgiləndirirdi.
Yollardakı vəziyyətə rəğmən nə qədər vətəndaş yıxılıb travma aldı, nə qədər avtomobil sahibi maddi ziyan gördü, təbii ki, Azərbaycanda belə şeylərin hesabını heç vaxt aparmırlar. Lap belə neçə adam yıxılıb ölsəydi, yenə də kimsədən hesab sorulmayacaqdı. Çünki insan amili bu rejim üçün əsla önəm daşımır və bundan sonra da daşımayacaq da.
Iki-üç milyonluq bir şəhərin prezidentin gedib-gəldiyi yollarından başqa, demək olar, bütün yolları bir gün yağan qar əridikdən sonra elə bir hala düşüb ki, o halı qaydaya salmaq üçün böyük miqdarda pul tələb olunur və bu vəsaiti ayırmaq zorundadırlar da. “Eurovision”a 3 ay vaxt qalır axı. Ağsaqqal-ağbirçəyin aylıq təqaüdünə on manat ayırmaqda zorlananlar, yolların təmirinə milyonlar sərf edəcək.
Nə qədər ki, bu recim durur, yollar büdcənin anasını ağlar qoyacaq. Dəli-zad deyillər ki, Avropadan mütəxəssis gətirib və standartlara tam cavab verən yollar salsınlar. Bunu etsələr, milyonları necə silə bilərlər, özləri, uşaqları üçün xan saraylarını necə tikdirə biərlər?
Yeri gəlmişkən, son illər yollar sayəsində zənginləşənlər xalq narazı qalmasın deyə nəzakətlərini də nümayiş etdirməyə başlayıblar. Qırmızı hərflərlə yazılmış “Müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhələri guya büdcədağıdanların nəzakətindən xəbər verir. “Daimi narahatlığa görə üzr istəmirik” yazsaydılar, lap yerinə düşərdi.
Utanmadan deyirlər ki, Azərbaycanı abadlaşdırırlar. Abad məmləkətin bərbad yolları olur?
Bu rejimin varlığında yollar Azərbaycanın böyük bəlalarından biri olaraq qalacaq. Keyfiyyətsiz yollar çəkiləcək, yağışdan-qardan sonra o yollar it gününə düşəcək, təzədən təmir edəcəklər, beləliklə, büdcənin pulları bir dəstə cinayətkarın firona çevrilməsinə sərf olunacaq.
Azərbaycanda bir padşahın keçdiyi yollar abaddır, bir də Azərbaycanın çıxış yolları. Birindən prezident yararlanır, ikincisindən bu ölkədən köçüb gedənlər. Vəssalam yazacaqdım, Boz ay yadıma düşdü. Novruz bayramına qədər sürəcək bu ay qarlı-yağışlı olacaq və yollar elə günə düşəcək ki, büdcədağıdanlar sevinclərindən “Tərəkəmə” oynayacaq…