Iyirmi il! Qaniçən ermənilərin Xocalını qırıb-çatmasından 20 il ötür. Kimlərsə Xocalıda vəhşi ermənilərin qırğın törətməsindən yazır, danışırlar. “Xocalıda qırğın”la, “Xocalını qırıb-çatmaq” ayrı-ayrı anlayışlardır: əllərinə keçənə uyğun olaraq, ermənilər Xocalını bütünlüklə qırıb-çatıblar; orda kiməsə aman verilməyib, qaçıb can qurtarmağa yol qoyulmayıb – bu, özünü dünyaya sivil xalq olaraq tanıtmağa çalışan qaniçən, vəhşi, yırtıcı, iyrənc erməni xarakterinin Xocalı görsənişi, Xocalı faktıdır!
Bugünlər mənə ilginc zənglər olur: “Xocalı qırğınını dünyaya sən yaymısanmış…”. Susuram. Aradan 20 il keçib! Mən Xocalı qırğınını iki gün sonra bilib dünyaya yaymışdım. Bunlar bunu 20 il sonra biliblər. Buyurun, tanış olun: bu, bizik! Daha ilginc olanı bizim Xocalı soyqırımından indi soraq tutmağımızdır. Di gəl, bizim bu bilgimiz də bütöv deyil, yarımçıqdır: biz hələ indi “müzakirə” açmağa başlayırıq – “Xocalıda soyqırım olub, olmayıb?” 20 ildir Xocalı yoxdur, 20 ildir ermənilər Xocalını qırıb-çatıb yoxluğa çeviriblər, biz indi “müzakirə” açmağa, soruşmağa başlamışıq: “Xocalıda soyqırım olub, olmayıb?” Məndən soruşmayın: mən bu oyuna qatılmıram!
O çağlar Şuşaya üç günlüyə komandirovkaya getmişdim, on gün qaldım. Qayıtmaq istəmirdim – gördüklərimə, bildiklərimə görə. Taqım komandiri Tofiq Oğuzla gecələr postlara yaraq-sursat, ərzaq aparırdıq. Yollar qorxulu olduğundan Tofiq bəy mənim onlarla getməyimi istəmirdi, özümü onlardan artıq bilmədiyimdən gedirdim. Gecənin qaranlığında, erməni gülləsindən qorunmaq üçün maşının işığını yandırmadan qar basmış yollarla uçurumlar üzərindən keçib gedirdik. Sürücünün azacıq yanlışı bizi uçurumun dibinə aparardı. Gecənin qaranlığında, qar işığında getdiyimiz, gəzdiyimiz o postlar, oralarda gördüklərim indi də ürəyimi isidir. O postlarda, qalın qar içində yüngül geyimli, ayağına qaloş geymiş yeniyetmələr də vardı. Onlardan birini qucaqlayıb soruşdum: “Belə yüngül geyimdə, qaloşda üşümürsən?” Yekə-yekə dilləndi: “Üşümək nədi? Torpağımızı qoruyuruq!” Bax, belə. Bütün bunlara görə onları orda qoyub Bakıya qayıtmaq mənə ağır gəlirdi.
Düşmən döyüşçülərinin, bandit birləşmələrinin arxasında onları isti geyimlə, isti yeməklə donatan, onlara savaş-terror taktikasını mənimsədən erməni dövləti, bir sıra yaxın-uzaq dövlətlər dururdu. Öz ölkəsində torpağını qorumağa qalxan Azərbaycan könüllülərinə arxa duran dövlət, hökumət yox idi. Ermənilər iki gün idi Xocalını qırmışdılar… Bakıda bunu bilmirdilər. Bakı bir yana, bunu “Qarabağ üzrə səlahiyyətli nümayəndə” adı ilə Ağdamdakı bəlli “Qonaq evi”ndə gecə-gündüz eyş-işrət məclisi quranlar da bilmirdilər. Onların hansı tapşırıqları yerinə yetirdikləri sonralar bilinəcəkdi…
Şuşada bizimkilər ermənilərin ratsiya ilə danışıqlarını tutmuşdular. Onlar Xocalıda sağ ələ keçirdikləri qız-gəlinləri postlardakı ermənilər arasında bölüşdürmələrindən danışmışdılar.
Ermənilər sağ ələ keçirdikləri oğlanları aparıb erməni qəbirlərinin üstündə “qurban” kəsmişdilər. Bütün bu sağ ələ keçirilənlər bizdə hələ də itkin sayılır, ermənilərin Xocalıda 613 adamı öldürdüyündən danışılır. Aradan 20 il keçib!
Xocalı soyqırımının başında durmuş Seyran Ohanyan (müdafiə naziri), Robert Köçəryan (keçmiş prezident), Serj Sərkisyan (indiki prezident) hələ də kef içində yaşamaqdadırlar. ANTIMILLI YAP hakimiyyətinin başçıları bu terrorbaşı prezidentlərlə 18 ildən bəri deyib-gülə-gülə barış danışıqları adında bitməz bir tamaşa sərgiləməkdədirlər. Onların DIN, KQB-MTN adlı qurumları gecə-gündüz müxalifəti güdməkdədir. O biri yandansa işdə maraqlı dövlətlərin tapşırığı, yardımları ilə qaniçən bir kütlə ilə Azərbaycan xalqını barışdırmaq siyasəti yürüdülür.
Onda iki gün idi, indi iyirmi ildi ermənilərin törətdiyi Xocalı soyqırımı dünyadan “gizlədilir”. Bir dövlətin görəcəyi iş bir Qənirəyə tapşırılanda yalnız belə ola bilər.