Moşu Göyəzənlinin Azərbaycan büdcəsinə soxulması

Dünən onsuz da soyuq və günəşsiz olan səhəri saytların qanqaraldıcı bir xəbəri ilə açdıq. Orada “Azərsu”ya istinadən bildirilirdi ki, gün ərzində Bakının müxtəlif rayonlarına suyun verilməsində məhdudiyyətlər olacaqdır. Su çərşənbəsində suyu kəsmək – tipik yaptokrat mərifətidir. 

Bunu sözgəlişi yazdım. Əslində, başqa mövzuda yazacam.
Bəli, əziz oxucular, biz bunların qiymətli kağızlara, pula hərisliyini bilirdik. “Azadlıq” radiosunun sayəsində bunların ümumiyyətlə, kağız hərisi olduğu ortaya çıxdı. Radionun əməkdaşı Nüşabə xanım nazirliklərin, ayrı-ayrı qurumların dəftərxana xərclərini üzə çıxarıb. Ortada xeyli heyrətamiz məqamlar var.
Məsələn, orada Göyçay rayon Mərkəzi Xəstəxanasının bir ildə dəftərxana ləvazimatlarına nə az, nə çox – 270 min manat xərclədiyi göstərilir. Bu nə deməkdir? Yoxsa orda xəstələri bint yerinə kağızla sarıyır, onlara dərman yerinə mürəkkəb içirirlər?
Yaxud Bərdə rayon Mədəniyyət və Turizm Şöbəsində 2011-ci il ərzində dəftərxana xərcləri nə qədər təşkil etsə yaxşıdır? 140 min manat. Soruşsan, əlbəttə, bunun da izahı var. Yəqin deyəcəklər ki, alabəzək kağızlardan quşlar düzəldib uçururuq, rayona turist cəlb edirik. Yaxşı variantdır: istənilən normal ölkədən gəlib büdcədən pulların quş kimi necə uçurulduğunu görmək istəyənlər mütləq olacaqdır.
Bəli, biz bunların dövlətin cibindən pulları asfalt, alman eşşəyi, fransız atı, xaricdən gətirilən gül kolları, musiqili fontanlar cildinə salıb çırpışdırdıqlarını bilirdik, amma onu kağız, qələm, qovluq şəklində oğurladıqlarını təzə eşidirik. Rəqəmlər arasındakı böyük fərqlər də ortadakı korrupsiyadan xəbər verir.
Məsələn, 7 min tələbənin təhsil aldığı Pedaqoji Universitetin bir ildəki dəftərxana xərci 50 min manat göstərilib, amma bundan iki dəfə az tələbənin təhsil aldığı (“təhsil aldığı” yazıram, amma gərək bağışlayasınız, Azərbaycan universitetlərindən təhsil almaq Əzrayıldan can almaq kimi bir şeydir) Sumqayıt Dövlət Universitetinin dəftərxana xərci 200 min manat! Daha korrupsiya necə olur? Bu qədər fərq korrupsiyadan başqa daha nə ilə izah edilə bilər?
Yaxud: təsəvvür edin ki, Təhsil Nazirliyinin dəftərxana xərci (3 milyon 267 minÿ757 manat) Daxili Işlər Nazirliyinin dəftərxana xərcindən 10 dəfə çoxdur. Səhiyyə Nazirliyinin dəftərxana xərci 2 milyon 415 min manat olduğu halda, Nəqliyyat Nazirliyinin dəftərxana xərci cəmi 53 min manatdır. Nədir bu qədər fərqin izahı? Bəlkə Ziya Məmmədovun işçiləri yazıb-oxumaq bilmir? Ya da ola bilərmi Oqtay Şirəliyev Moşu Göyəzənlinin yarımçıq qalan işini tamamlamağa – “xoşbəxtlik” sözünə qafiyə tapmağa girişib, kağız-kuğuzu bir ucdan yazıb xarab etməkdədir?
Sözü uzatmayaq. Göründüyü kimi, hara əl uzadırıqsa, qarşımızı fərqli bir talançılıq çıxır. Bunlar guya elektron hökumət qurublar, hər gün e-hökumətin günbəgün inkişafı barədə danışırlar. Amma nə sirri xudadırsa, elektron hökumətlə bərabər bunların istifadə etdiyi kağız-qələmin xərci də artır. Bunlar heç elektron hökumət olmayanda bu qədər kağız israf etmirdilər. Nə baş verdiyi aydındır.
Söz azadlığının tərif yazanlara mane olmaq istəməyəndə yada düşməsi
Amma aydın olmayan şeylər də var. Bugünlərdə türk mətbuatının köməyilə Ilham Əliyev haqqında Moskvada çap olunan kitabdan xəbər tutduq.
Türkiyənin “Yeni Çağ” qəzeti kitabdan bəzi seçmələrə yer verib, məsələn, birində Ilham Əliyev yaltaqlığa ikrahından danışır. Sitat: “Haqqımda mədhiyyə söyləməklərini istəmirəm. Bundan utanıram. Bəzilərinin haqqımda qəsidə yazmalarına demokratik baxımdan mane ola bilmədiyim üçün məni bağışlayın”.
Ilk baxışda qulağa xoş gələn sözlərdir. Amma ilk baxışda. Bir az dərin düşündükdə isə ortaya xeyli suallar çıxır.
Məsələn, haqqında mədhiyyə söylənməsini istəmirsənsə, bəs ətrafında tənqid söyləyən bir nəfər niyə yoxdur? Bəs sənə yüngülcə etiraz edən alimi iclasdan niyə qovurdun? Bəs azacıq aykırı fikrinə görə Rafiq Əliyev kafedra müdirliyindən uzaqlaşdırılanda niyə iradə ortaya qoymadın?
Kimlərinsə tərif yazmasına mane olmayanda demokratiya prinsipini əsas gətirirsən, söz azadlığını əsas gətirirsən. Bəs eyni şansı tənqid yazmağa niyə tanımırsan? Tənqid yazanlara eyni demokratik münasibət niyə sərgilənmir?